“Hörmüzün bağlanması İranın özünə də ağır zərbə vurar” Gündəm

“Hörmüzün bağlanması İranın özünə də ağır zərbə vurar”

“İranın Hörmüz boğazını tamamilə bağlamaq təhdidi nəzəri baxımdan ciddi olsa da, belə bir blokadanı uzun müddət davam etdirmək imkanları məhduddur. Tehran sahilyanı raket sistemləri, dəniz minaları, pilotsuz vasitələr, sürətli hücum katerləri və tankerlərə qarşı seçmə əməliyyatlarla boğazda hərəkəti kəskin şəkildə poza bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.

A.Nəsirov əlavə edib ki, hətta bir neçə gəminin vurulması və ya saxlanılması sığorta xərclərinin yüksəlməsinə, tanker şirkətlərinin marşrutdan çəkilməsinə və neft qiymətlərinin artmasına kifayət edər: “Yəni İranın əsas üstünlüyü boğazı fiziki baxımdan tam bağlamaqdan daha çox, buradan keçidi təhlükəli və iqtisadi cəhətdən dözülməz hala gətirmək imkanındadır. Lakin tam blokada ABŞ-nin bölgədəki hərbi qüvvələrinin və Körfəz ölkələrinin sərt reaksiyasını qaçılmaz edə bilər. Buna görə Rzayinin bəyanatı həm real hərbi risk, həm də Vaşinqtonu iqtisadi təzyiq siyasətindən çəkindirməyə hesablanmış psixoloji təhdid kimi qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, Hörmüzün bağlanması İranın özünə də ağır iqtisadi və siyasi zərbə vurar: “Belə addım təkcə ABŞ-yə deyil, İran neftinin əsas alıcılarından olan Çinə, eləcə də Tehranla münasibətləri qorumağa çalışan regional dövlətlərə təsir göstərər və İranın beynəlxalq təcridini daha da dərinləşdirər. Beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazda birtərəfli blokada yaratmaq İranın hüquqi mövqeyini də zəiflədər və ona qarşı daha geniş hərbi-diplomatik koalisiyanın formalaşmasına səbəb ola bilər. Buna görə Tehran böyük ehtimalla tam bağlanmadan daha çox, ayrı-ayrı gəmilərin keçidini məhdudlaşdırmaq, yeni “təcrid zonaları” elan etmək və fasiləli hərbi insidentlər yaratmaq taktikasına üstünlük verəcək. Bu baxımdan bəyanat İranın gücündən çox, iqtisadi blokada qarşısında əlində qalan son təzyiq vasitələrindən birinə müraciət etdiyini göstərir”.

Siyasi şərhçi sonda qeyd edib ki, ancaq tərəflərdən birinin səhv hesablaması həmin təzyiq siyasətini nəzarətdən çıxaraq açıq regional qarşıdurmaya çevirə bilər.

Röya İsrafilova