Milli Məclisdə Ukrayna dartışması Siyasət

Milli Məclisdə Ukrayna dartışması

Oqtay Əsədov: "Azərbaycanın mövqeyi var, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"

Ötən gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ, o cümlədən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatının dinlənilməsi daxil edilib. İclası açıq elan edən spiker Oqtay Əsədov cari məsələlərin müzakirəsinə keçməzdən öncə deputatlara xəbərdarlıq ünvanladı.
Parlamentin sədri millət vəkillərini Milli Məclisin iclasını polemikalar meydanına çevirməməyə çağırıb: "Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil".
Deputat Fərəc Quliyev Ukraynada baş verənlərə toxunub. O deyib ki, Krımda baş verənlər bir işğaldır: "Mən təklif edirəm ki, Azərbaycan-Ukrayna və Azərbaycan-Rusiya deputat dostluq qrupları hər iki ölkəyə getsin. Biz barışdırıcı missiya göndərə, öz iradəmizi ortaya qoya bilərik. Biz seyrçi qalsaq gələcəkdə Ukrayna da Qarabağ məsələsində seyrçi qala bilər. Artıq Türkiyə də müəyyən addımlar atmağa başlayıb".
Amma spiker deputatın təklifilə razılaşmayıb: "Azərbaycanın mövqeyi var, biz bütün dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Ukraynadakı dostluq qrupunda kimin qalıb qalmamasından xəbərim yoxdur. Siz də bilirsiniz ki, ukraynalılar və ruslar dost xalqlardır. Onlar öz aralarında bu problemi həll edə bilərlər. 300 mindən çox azərbaycanlı Ukraynada, 2 milyondan çox azərbaycanlı Rusiyada yaşayır. Biz hər bir dövlətin ərazi bütövlüyünü dəstəkləyirik. Onlar öz problemlərini həll etməmiş biz deyirik ki, ora qrup göndərək. Bir qədər ehtiyatlı olun, səbriniz olsun".
Amma daha sonra çıxış edən deputat Etibar Hüseynov da birbaşa Ukrayna mövzusuna keçib: "Ukraynada Azərbaycan səfirliyi var, diplomatlarımız "Maydan"da cərəyan edən hadisələrə nəzarət etməlidirlər. Azərbaycan bayrağı orada qaldırılmamalıdır. Hesab edirəm ki, qanunda dəyişiklik edilməlidir ki, bayrağı hər kəs hər yerdə nümayiş etdirməsin. Məsələn, bu yaxınlarda Azərbaycanda cinsi azlığın bir nümayəndəsi intihar etdi. Türkiyədə bununla bağlı aksiya edib Azərbaycan bayrağını qaldırdılar".
Oqtay Əsədov isə millət vəkilinə çox sərt cavab verib: "Ay Etibar müəllim, elə bil tormozunuz yoxdur. İndicə bildirdim ki, Ukrayna məsələsinə toxunmayın. Səfirlik adam tutandır?.."
Millət vəkili Musa Quliyev isə Xocalı soyqırımı ilə bağlı görülən işlərən diqqət çəkib: "Görülən işlərin nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti və ABŞ-ın 15 ştatı Xocalı soyqırmını tanıyıb. Deputat Xocalı soyqırımı zamanı yaralananların statusu haqqında təklif verdi, dedi ki, Xocalıda yaralananlar milli münaqişə zəminində yaralanan şəxslər kimi göstərilir. Bu da həm faciənin miqyasını kiçiltmək anlamına gəlib çıxır. Onlar erməni ordusu, o cümlədən sovet ordusunun 366-sı alayı tərəfindən güllələnib. Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin milli münaqişə zamanı deyil, Xocalı soyqırımı zamanı əlil olduqları göstərilməlidir. Mən bununla bağlı baş nazirə müraciət etmişəm və xahiş edirəm millət vəkilləri buna dəstək versin".
Deputat İqbal Ağazadə isə "Sovetski"dən danışıb: "1500 ciddi məbləğdir. Amma burada 15-20 kv.m mənzildə bir neçə nəfərdən ibarət ailələr də yaşayır. 35 min manata Bakıda bir otqalı mənzil almaq mümkün deyil. Ona görə hökumət elə siyasət yürütməlidir ki, vətəndaşlar yaşamaq hüququ ilə təmin olunsun. Dövlət bu barədə düşünməlidir. Onların 2-3 otaqlı mənzillə təmin olunması haqda düşünməldir".
Spiker Oqtay Əsədov onun çıxışına münasibət bildirərək deyib ki, 1-2 günə Nazirlər Kabinetinin iclas olacaq: "Mən biləni Sovetskidən heç kimi məcburi köçürmürlər".
Deputat Asim Mollazadə ABŞ-ın daha bir ştatı İndiana ştatının Xocalı ilə bağlı qətnamə qəbul etməsindən danışıb. Millət vəkili Elmira Axundova mobil telefonlara abunəçinin özünün razılığı olmadan SMS-lərin gəlməsindən, eləcə də internetin sürətindən və qiymətindən narazılığını bildirib: "Prezident İlham Əliyev dəfələrlə internetin qiymətinin aşağı salınması, keyfiyyətinin artırılması ilə bağlı mövqe bildirib. Bunun nəticəsi olaraq ötən illərdə internetin qiymətlərində 40 faiz endirim olub. Amma internet provayderləri bu vəziyyətdən məharətlə çıxış yolu tapırlar. Deyirlər ki, bizdə qiyməti azalması olmasa da, sürət 8 mb artıb. Reallıqda isə sürət çox aşağıdır. Bunun üçün də bir bəhanə tapıblar, deyirlər ki əgər sürət 8-10 mb olsa evlərdə işləməyəcək. Çünki xətlər köhnədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ittihamları rədd edib. Amma yenə də bu sahədə yenilik yoxdur. İnternet istifadəçiləri sürətli internetdən məhrumdurlar. Baxmayaraq ki, istifadəçilər hər ay 25-30 manat pul ödəyir. Ucqar rayonlarda isə internetin sürəti çox aşağıdır. Başqa bir problem isə gün ərzində mobil telefonlara müxtəlif xarakterli SMS-lərin göndərilməsidir. Həmin mesajlar mənasız və bezdiricidir. Gün ərzində müxtəlif firmaları reklam edən mesajlar alıram. Bundan başqa belə mesajlarda insanları aldatmaq, mənasız oyunlara yarışlara cəlb etmək hallları kifayət qədərdir. Ən əsası odur ki, bu mesajları açanda abunəçinin balansından pullar silinir. Nəzərə alsaq ki, bir ailədə beş-altı mobil telefon var. Onda ailə büdcəsinə dəyən ziyanı təsəvvür etmək çətin deyil. Mən müraciət edirəm ki, mobil operatorlar müştərinin razılığı olmadan belə mesajların gəlməsini dayandırsın. RİTN də bunun qarşısını almaq üçün əməli tədbirlər görsün".
Spiker Oqtay Əsədov qeyd edib ki, qaldırılan məsələ ilə razıdır: "İnsanların razılığı olmadan onların telefonuna mesaj göndərmək doğru deyil. Gün ərzində o qədər lazımsız SMS-lər alıram ki...Əli Hüseynli, bəlkə bunun bir qaydasını müəyyənləşdirməyi fikirləşmək lazımdır".