“Əli Kərimli bu görüşə qəsdən qatılmayıb” Siyasət

“Əli Kərimli bu görüşə qəsdən qatılmayıb”

Niyaməddin Orduxanlı: "O, bu addımı ilə Azərbaycan dövlətinin imicini korlamaq istəyir"

"Əli Kərimli bu görüşə qəsdən qatılmayıb. O, bu addımı ilə Azərbaycan dövlətinin imicini korlamaq istəyir". Bunu iqtidar-müxalifət dialoqunu qəbul etməyən şəxslərlə bağlı sualı cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı bildirdi. Onun fikrincə, AXCP sədri istəmir ki, beynəlxalq təşkilatlar və bir çox qurumlar görsün ki, Azərbaycan hakmiyyəti ölkədə demokratik ənənələrə uyğun olaraq iqtidar-müxalifət dialoqu təşkil edir, siyasi partiyalarla görüş keçirir, ölkədə mövcud olan problemlərlə bağlı birgə müzakirə aparır:"Əli Kərimli görüşə qatılmamasına bəhanə kimi göstərir ki, görüşdə iştirak edən başqa partiyalar da var. Bunun sənə nə adiyyatı? Görüşün təşkilatcısı Azərbaycan iqtidarıdır. Hansı partiyanı görüşə dəvət etmək hüququ onlardadır. Əli Kərimli, təsəvvür et ki, görüşdə YAP-ın bir nümayəndəsi deyil, 17 nümayəndəsi iştirak edir. Görüş iştirakcılarının sayının məsələyə nə adiyyatı? Get, sözünü de, etirazını bildir. Nədən istəyirsən danış. Kimdir əliylə sənin ağzını qapayan? Nə məqsədin var ki, sən 17 nəfərin yanında deyil, 1 nəfərlə görüşmək istəyirsən? Öyrəşmisən gizli danışıqlar aparıb sövdələşmələr etməyə. Axı sən gizli danışıqlar da edib, sonradan xəyanət edənsən…"
BAXCP funksionerinin sözlərinə görə, Müsavat Partiyası Əli Kərimlinin şantajından qorxub görüşə qatılmayıb:"Bunun başqa səbəbi ola bilməz. Fikirləşirlər ki, Əli Kərimli görüşlə bağlı bütün beynəlxalq təşkilatlara donosçuluq edəcək ki, Müsavat Partiyası hakimiyyətlə yaxınlaşıb, onların maraqlarından çıxış edir. Məhz bu qorxudan görüşə qatılmadılar. Guya ki, Əli Kərimli kimin əsl müxalifət olması ilə bağlı sertfikat paylayandır.
"Milli Şura"nın sədri Cəmil Həsənliyə gəldikdə isə, o, Əli Kərimlinin şöbə rəhbəridir və onun dediklərini öz adı ilə deyir… Biz BAXCP olaraq bəyan edir ki, iqtidarın həmin şəxslərlə dialoqa getməsinə tərəfdar olmamışıq. 2013-cü il prezident seçkilərində Əli Kərimli və bu qüvvələr Rusiyanın əlində bir alət olaraq istifadə olunublar. Bu, artıq real faktdır. Özləri açıq şəkildə bəyan edirdilər ki, Rüstəm İbrahimbəyovun "Mill Şura" layihəsi Rusiyanın layihəsidir. Və Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Xarici dövlətin əlində alətə çevrilən siyasətçilərlə milli məsələləri birgə müzakirə etmək olarmı? Birmənalı şəkildə deyirəm ki ,yox! Məncə, iqtidar bu qüvvələri görüşə dəvət etməməli idi. Sabah onlara başqa tapşırıq gəlsə, onlar başqa mövqedən çıxış edəcəklər. Odur ki, mən də bu qüvvələrlə dialoqun aparılmasının əleyhinəyəm".
İqtidar-müxalifət görüşünün çox əhəmiyyətli olduğunu bildirən partiya rəsmisi belə tədbirlərin ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmsına birbaşa təsir göstərdiyini vurğuladı.

Əli