“Prezidentlərin yüksək səviyyəli görüşlərinin keçirilməsi son dərəcə vacibdir” Siyasət

“Prezidentlərin yüksək səviyyəli görüşlərinin keçirilməsi son dərəcə vacibdir”

Malena Mard: "Gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır"

"Prezident İlham Əliyevin əfv sərəncamını yüksək qiymətləndiririk və hesab edirəm ki, bu addım hökumətlə vətəndaş cəmiyyətinin dialoq qurmasına kömək edəcək". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Malena Mard jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirərkən deyib.
Səfir bildirib ki, təmsil etdiyi qurum artıq sərəncamı alqışlayan bəyanat yayıb. Onun sözlərinə görə, bu addım yüksək qiymətləndirilir: "Təbii ki, biz dövlətin bu addımını alqışlayırıq. Söhbət vətəndaş cəmiyyətindən gedir. Mən belə hesab edirəm ki, bu addım hökumət ilə vətəndaş cəmiyyətinin dialoq qurmasına kömək edəcək. Nəzərə alsaq ki, Azərbaycan Avropa Şurasının Nazirlər Kobinetinə sədrlik edir, kökumətin vətəndaş cəmiyyəti ilə danışıqlar aparması hər bir cəmiyyət üçün vacibdir".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi "Cənub" Qaz Dəhlizi ilə bağlı da danışıb. O deyib ki, hazırda Türkmənistanın "Cənub" Qaz Dəhlizinə qoşulması istiqamətində danışıqlar gedir: "Biz bu layihədə birgə işləməkdə maraqlıyıq. Bunun üçün də prosesi addım-addım izləyirik. Üumiyyətlə isə Avropa Komisiyyasının Cənub Qaz dəhliznə xüsusi marağı var".
Avropa İttifaqının nümayəndəsi həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi planlaşdırılan görüşünə də münasibətini açıqlayıb. O bu görüşün vacibliyini vurğulayıb: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşü müsbət addımdır. Bu kimi yüksəksəviyyəli görüşlərin keçirilməsi son dərəcə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır".
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.