“Ceyms Uorlikin fikirlərinin heç bir xüsusi çəkisi olmur” Siyasət

“Ceyms Uorlikin fikirlərinin heç bir xüsusi çəkisi olmur”

Elman Nəsirov: " O, ilk növbədə işğala son qoyulması məsələsinə diqqəti cəlb etməlidir"

"Prezidentlər hər dəfə görüşmək imkanı əldə etdikləri zaman öz mövqelərinə aydınlıq gətirə və Parisdə olduğu kimi, əsas məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldıra bilərlər". Bunu "Report.az" saytına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin oktyabr ayının 27-də Parisdə keçirilən görüşünü şərh edərkən bildirib.
"Mən şadam ki, hər iki prezident münaqişəni sülh yolu ilə həll etmək istəyir. Onlar açıq şəkildə bildiriblər ki, sülhün əldə olunmasının vaxtı çatıb, azərbaycanlılar və ermənilər arasında düşmənçilik əməkdaşlıqla əvəz olunmalıdır" - deyə, həmsədr qeyd edib.
O vurğulayıb ki, prezidentlərin görüşü təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşməsinə səbəb olur. "Fransa prezidenti Fransua Olland böyük sülh müqaviləsinin tərtib edilməsinə başlamağı təklif edib. Mən ümidvaram ki, tərəflər bu addıma ciddi yanaşacaqlar. O, həmçinin sülhün əldə olunması üçün zəmin yaradacaq qarşılıqlı etimadın (inamın) gücləndirilməsi ilə bağlı tədbir görməyi təklif edib" - deyə, Uorlik vurğulayıb. Amerikalı həmsədr münaqişə tərəflərini etimadın gücləndirilməsini təmin edəcək tədbirləri görməyə çağırıb. O, prezidentlərin BQXK-nın dəstəyi ilə münaqişə nəticəsində itkin düşən şəxslər haqqında məlumat mübadiləsi haqqında razılıqlarını alqışlayıb.
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistan arasında düşmənçilik yox, əməkdaşlığın vacibliyi ilə bağlı fikri özü-özlüyündə pozitiv fikir olsa da, onun həyata keçirilməsi üçün münbit şərait olmalıdır. Politoloq bildirib ki, Ceyms Uorlik ilk növbədə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması məsələsinə diqqəti cəlb etməli və ölkəsinin buna nail olmasına çalışmalıdır: "Məgər Azərbaycan Ermənistanla əbədi konfrontasiya vəziyyətini dəstəkləyir? Xeyr. Ancaq, Azərbaycanın konkret mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo dəyişməlidir. Yəni, əvvəlcə Azərbaycanın işğal olunmuş yeddi rayonu geri qaytarılmalı, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıtmalı, ərazilərimiz minalardan təmizlənməli, bölgəyə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməli və komunikasiyalar bərpa edilməlidir. Yenilənmiş Madrid prinsiplərinin qayəsini də bu məsələlər təşkil edir. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər gündəmə gətirilə bilər. Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra yeni situasiya yaranır. Yeni şəraitdən çıxış edərək Azərbaycan-Ermənistan münasibətləri formalaşmağa başlayır. Bu formalaşma prosesində istisna deyil ki, əməkdaşlıq mühiti yaranacaq. Müəyyən mənada təmaslar da ola bilər. Azərbaycanın təşəbbüskar olduğu layihələrdə Ermənistanın iştirakı məsələsinə də baxıla bilər. Ermənistan işğala son qoyduqdan sonra əməkdaşlıq mühitinin formalaşması üçün şərait yarana bilər. Bunun olmayacağı təqdirdə Ceyms Uorlikin fikirlərinin heç bir xüsusi çəkisi olmur. Yəni Ceyms Uorlik ilk növbədə işğala son qoyulması məsələsinə diqqəti cəlb etməli və ölkəsinin buna nail olmasına çalışmalıdır. İşğala son qoyulduqdan sonra onun fikirləri kifayət qədər aktual səslənə bilər. Bu məsələlər həllini tapmadan əməkdaşlıqdan danışmağın heç bir real əsası yoxdur".
Elman Nəsirovun sözlərinə görə, bir çox hallarda Ceyms Uorlikin yanaşmalarının Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasının günahkarı onun özüdür: "Bəzən onun bəyanatlarından belə nəticə çıxır ki, münaqişənin həllində qondarma "Dağlıq Qarabağ Respublikası", erməni icması da tərəf kimi iştirak etməlidir. Sonradan onun fikirlərinin səhv başa düşüldüyünü və ya tərcümənin yanlış edildiyini bildirsə də, bir çox hallarda onun bəyanatları ikimənalı səslənir, real vəziyyətə adekvat olmur və danışıqların ümumi ruhuna uyğun gəlmir. Hesab edirəm ki, diplomatlar fikir söyləyərkən onun reallaşma əmsalını da hesablamalıdırlar. Ola bilər ki, Ceyms Uorlik əməkdaşlığın olmasında çox maraqlıdır. Sadəcə əməkdaşlığa maneə olan məsələlərdən danışmaq lazımdır. O və ölkəsi çalışmalıdır ki, əməkdaşlığa maneə olan faktorları aradan qaldırsınlar. Əməkdaşlığa maneə olan halların aradan qaldırılmasına nail olsa, onun fikirləri həqiqi mənada öz təsdiqini tapa bilər".

Əli