Azərbaycan dünyada söz sahibinə çevrilib - Mais Səfərli Siyasət

Azərbaycan dünyada söz sahibinə çevrilib - Mais Səfərli

Müstəqillik illəri ərzində bütün çətinliklərə və tarixi sınaqlara sinə gərən Azərbaycan uğurlu inkişafına görə nəinki regionun, həmçinin dünyanın güclü dövlətləri sırasına gəlib çıxıb.

Bunu Xalqcebhesi.az-a Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli bildirib.

Partiya sədri qeyd edib ki, ölkəmizin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə reallaşan bir çox nəhəng transmilli neft- qaz, nəqliyyat, logistika, telekommunikasiya layihələri dövlətimizi dünyada söz sahibinə çevirib: "Hazırda böyük coğrafiyanı əhatə edən regionumuzda heç bir iqtisadi, sosial layihə Azərbaycanın razılığı olmadan baş tuta bilməz. Bu günlərdə yayılan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədi də dövlətmizin inkişaf strategiyasının düzgün olduğunu, bunun vətəndaşlarımızın rifahının yüksəldilməsində və ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində rolunu bir daha sübut edir".

Bildiyiniz kimi, dünyanın aparıcı beynəlxalq təşkilatı olan BMT hər il davamlı inkişafın tendensiyalarını müəyyən etmək, dünyanın ümumi inkişafına xidmət edəcək proqramlar hazırlamaq üçün xüsusi hesabat hazırlayır. Bu ilki hesabat 166 ölkəni əhatə edir: "Nüfuzlu qurumun artıq ictimailəşdirdiyi sənəddə göstərildiyi kimi, ölkəmiz davamlı inkişaf məqsədləri indeksinə görə regionumuzun lideridir. Hesabatda 54-cü yerdə qərarlaşan Azərbaycan bütün qonşularını geridə qoyub. Diqqət yetirin, sənəddə Rusiya Federasiyası 57-ci, Gürcüstan 58-ci, Iran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə isə 70-ci yerdədir. Ermənistan və Türkmənistan isə qətiyyən bizimlə müqayisə olunmayan mövqedədirlər".

M.Səfərlinin fikrincə, qeyd etmək yerinə düşərdi ki, bu və ya digər ölkənin inkişaf indeksi müəyyəşdirilərkən onun əhalisinin yaşayış səviyyəsi, rifah göstəriciləri, yoxsulluğun həddi, səhiyyənin vəziyyəti, qidalanma, təmiz su,təmiz enerji faktorları, səhər həyatının ahəngdarlığı, düzgün təşkili, icmalar,sülh və ədalət amilləri və güclü vətəndaş institutlarının mövcudluğu əsas götürülür: "Əlbəttə ki, müharibə şəraitində yaşayan, 1 milyondan çox qaçqını -köçkünü olan ölkəmiz üçün davamlı və dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nəticələr asan başa gəlməmişdir. Bütün bunlar Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadi, sosial infrastrukturun formalaşdırılması, iqtisadiyyatın sürətli inkişafına və rəqabətliliyinin yüksəldilməsini təmin edən proqramların uğurla həyata keçirilməsidir".

Ölkəmizdə reallaşan sosial siyasət də hər zaman beynəlxalq təşkilatların o cümlədən BMT-nin diqqətini cəlb edib. Böyük sosial layihələrin uğurla icra olunması,ölkə əhalisinin yaşayış səviyyəsinin artmasına, yoxsulluğun aradan qaldırılmasına, səhiyyə sisteminin imkanlarının genişləndirilməsi və müasirləşməsinə və s. problemlərin həllinə mühüm təsir göstərib: "Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın da rolu çox böyükdür. Koronavirusla mübarizədə uğurlu nəticələr və təcrübə əldə etmiş Azərbaycan bu gün bu qlobal bəla ilə mücadilədə dünya birliyinin həmrəyliyinin formalaşmasında, beynəlxalq təşkilatların səylərinin birləşdirilməsində böyük rol oynayan, qlobal gündəliyin müəyyən edilməsi və gerçəkləşməsində əhəmiyyətli rola malik dövlətə çevrilmişdir".

Cavid