Azərbaycana qarşı sanksiya bəyanatına rəsmi Bakıdan reaksiya Siyasət

Azərbaycana qarşı sanksiya bəyanatına rəsmi Bakıdan reaksiya

XİN rəsmisi: "Konkret dairələrin, o cümlədən erməni diasporunun təsiri və diktəsi altında bəzi fərdi şəxslərin bu kimi qeyri-ciddi və əsassız xəyallarına münasibət bildirmək fikrində deyiləm"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin indiki səviyyəsi, gələcək perspektivləri, qarşılıqlı ittihamlardan danışıb və sanksiyaların tətbiqi ilə bağlı bəyanatlara cavab verib.
O deyib ki, Azərbaycanın ABŞ ilə əlaqələri Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorizm və transmilli hədə və təhdidlərə qarşı mübarizəyə töhfələri, Əfqanıstan əməliyyatına maddi-texniki, tranzit və maliyyə dəstəyi ilə xarakterizə olunur.
2014-cü ilin yalnız birinci doqquz ayında ticarət dövriyyəsinin həcmi 800 mln. ABŞ dollarından artıq olub. Sentyabr ayından etibarən "Azərbaycan Hava Yolları"na mənsub təyyarələr Bakı-Nyu-York marşrutu üzrə birbaşa uçuşlara başlayıb. Bu uçuşlar hava nəqliyyatını asanlaşdırmaqla yanaşı, turizm, humanitar və işgüzar sahələrdə fəallığa sirayət edəcək.
XİN rəsmisi deyib: "ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında nizamlanması istiqamətində səylərini artıracağına və qarşıdan gələn dövrdə daha qətiyyətli addımlar atacağına ümid edirik.
ABŞ tərəfindən Ermənistanın təcavüzü nəticəsində insan hüquqlarının qorunması üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqlarından məhrum olunmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına da diqqət göstərilməsi məqsədəuyğun olardı. H.Hacıyev 2014-cü ildə ikitərəfli münasibətlərdə müəyyən arzuedilməz hallar da müşahidə olunduğunu söyləyib: "Xüsusilə ABŞ-dakı erməni lobbi təşkilatları və digər anti-Azərbaycan ünsürlərin təsir və təzyiqləri, bəzi yerli və beynəlxalq QHT-lərin yaydıqları qərəzli məlumatlar əsasında rəsmi Vaşinqton tərəfindən Azərbaycanla bağlı bəzi ciddi əsası olmayan və birtərəfli bəyanatlar verilib. Bu kimi dairələrin fəaliyyəti ilk növbədə ABŞ-ın öz milli maraqlarına zərbə vurur. Azərbaycanda insan hüquqları qorunması və demokratikləşmə sahəsində davamlı addımlar atılır.
XİN rəsmisi ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı bəyanatlar səsləndirməsinə də münasibət bildirib: "Konkret dairələrin, o cümlədən erməni diasporunun təsiri və diktəsi altında bəzi fərdi şəxslərin bu kimi qeyri-ciddi və əsassız xəyallarına münasibət bildirmək fikrində deyiləm. Beynəlxalq münasibətlərdə sanksiyalar rejimi BMT nizamnaməsi ilə tənzimlənir və sanksiyalar beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə BMT nizamnaməsində nəzərdə tutulmuş müddəaların pozulması hallarına münasibətdə şamil edilir".