“Ermənistanın yaydığı məlumatlar uydurmadır” Siyasət

“Ermənistanın yaydığı məlumatlar uydurmadır”

Vaqif Dərgahlı: "Ermənistan tərəfi təxribat xarakterli bu məlumatlarla yerli və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır "

Aleksandr Xramçixin: "Böyük müharibəsiz Qarabağ münaqişəsinin həlli mümkün deyil"

Rövşən Rzayev: "Biz, antiterror əməliyyatı ilə torpaqlarımızı işğaldan azad edəcəyik"

"Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə növbəti itki verməsi, guya ermənilərin azərbaycanlının meyitinin çıxarılmasına şərait yaratması, eləcə də erməni çobanın Azərbaycan hərbiçiləri tərəfindən öldürülməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatlar tamamilə yalan və uydurmadır. Ermənistan tərəfi təxribat xarakterli bu məlumatlarla yerli və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və bununla bütün həddi-hududu aşır". Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Ermənistan KİV-in yanvarın 11-də Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə atışma zamanı guya itki verməsi barədə yaydıqları məlumatlar tamamilə yalandır və həqiqətə zərrə qədər də yaxın deyil: "Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Azərbaycan Silahlı Qüvvələri nəinki məlumatlarda adıçəkilən istiqamətlərdə, ümumiyyətlə, heç bir itki verməyiblər. Ermənilər öz ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyəti də aldadırdırlar. Əvvəla, onların Azərbaycan tərəfinin diversiyası barədə məlumatları ümumiyyətlə, uydurmadır. İkincisi, Azərbaycan Ordusunun itki verməsi həqiqətəuyğun deyil. Üçüncüsü, özlərini humanist göstərərək guya Azərbaycan hərbçisinin meyitinin götürülməsinə şərait yaratdıqları haqqında car çəkmələri isə artıq bütün hədd-hüdudu aşmaq deməkdir". Vaqif Dərgahlı qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Silahlı Qüvvələrimiz cəbhə boyu bütün əməliyyat şəraitinə tam nəzarət edir: "Dünən gecə atışma olub. Ermənilər bizim kəndlərimizi, mülki əhalini atəşə tutublar. Bizim bölmələrimiz də onlara cavab veriblər".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Facebook səhifəsində bildirib ki, yanvarın 11-də guya Ermənistan Silahlı Qüvvələri beynəlxalq humanitar normalardan çıxış edərək Azərbaycan tərəfinin Tavuş rayonu istiqamətində "diversiya hücumları" zamanı həlak olmuş Azərbaycan "diversantı"nın postlararası ərazidən çıxarılmasına şərait yaradıblar.
Vaqif Dərgahlı erməni həmkarının bu iş metoduna özünəməxsus reaksiya verib: "Ovannisyan deyəsən artıq Facebook səhifəsində müharibə aparır. Ermənilər artıq gerçəkdə bacara bilmədiklərini virtual formada həyata keçirmək istəyirlər. İstədikləri adamı "öldürür", istədikləri adamın da "ərazidən götürülməsinə" icazə verirlər". Polkovnik Ermənistanla sərhəd bölgəsində atışma zamanı erməni çoban Sarkisyanın guya Azərbaycan hərbçiləri tərəfindən atılmış atəş nəticəsində ölməsi məsələsinə də münasibət bildirib: "Əvvəla, o çoban sərhəd bölgəsində nə gəzirdi? Onun orada nə işi vardı? Bu anlaşılmazdır. Sual doğur, Ermənistan silahlı bölmələrinin içində olan çobanı kim vurub? Necə vurulub? Əslində ermənilər özləri ona atəş açıb öldürüb, sonra da bizimkilərin üstünə atırlar. İkincisi, onlar 80 yaşlı çobanın qarşılıqlı atışma zamanı öldüyünü bildirirlər. Belə çıxır ki, ermənilər artıq səngərələrdə durmağa adam tapmır, ahılları cəlb edirlər".
Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycanla sərhəddə atışma zamanı 1935-ci il təvəllüdlü erməni çoban Sarkisyanın guya Azərbaycan hərbçiləri tərəfindən atılmış atəş nəticəsində öldüyünü bildiriblər.
Rusiyalı politoloq Aleksandr Xramçixin deyib ki, Tez, yaxud gec, Qarabağ münaqişəsinin gərginləşməsi real müharibəyə gətirib çıxaracaq. Onun sözlərinə görə, situasiyanın gərginləşməsi ötən ildən açıq şəkildə hiss olunur: "Tez, yaxud gec, gərginləşmə real müharibəyə səbəb olacaq. Böyük müharibəsiz Qarabağ münaqişəsinin həlli mümkün deyil".
Onun fikrincə, bütün oxşar insidentlərə səbəbi öz-özlüyündə Qarabağdakı situasiyadır: "Qeyri-adi heç nə baş vermir, situasiyanın bundan sonra gərginləşməsi tendensiyası da qaçılmazdır".
Millət vəkili Rövşən Rzayev isə "təbii ki, mən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad olunmasını istəyirəm. Və əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə buna nail olacağıq. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasət suveren, güclü Azərbaycan deməkdir. Dövlətçiliyimizin möhkəmlənməsi deməkdir. Azərbaycanın dünya çapında tanınması deməkdir. Ancaq bu, o demək deyil ki, Azərbaycan müharibə tərəfdarıdır",-deyə bildirib: "Bəli, bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Onu da bilmək lazımdır ki, bizim ordumuzun güclənməsi ölkəmizin müdafiəsinə, suverenliyinə xidmət edir. Bu, mühribə üçün deyil. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Artıq Azərbaycanın istehsal etdiyi silahlar dünya səviyyəsində sərgilənir. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar Azərbaycanın özünü müdafiəsi üçündür. Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Bundan sonra da olmayacaq. Azərbaycanın bütün ölkələrələ dostluq, müttəfiqlik siyasəti aparır. Ancaq neyləyək ki, Ermənista bizim torpaqlarımızı işğal edib, bizə düşmənçilik edir". Deputat deyib ki, hazırda Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır: "Şübhə etmirik ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Biz bu məsələdə sülhün alternativini görmürük. Ancaq seperatçılar torpaqlarımızı boşaltmaslar, Azərbaycan antiterror əməliyyatı həyata keçirməklə öz ərazilərini separatçılardan təmizləmək məcburiyyətində qalacaq. Bu, antiterror əməliyyatıdır, müharibə deyil. Biz hansısa dövlətə qarşı heç vaxt müharibə etməyəcəyik. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün beynəlxalq hüquq Azərbaycana imkanı verir ki, öz ərazi bütövlüyünü bərpa etsin. Təbii ki, güclü Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan istifadə etmək hüququnu özündə saxlayır".
Millət vəkili sonda qeyd edib ki, hazırda dünya, super dövlətlər terroçulara qarşı birgə mübarizə aparır: "Həmin terrorçuların bir qismi də Qarabağda gizlənirlər. Hesab edirəm ki, bu məsələ dünyanın diqqətindədir".

Əli