“Həmsədrlərin niyə bu qədər ehtiyatlı davranmalarından məlumatsızam” Siyasət

“Həmsədrlərin niyə bu qədər ehtiyatlı davranmalarından məlumatsızam”

Fransanın Azərbaycandakı səfiri: "Sadəcə deyə bilərəm ki, həmsədrlər arasında əlaqə çox yaxşı səviyyədədir"

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin mətbuatla çox şeyi bölüşməməsi onların işləmədiyi anlamına gəlmir". Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye həmsədrlərin bölgəyə səfərləri və bir sıra məsələlərlə bağlı məlumatların mətbuatdan gizli saxlanmasının səbəbləri barədə APA-nın sualına cavab verərkən deyib.
Səfir qeyd edib ki, həmsədrlər çox ciddi şəkildə işləyir, münaqişə tərəfləri arasında dialoqun bərpası, danışıqların sürətlənməsi üçün əllərindən gələni əsirgəmirlər.
"Mən danışıqlar prosesini izləyirəm və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün yeniliklərdən xəbərim olur. Lakin mən sülh danışıqları ilə bağlı vəzifə daşımıram. Həmsədrlərin planlarından, niyə bu qədər ehtiyatlı davranmalarından məlumatsızam. Bölgəyə növbəti səfərin də nə vaxt təşkil olunacağını bilmirəm. Sadəcə deyə bilərəm ki, həmsədrlər arasında əlaqə çox yaxşı səviyyədədir, Azərbaycan və Ermənistan hökumətləri ilə davamlı təmasdadırlar. Münaqişənin həllində ünsiyyətin qorunması böyük əhəmiyyət daşıyır. Əgər bu ünsiyyəti pozsaq, onda indiyə qədər nail olduğumuz bütün irəliləyişləri itirərik. Lakin mən əminəm ki, həmsədrlərin və tərəflərin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dialoqun və davamlı təmasın bərpasında nail olacağıq", – deyə P. Mönye bildirib.
Fransalı həmsədr Pyer Andryunun mətbuatda az-az görünməsi barədə sualı da şərh edən səfir qeyd edib ki, P. Andryu danışıqlarda yetərincə fəaldır, lakin o, adətən birgə bəyanatların qəbulunda iştirak edir: "Mən onu həvəsləndirərəm ki, mətbuatla daha sıx işləsin".
O həmçinin əlavə edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq hazırda Azərbaycan və Ermənistan arasındakı dialoqu bərpa etməyə çalışır: "Təəssüf ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında yenidən gərginlik başladı və bu gərginlik hələ də davam edir. Biz sülhün tərəfdarıyıq. Çünki sülh çiçəklənməyə səbəb olur. Neftin sürətlə ucuzlaşması, rublun kursunun düşməsi də göstərir ki, gərginlik iqtisadiyyatın sabit inkişafına xidmət etmir. Bu bölgədə də sülh və sabitliyin bərqərar olmasının tərəfdarıyıq".
Diplomat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında dialoqun bərpa olunması sülh prosesini daha da sürətləndirəcək.
Yeri gəlmişkən, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Trayan Xristea bildirib ki, ittifaq Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar formatında həlli prosesini dəstəkləyir: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar formatına əsaslanan sülh yolu ilə həllini dəstəkləyib və bu mövqe davam edir".