ADSEA: Sel sularının idarə olunması məqsədilə mühüm strateji addımlar atılıb Hadisə

ADSEA: Sel sularının idarə olunması məqsədilə mühüm strateji addımlar atılıb

Ölkəmiz transsərhəd çaylardan kəskin asılıdır və iqlim dəyişikliyi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni çətinliklər yaradır.

APA xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.

O diqqətə çatdırıb ki, Xəzər dənizinin səviyyəsindəki dalğalanmalar, regionun qar ehtiyatlarının azalması, buzlaqların sahəsinin və həcminin kiçilməsi, yağıntı rejiminlərinin dəyişməsi kimi hallar su ehtiyatlarının formalaşmasına əlavə yeni təzyiqləri formalaşdırır: “Digər tərəfdən, son illərdə istər Bakı şəhəri, istərsə də bölgələrimizdə sel və daşqın hadisələrinin intensivliyinin artdığını hər birimiz müşahidə edirik. Formalaşan sel sularının idarə olunması məqsədilə bir sıra mühüm strateji addımlar atılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” elan edilib, ümumilikdə 346 km uzunluğunda 12 yeni kanalizasiya kollektorunun tikintisi və mövcud infrastrukturun təmir-bərpası, həmçinin yağış və tullantı su sistemlərinin bir-birindən ayrılması nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən Suqovuşan, Xaçınçay, Zabuxçay, Köndələnçay su anbarları komplekslərində aparılan tikinti və yenidənqurma işləri, Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisi sözügedən ərazilərdə su təchizatının yaxşılaşdırılması ilə yanaşı daşqınlarla mübarizədə mühüm əhəmiyyət kəsb edəcək. Eyni zamanda, dağ çayları sularının səmərəli idarə olunması məqsədilə Ağsuçay, Zəyəmçay, o cümlədən Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisi işləri də davam etdirilir. Xüsusi vurğulamaq lazımdır ki, Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonlarının çaylarının 2350 mln.m3 həcmində olan su ehtiyatları ölkənin daxili su ehtiyatlarının 24%-i qədərdir və onlardan istifadə ölkədə yaranan su qıtlığı probleminin həllində və daşqınlarla mübarizədə mühüm əhəmiyyətə malikdir".