Azərbaycanlılar İsveç parlamentinə müraciət ünvanlayıb Siyasət

Azərbaycanlılar İsveç parlamentinə müraciət ünvanlayıb

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsveçdə yaşayan azərbaycanlılar adından İsveç parlamentinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən müraciət göndərilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Federasiyası-İsveç təşkilatının ünvanladığı müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən geçə 366-cı alayın dəstəyi ilə Ermənistan hərbi hissələrinin dinc Xocalı əhalisinə qarşı törətdiyi vəhşilik qeyd olunub.
Hücum zamanı ümumilikdə 613 günahsız insanın qətlə yetirildiyi, onlardan 106 nəfərin qadın, 70 nəfərin yaşlı və qoca, 63 nəfərin isə uşaq olduğu, həmçinin 150 şəxsin aqibəti haqqında hələ də heç bir məlumat əldə edilmədiyi, 1275 şəxsin isə girov götürüldüyü vurğulanıb.
Müraciətdə Xocalı soyqırımından 23 il keçməsinə baxmayaraq, bu illər ərzində İsveçdə bununla bağlı məsələ qaldırılmadığı, İsveç hökumətinin bu soyqırıma dair mövqe bildirmədiyi önə çəkilib. Sənəddə həmçinin Azərbaycan Federasiyası-İsveç parlamentə müraciət edərək 1992-ci il 26 fevral tarixində baş verən qətliamın azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmasını, həmçinin Azərbaycanın bir milyon qaçqın və köçkünün öz evlərinə qayıtması üçün Ermənistana qarşı sanksiyalar qəbul edilməsi tələb olunub.