Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi əslində bütün türk dünyası üçün örnəkdir Siyasət

Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi əslində bütün türk dünyası üçün örnəkdir

Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən açıq şəkildə mövqeyini ortaya qoyması əslində bütün türk dünyasına örnək və çox önəmli mesajdır.

Bunu açıqlamasında türkiyəli jurnalist, siyasi ekspert Kənan Yasan deyib.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi mesaj həm də onun göstəricisidir ki, eyni dili danışan, ortaq tarix və mədəniyyətə sahib olan türk dünyası artıq həmrəylik nümayiş etdirə bilir.

K.Yasanın sözlərinə görə, Prezident İlham Əliyevin açıqlaması bir daha sübut edir ki, türkdilli dövlətlərin əməkdaşlığı sadəcə tarixi-mədəni əlaqələrlə məhdudlaşmamalı, eyni zamanda onlar ortaq strategiyaya sahib olmalıdırlar.

O hesab edir ki, məhz bu çıxışdan sonra bütün türkdilli ölkələr birləşməli, bir-birinə maksimum dəstək verməlidir.

Ekspert qeyd edib ki, Türkiyə və Azərbaycan sözdə deyil, əməldə də eyni qəlbə, düşüncəyə sahib bir millət, iki dövlətdir və bu Türkiyə dövləti və xalqı üçün çox qürurvericidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin isə Türkiyəyə açıq şəkildə dəstəyi Türkiyə xalqını qürurlandırdı:

“Prezident İlham Əliyev Yunanıstan səfirini qəbul edərkən heç bir tərəddüd etmədən, açıq və aydın şəkildə dahi bir lider, dövlət xadimi və Türkiyəyə qardaş dövlət başçısı kimi öz mövqeyini və qardaş Azərbaycan xalqının mövqeyini açıqladı. Buna görə Türkiyə xalqı olaraq Prezident İlham Əliyevə təşəkkür edirik.

K.Yasan əlavə edib ki, türkdilli dövlətlər bir olduqca, vahid mövqedən çıxış etdikcə bütün problemlərin öhdəsindən asanlıqla gələ bilərlər.