TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb Siyasət

TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb

Türkiyənin nüfuzlu TRT HABER telekanalı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurmanın səbəb və nəticələri ilə bağlı xüsusi proqram yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, görkəmli alimlər Toğrul İsmayılov, Çağrı Erhan və Giray Sadık tanınmış teleaparıcı Bətul Soysal Bozdoğanın qonağı olublar.

Efir qonaqları yaranmış gərginliyi ayrı-ayrı istiqamətlər üzrə təhlil ediblər. Prezident İlham Əliyevin hadisə ilə bağlı Azərbaycan xalqına müraciəti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi, Prezident Administrasiyasının və Müdafiə Nazirliyinin rəsmi məlumatları, təcavüzkar tərəfin hücumlarının səbəb və məqsədləri, düşmənin mülki əhalini atəşə tutması, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi, dünya ictimaiyyətinin münaqişənin qızışmasına münasibəti və digər mühüm məsələlər barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu diqqətə çatdıran səfir Hulusi Kılıç bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Ermənistanın işğalçılıq siyasətinə son verilməsi üçün tarixi imkan yaradıb.

Xəritə üzərində tamaşaçılara yaranmış vəziyyət barədə müfəssəl məlumat verən Toğrul İsmayılov əminliklə qeyd edib ki, Azərbaycan ordusu böyük zəfər qazanmağa qadirdir.

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə haqqı olduğunu beynəlxalq hüquqla əsaslandıran Çağrı Erhan diqqətə çatdırıb ki, bütün proses konvensiyalara söykənir.

Giray Sadık müqayisəli şəkildə Azərbaycanın bölgədəki üstünlüklərindən bəhs edib.

Azərbaycan-Türkiyə qardaşlığının xalqlarımızın mənəvi sifarişi kimi dəyərləndirən çıxışçılar tarixin ayrı-ayrı dövrlərində göstərilən təmənnasız qardaşlıq yardımlarını örnək kimi göstəriblər. Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı məntiqi mülahizələrlə təhlil olunub.