Seçki, yoxsa təyinat? Siyasət

Seçki, yoxsa təyinat?

Firudin Cəlilov: "Rektorların təyinatı seçki yolu ilə həyata keçirilərsə bu təhsillə bağlı irəliyə atılmış bir addım olar"

Universitet rektorlarının seçki yolu ilə təyin olunmaları müxtəlif zamanlarda gündəmə gəlsə də, bu məsələ ilə bağlı konkret addımlar atılmayıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti də dəfələrlə bu məsələni gündəmə gətirib.
Partiyanın İdarə Heyətinin son iclasında da Azərbaycanda təhsilin vəziyyəti müzakirə edilib və bu sahədə islahatların genişləndirilməsinə dair təkliflər paketi qəbul olunub.
BAXCP hesab edir ki, aparılan islahatlar Azərbaycanda təhsil sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına müəyyən dərəcədə təkan versə də, təəssüf ki, köklü dəyişikliklərə gətirib çıxarmayıb. Qeyd olunub ki, Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi üçün daha ciddi islahatların aparılmasına ehtiyac var. Bu məqsədlə BAXCP bəzi istiqamətlərdə tədbirlərin həyata keçirilməsini təklif edir. Bunlara xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər dövlət ali məktəblərinin özəlləşdirilməsi, ali məktəblərin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi məqsədilə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsi, ali məktəblərə qəbul olunması haqqında müvafiq sənəd təqdim edən Azərbaycan vətəndaşlarına müvafiq banklar tərəfindən faizsiz təhsil kreditlərinin verilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, "hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet" proqramının həyata keçirilməsi, bütün səviyyəli dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, professor-müəllim heyətinin, elmi işçilərin və yardımçı heyətin əmək haqqının ən azı 3 dəfə artırılması, gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsi və ölkədə təhsilin səviyyəsi yüksək standartlara çatdırılana qədər Təhsil Nazirliyi tərəfindən müvəqqəti olaraq bütün təhsil müəssisələrində tədris prosesinin təşkilinin yüksək səviyyəyə çatdırılması üçün müvafiq Proqramın hazırlanmasını, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə onun icrasına nəzarətin təşkil edilməsi daxildir. BAXCP hesab edir ki, qeyd olunan istiqamətlərdə əsaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanda elmin və təhsilin səviyyəsinin yüksəldilməsinə imkan yarada bilər.
Buna münasibətini açıqlayan keçmiş təhsil naziri Firudin Cəlilov vaxtilə Milli Məclisə təqdim olunan "Təhsil haqqında" Qanunda universitet rektorlarının təyinatının seçki yolu ilə həyata keçirilməsinin nəzərdə tutulduğunu xatırlatdı: "Əgər indi də belə olarsa bu təhsillə bağlı irəliyə atılmış bir addım ola bilər. Belə olduqda rektoru müəllimlər, tələbələr seçəcək. Bununula da rektor tələbə və müəllimlərin qarşısında hesabat verən şəxsə çevrilir. Amma indiki rekotrlar təyin olunurlar. Bir iki il işləyəndən sonra onlarda elə təsəvvür yaranır ki, universitet onların öz mülküdür. Hecə istəyirlərsə, elə də fəaliyyət göstərirlər".

Əli