Ermənistanın hərbi təxribatlarına etiraz olaraq Vyana şəhərində aksiya keçirilib - VİDEO Siyasət

Ermənistanın hərbi təxribatlarına etiraz olaraq Vyana şəhərində aksiya keçirilib - VİDEO

İyulun 18-də Vyana şəhərinin mərkəzində, Dövlət Operasının qarşısında Ermənistan silahlı qüvvələrinin ötən günlərdə Azərbaycana qarşı törətdiyi təxribatlara etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) təşkilatçılığı ilə keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları "Ermənistanın işğalına son qoyulsun!", "Ermənistan BMT qətnamələrini icra etməlidir!", "Biz yalnız beynəlxalq hüquqla bizim olan torpaqları geri istəyirik!", "Qarabağ Azərbaycandır!" şüarları səsləndiriblər. Aksiya Azərbaycanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiyada çıxış edən Azeri-DER-in sədri Yardım Günəş bildirib ki, ermənilər zaman-zaman Azərbaycan torpaqlarını ələ keçirmək üçün fitnə-fəsadlara əl atıblar, günahsız insanlara qarşı soyqırımları törədiblər, əzəli Azərbaycan torpaqlarını işğal ediblər. Son günlərdə Tovuz istiqamətində baş verən təxribatlar da Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir. Dünya ictimaiyyəti Ermənistanın bu əməllərini qətiyyətlə pisləməli, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından geri çəkilməsini tələb etməlidir.

Sonra aksiya iştirakçıları adından bəyanat səsləndirilib. Bəyanatda iyulun 12-dən Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatları pislənilib. Qeyd edilib ki, Azərbaycan torpaqlarına göz dikən Ermənistan ordusu bu hücumlarla təkcə hərbi mövqeləri deyil, eyni zamanda, mülki yaşayış məntəqələrini də hədəfə alıb. Bəyanatda beynəlxalq təşkilatlar, xüsusilə də baş katibliyi Vyanada yerləşən ATƏT baş verən hadisələrə seyrçi qalmamağa və işğalçı Ermənistana təzyiq göstərməyə çağırılıb. Bildirilib ki, Ermənistan regionda sülh üçün təhlükə amilidir və regionda sülh yalnız rəsmi Yerevanın işğalçı siyasətindən imtina etməsindən sonra bərqərar ola bilər.

Aksiya iştirakçıları yerli sakinləri və mətbuat nümayəndələrini son günlərdə baş verən hadisələr və ümumiyyətlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyət barədə məlumatlandırıblar.