BMT Ermənistanı işğalçı dövlət kimi tanıdı Siyasət

BMT Ermənistanı işğalçı dövlət kimi tanıdı

Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2014-cü ilin dekabrında təqdimatı keçirilmiş yeni Müharibə Hesabatı geniş ictimaiyyət üçün açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hesabat Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu və Cenevrə Universitetinin birgə mərkəzi olan Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanıb və "Oxford" Universitetinin nəşriyyat evində çap edilib.
Sənəddə 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Hesabat dövlətlər, BMT və onun ixtisaslaşmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün nəzərdə tutulur və dünyadakı mövcud münaqişələrlə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsi məqsədi daşıyır.
Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və hərbi təcavüzün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiqlənir, münaqişə tərəflərinin yalnız Ermənistan və Azərbaycan olduğu vurğulanır. Hesabatın 44-48-ci səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyi bildirilir, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılır. Sənədin sözügedən münaqişəyə həsr olunmuş hissəsi "Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı" adlanır.
2007-ci ildə Cenevrə Universitetinin hüquq fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən təsis edilmiş Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssislərin görüşlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir. Akademiyanın fəaliyyəti İsveçrənin Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər üzrə Federal Departamenti tərəfindən dəstəklənir.
Xatırladaq ki, Müharibə Hesabatının 2012-ci ili əhatə edən ilk nəşri 2013-cü ilin dekabrında nəşr olunmuşdu.