"Şuşa Qlobal Media Forumu Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında mühüm beynəlxalq platformadır" Siyasət

"Şuşa Qlobal Media Forumu Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında mühüm beynəlxalq platformadır"

“Azərbaycan həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, ardıcıl diplomatik fəaliyyəti və dünyanın müxtəlif regionlarını təmsil edən dövlətlərlə qurduğu çoxtərəfli əməkdaşlıq sayəsində regionun lider ölkəsinə, eyni zamanda qlobal proseslərdə sözü və mövqeyi hörmətlə qarşılanan dövlətlərdən birinə çevrilib".

Bu fikirləri xalqcebhesi.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri bildirib.

Onun sözlərinə görə, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb və ölkəmiz qlobal gündəmin əsas aktorlarından birinə çevrilib.

N.Azəri qeyd edib ki, bu uğurların beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırılmasında Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, o cümlədən Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır:

“Artıq dördüncüsü keçirilən forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, analitik mərkəz rəhbərlərini və ekspertləri bir araya gətirməklə Azərbaycanın mövqeyinin birbaşa mənbədən dünyaya çatdırılması üçün mühüm imkan yaradır. Eyni zamanda, Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasətinin nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Qarabağla Şərqi Zəngəzurda yaradılan yeni inkişaf modeli beynəlxalq media nümayəndələrinin iştirakı ilə dünya ictimaiyyətinə nümayiş etdirilir”.

Nadir Azəri bildirib ki, Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü inteqrasiya təşəbbüslərinin, regional əməkdaşlıq siyasətinin və sülh gündəliyinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platformadır.

Onun fikrincə, Prezident İlham Əliyevin forumun açılış mərasimində səsləndirdiyi mesajlar da Azərbaycanın strateji baxışını və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirib.

Cavid