Bakı-Tiflis-Qars layihəsi nə üçün gecikir? Siyasət

Bakı-Tiflis-Qars layihəsi nə üçün gecikir?

Tofiq Abbasov: "Vaxt itkisinə gətirən səbələrin bir qismi Gürcüstan ərazisinə, digərləri isə Türkiyə ərazisində olan çətinliklərlə müneələrdir"

Ərəstun Baxşəliyev: "Ləngimələr daha çox da Gürcüstan ərazisində hiss olundu"

Elçin Xalidbəyli: "İndiki mərhələdə Bakı-Tiflis-Qars layihəsinin qarşısında siyasi-strateji faktorların əngəl rolunu oynaya biləcəyi daha inandırıcıdır"

Rusiya ilə Abxaziya arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması regionda yeni situasiya yarada bilər. Gürcüstanın etirazlarına baxmayaraq Moskva Abxaziya ilə müqavilə imzaladı. Həmin müqavilədən sonra Abxaziya dəmiryolu ilə bağlı məsələ yenidən gündəmə gəldi. Ermənistan üçün son dərəcə böyük əhəmiyyət kəsb edən həmin dəmiryolu uzun illərdir ki, fəaliyyətsiz qalıb. Ermənistan bu dəmiryolu vasitəsilə xaricə çıxış imkanı qazana bilər. Belə ki, həmin dəmiryolunun işə düşməsindən sonra Ermənistandan yüklər Gürcüstandan keçməklə Rusiya bazarına çıxa bilər. Amma Abxaziya və Cənubi Osetiya separatizmi ilə bağlı bu dəmiryolu xətti istifadəsiz qalaraq yararsız hala düşüb. İndi Rusiyanın Abxaziya ilə müqavilə imzalamasından sonra ermənilər yenidən ümidləniblər. Amma Abxaziyanın statusu ilə bağlı Rusiya ilə Gürcüstan arasındakı ziddiyyət ermənilərin ümidini qursaqlarında saxlayır. Elə Abxaziya ilə Rusiya arasında müqavilə imzalanmasından sonra Gürcüstanın dövlət başçısı bildirdi ki, bu məsələ ilə bağlı rəsmi Tiflisin bir sıra tələbləri var. Gürcüstan dövlət başçısı qeyd etmişdi ki, rəsmi Tiflisin razılığı olmadan imzalanan bu müqavilə işğal faktıdır.
Regiondakı siyasi vəziyyət Abxaziya dəmiryolunun işə salınması şanslarını heçə endirir. Gürcüstanın separatçı rejimlərə münasibəti bu layihəni elə kağız üzərinə saxlayır: "Uzun illərdir istifadəsiz qalan dəmiryolu yararsız hala düşüb. Həmin dəmiryolunu bərpa etmək üçün çoxlu investisiya yatırılmalıdır ki, bunu kimsə üzərinə götürməyəcək. Bu layihəni heçə endirən başqa bir məsələ regionda çox böyük dəmiryolu layihəsi olan Bakı-Tiflis-Qars dəmiryolunun inşa edilməsidir. Bu layihənin Ermənistan üçün da mühüm təsirləri var. Layihə Ermənistanın dəmiryolu əlaqəsini blokadaya almış olur. Amma digər tərəfdən Cavaxetiya ərazisindən keçdiyi üçün orada yaşayan ermənilərin iqtisadi vəziyyətinə müsbət təsir göstərməsi də istisna deyil. Abxaziya dəmiryolunun işə düşməsi Ermənistanın Gürcüstan, oradan da Rusiya ilə əlaqəsinin yaranması deməkdir. İranın da bu layihəyə qoşulması yeni dəmiryolu əlaqəsi yarada bilər. Amma bir neçə gün əvvəl belə bir informasiya yayılıb ki, Rusiya Azərbaycandan keçməklə dəmiryolunu İran dəmiryolları ilə birləşdirmək qərarına gəlib. Deməli, Ermənistanın da daxil olduğu dəmiryolu layihəsi reallaşmayacaq. Rusiya bu dəfə də Ermənistanı bir kənara qoyaraq İranla "dəmir əlaqə"ni Azərbaycan vasitəsilə yaradır. Abxaziya dəmiryolu layihəsi ilə İran-Azərbaycan dəmiryolu layihəsi bir-birinə zidd olduğu üçün ikisinin də eyni vaxta fəaliyyət göstərməsi mümkün deyil. Belə görünür ki, Moskva yeni diplomatik oyuna başlayıb və Cənubi Qafqaz çox qeyri-stabil dövrə qədəm qoyub. Ermənistan hər şeyi ölüb-biçib addım atmalı, regionda təmsil olunub-olunmayacağına qərar verməli, regional siyasət üçün konsepsiya hazırlamalıdır. Təəssüf ki, Ermənistanın dəqiq mövqeyi, konsepsiyası olmadığı üçün regional oyunlardan kənarda qalır. Ermənistan bir dövlət kimi nə istədiyini bilmir, siyasətçilərimizi ancaq hakimiyyətləri və biznesləri üçün təminat maraqlandırır".
"Ruskiy monitor" isə yazır ki, Abxaziya-Tiflis-İrəvan dəmiryol proyektinin əsas əleyhdarı Bakıdır:
"Hazırda İrəvan az qala bütün dünyadan təcrid olunub. Ona görə də Ermənistan dəmir yolunun həyata keçirilməsi üçün hər şey edir. İrəvan hətta bunun üçün Gürcüstanda keçmiş baş nazir Bidzina İvanaşvilinin simasında özünə dəstək tapıb. Hətta bir müddət öncə buna görə Tiflisdə böyük skandal da yaşanmışdı. Amma layihənin reallaşmasına iki məqam mane olur: Birincisi, dəmir yolunun açılması Gürcüstanın Abxaziyanın müstəqilliyini tanıması deməkdir, bu isə çətin məsələdir. İkincisi isə Bakı-Tiflis-Qars dəmir yolu bu layihənin alternatividir. Gürcüstan razılaşacağı təqdirdə Azərbaycanla münasibətləri pozula bilər".
Bəs, Bakı-Tiflis-Qars layihəsi nə üçün gecikir? Bu qədər strateji əhəmiyyət daşıyan layihənin gerçəkləşməsinə mane olan amillər hansılardır?
Politoloq Tofiq Abbasov diqqətə çatdırdı ki, Bu problemlə bağlı tam aydın olan budur ki, Azərbaycan tərəfi üzərində olan öhdəliklərin hamısını yerinə yetirib, neçə ki söz vermişdi: "Vaxt itkisinə gətirən səbələrin bir qismi Gürcüstan ərazisinə, digərləri isə Türkiyə ərazisində olan çətinliklərlə müneələrdir. Maraqlıdır ki, hər iki tərəfdaş, demək olar sinxron şəkildə problemlərin olmasını açıqladı. İnanmıram ki, iki Azərbaycana yaxın olan tərəfdaş bu məsələni süründürmək niyyəti ilə ortaya çıxarıb. Lakin istisna etmək də olmaz ki, bu ölkələrdə qərar tutmuş bədxah və ya da düşmən qüvvələrin sabotaj səyləri öz bəhrəsini verir. İcraçı strukturların nümayəndələri isə bu fonda bəyan edirlər ki, partnyorlar bir qədər gec də olsa, üzərlərinə düşən öhdəliklərin hamısını yerinə yetirib bu vacib arteriyanın istifadəyə verilməsinə layiqili paylarını verəcəklər. Hər halda bu layihə Azərbaycanın təşəbbüsü ilə reallaşır və qitələr arasında ən qısa və yüksək dəyəri olan dəmir yolu olacaq. Onun imkanlarından təkcə 3 icraçı dövlət deyil, başqa məmləkətlərin daşıma pperatorları, müsafirləri yararlanacaqlar. Bakı-Tbilisi-Qars xətti Xəzər-Qara dəniz bölgəsinin dünya iqtisadi sisteminə inteqrasiyasında çox vacib rol oynayacaq ki, bu da Azərbaycana və digər iştrakçılara böyük mənfəət vəd edir...".
Politoloq Ərəstun Baxşəliyev dedi ki, bu müəyyən texniki səbəblər ilə bağlı ola bilər: "Ancaq layihənin ləngidilməsi heç bir dövlətin maraq dairəsində deyil. Yəqin ki layihə tezliklə başa çatdırılacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da səsləndirdiyi fikir deməyə əsas verir ki layihə bu ilin sonlarında artıq təhvil veriləcək. Azərbaycana nisbətdə Gürcüstan və Turkiyənin relyef quruluşu o qədər də əlverişli deyil. O səbəbdəndir ki, bu layihədə müəyyən ləngimələr meydana gəldi. Bu daha çox da Gürcüstan ərazisində hiss olundu. Ancaq bütün bunlara rəğmən işlər uğurla davam etdirilir. Aldığım bilgilərə görə artıq bu layihənin nəticəsi olaraq mövcud yükdaşımalar ilə də bağlı müəyyən bir ortaq məxrəcə gəlinib".
Politoloq Elçin Xalidbəyli vurğuladı ki, Bakı-Tiflis-Qars layihəsinin gecikmə ehtimalı elə əvvəlcədən istisna edilmirdi: "Belə ki, bu ehtimalları arqumentləşdirən faktorların sırasında həm maliyyə-iqtisadi, həm də siyasi-strateji amillər yer alırdı. İndiki mərhələdə Bakı-Tiflis-Qars layihəsinin qarşısında siyasi-strateji faktorların əngəl rolunu oynaya biləcəyi daha inandırıcıdır. Hər halda bu layihənin reallaşdırılmasından məmnun olmayacağını biruzə verən beynəlxalq siyasi iradə mərkəzləri olmamış deyil. Digər tərəfdən, layihənin müəllifləri də müvəqqəti müşahidə mövqeyinə keçmiş ola bilərlər. Belə ki, həm beynəlxalq siyasət poliqonunda, həm də Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər daha ehtiyatlı davranmağa ehtiyac yaradır. Ola bilsin ki, Bakı-Tiflis-Qars layihəsinin müəllifləri də indiki mərhələdə daha çox mövcud riskləri nəzərə almağa üstünlük verirlər. Ancaq bu layihənin reallaşdırılmasının uzun müddət təxirə salınacağı da qətiyyən inandırıcı deyil. Çünki bu layihə onun müəllifləri üçün strateji əhəmiyyət daşıyır".
Onu da qeyd edək ki, bir neçə gün öncə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Türkiyə ərazisində işlərin yubanması haqqında informasiya ilə bağlə sualı cavablandırarkən deyib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin yaradılması layihəsi çərçivəsində Türkiyə ərazisində işlər vaxtında tamamlanacaq. Onun sözlərinə görə, bu söhbətlər layihə reallaşdırılmağa başlayandan var: "Demək istərdim ki, Türkiyədə işlər davam edir və vaxtına tamamlanacaq". M.Pənahov qeyd edib ki, bu ilin dekabrında Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işçi qatarın işə salınması planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Əli