Laçına Azərbaycan dövlətinin gücü sayəsində yenidən həyat gələcək Siyasət

Laçına Azərbaycan dövlətinin gücü sayəsində yenidən həyat gələcək

“Ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyimiz digər rayon və şəhərlərimiz kimi Laçın rayonunun da torpaqları həddindən artıq məhsuldardır”.
Milli Məclisin Laçından seçilən deputatı Mahir Abbaszadə belə deyib. Ermənistanın əvvəlki illərdən fərqli olaraq bu il 18 mayı-Laçının işğalı gününü “bayram” keçirə bilmədiklərini deyən deputat ordumuzun bu tarixi təqvimdən silməsini qürurlu hadisə adlandırıb. O, Laçının bundan sonra Azərbaycan iqtisadiyyatının gücünə güc qatacağını vurğulayıb:
“Laçın təkcə münbit torpaqları ilə seçilmir, eyni zamanda, burada su mənbələrinin çoxluğu da diqqət çəkir. Su isə iqtisadiyyatda, kənd təsərrüfatında əsas amillərdən sayılır. Bundan başqa, Azərbaycanın mineral su ehtiyatlarının böyük bir hissəsi, təxminən 40 faizi Şuşa, Laçın və Kəlbəcərin payına düşür. Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var. Rayon çox böyük yaylaqlara malikdir. Qədimdən burada heyvandarlıq və ümumilikdə kənd təsərrüfatı surətlə inkişaf edib. Bu nöqteyi-nəzərdən sözügedən rayon çox əlverişli sayılır. Laçının meşə təsərrüfatında dünyanın ən məşhur palıd növlərindən olan qırımızı palıda da rast gəlinir. Təəssüf ki, ermənilər bütün bu sərvətlərimizi viran ediblər. Yəni iqtisadi potensialın bir hissəsi olan bütün sərvətlərimizi ona görə sadalayıram ki, bu gün dağıdılmış, viran edilmiş Laçına Azərbaycan dövlətinin gücü sayəsində yenidən həyat gələcək”.
Deputatın fikrincə, gələcəkdə regionda kommunikasiyaların bərpasından və investisiyaların cəlb edilməsindən sonra əhali geri qayıdacaq ki, bununla da Laçında əvvəlki aktiv həyat bərpa olunacaq:
“Rayonda sosial-iqtisadi həyatın dirçəldilməsi üçün Azərbaycan dövləti öz iqtisadi gücündən istifadə edəcək. Amma zaman gələcək ki, rayona yatırılmış investisiyalar sayəsində Laçın ökəmizin böyüyən, inkişaf edən iqtisadiyyatının bir parçası olaraq dövlət büdcəsində vəsaitlərin artmasında yaxından iştirak edəcək. Rayonun imkanlarından yararlansaq, Azərbaycanın kənd təsərrüfatı və digər iqtisadi potensialı xeyli arta bilər. Qısası, nə gözəl ki, artıq bu ildən başlayaraq 18 mayı hüznlə qarşılamadıq. Zaman gələcək ki, laçınlılar doğma torpaqlarına köçərək yenidən dədə-baba yurdlarında ikiqat sevinc hissi yaşayacaqlar. Bütün qarabağlılar, laçınlılar cənab Prezidentin də qeyd etdiyi kimi, öz yurdlarına birdəfəlik qayıdacaqlar və bundan sonra heç bir güc bizi yenə Vətən həsrəti çəkməyə vadar edə bilməyəcək”.