“Azərbaycanın imkanlarından istifadə etmək istəyən ölkələrin sayı çoxalır” Siyasət

“Azərbaycanın imkanlarından istifadə etmək istəyən ölkələrin sayı çoxalır”

"Məsələ kifayət qədər maraqlı bir epizoddur. Bir neçə aspekt böyük maraq doğurur. Birincisi, bu, artıq Azərbaycanın bu gün Avropa ilə Şərq arasında inamlı bir körpü rolu oynadığını göstərir. Azərbaycanın iqtisadi sahədə qazandığı mövqeyinə görə, Azərbaycan imkanlarından yaxşı mənada istifadə etmək istəyən ölkələrin sayı çoxalır". Bunu Milli Məclisin İran-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
Deputat İranın Azərbaycanın vasitəsilə ilə Avropaya çıxış əldə etmək istəməsi haqqında danışarkən bildirib ki, rəsmi Bakı bu kimi proseslərdə qonşulara diqqət göstərməyə hazırdır. "Digər tərəfdən bu gün Azərbaycanın da infrastruktur vəziyyəti bu texniki yardımları etməyə imkan verir. 1994-cü ildə Heydər Əliyevin başçılığı ilə neft kontraktları bağlanan zaman, Azərbaycanın neft və qaz kəmərlərindən digər ölkələrin də istifadə edə biləcəyi həmin dövrdə də bildirilmişdi. Həmin dövr artıq öz təsdiqini tapır. Orta Asiyadan Avropaya neft və qaz təhcizatı ilə bağlı bir sıra layihələr var ki, bu layihələrin birbaşa Azərbaycan üzərindən reallaşdırılması əsas məsələlərdən biridir".
Millət vəkili İranın bu məsələyə diqqət göstərməsini artan İran və Azərbaycan dostluğu və İranın beynəlxalq əmək və xammal bölgüsündə maksimum dərəcədə iştirak etmək istəyi ilə bağlayıb. "İranın Avropaya ayrıca bir qaz xəttini çəkməsinə regionda baş verən geosiyasi vəziyyət imkan verməyəcək. Ən əsası isə mövcud xətlərdən istifadə etmək, yenisini çəkməkdən daha sərfəlidir. Yəni prinsipcə bu məqbul variantdır. Azərbaycan burada sadəcə olaraq tranzit bir ölkə kimi öz imkanlarını təklif edə bilər. Digər məsələlər isə artıq üçtərəfli danışıqlarda Avropa, Azərbaycan və İran danışıqlarında həll edilə bilər. Hansısa ölkə böyük iqtisadi layihələrə maraq göstərirsə, o zaman beynəlxalq hüquq normalarına, iqtisadi əməkdaşlığın qəbul edilmiş qaydalarına görə hərəkət etməlidir.
Hər halda alqışlanmalıdır ki, prinsipcə, Azərbaycan-İran arasında olan bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığa diqqət yetirilir. Bunun çox yaxşı səmərələri var. Bu prosesin özü isə artıq iqtisadi mərhələdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Hesab edirəm ki, gələcəkdə də Azərbaycana bu şəkildə edilən təkliflər çoxalmaqda davam edəcək".

Əli