ADR müsavatı böləcək Siyasət

ADR müsavatı böləcək

Səxavət Əlisoy: "ADR-ə qoşulmaq üçün "Müsavat" üzvləri daha çox müraciət edirlər"

"ADR hərəkatı may ayına qədər Azərbaycanın daha 20 rayonunda təşəbbüs qrupları yaratmağa qərar verib". Bu barədə hərəkatın üzvü Səxavət Əlisoy məlumat verib. O, hərəkatın gələcək planları barəsində aşağıdakıları söyləyib: "Artıq təşəbbüs qrupları yaradılmış rayonlarda təsis konfransları keçiriləcək. Bundan əlavə, rəhbər strukturlar - müavinlik, müşavir, koordinator institutu formalaşdırılacaq və Ali Məclisin komissiyaları yaradılacaq. Bu istiqamətlərdə ciddi iş gedir və ADR-i qeydiyyata aldırmaq üçün müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim etmək üçün hazırlanır".
Səxavət Əlisoy "ADR Müsavatdan üzvləri alır" başlıqlı xəbərlərə də Hafta.az vasitəsilə münasibət bildirib: "ADR-ə qoşulmaq üçün "Müsavat" üzvləri daha çox müraciət edirlər. Biz kimsəni ADR-ə zorla üzv etmirik və eyni zamanda, müraciət edənlərin hansı qurumda təmsil olunduğuna xüsusi önəm vermirik. Şüurlu insanlar harada mübarizə aparacaqlarını özləri müəyyən edirlər".
Qeyd edək ki, Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) faktiki olaraq yollarını ayırır. Bu, özünü bir daha göstərib. Belə ki, ADR hərəkatının üzvləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Ziyarətdə hərəkatın sədri Qubad İbadoğlu, təsisçilərindən Ellada Məmmədli, Sədaqət Paşayeva, Hüseyn Məlik, Arifə Hüseynova və onlarla hərəkat üzvü iştirak edib. Faktiki olaraq bununla da hərəkat üzvləri Müsavatla bir yerdə olmadıqlarını nümayiş etdiriblər. Müsavat Partiyası isə soyqırımı abidəsini ayrılıqda ziyarət edib. Bununla da aydın olur ki, bir çox müsavatçılar məhz Qubad İbadoğlu ilə birlikdə ziyarətə getməyi üstün tutublar. Bu isə göstərir ki, 20 Yanvar günündən fərqli olaraq daha hərəkatda təmsil olunan şəxslər Müsavatla bir sırada getməyi özlərinə yaraşdırmırlar. ADR partiyanın daha 22 rayon təşkilatına göz dikib Bu arada hərəkatın sədri Qubad İbadoğlu açıqlama verib. O deyib ki, ADR hərəkatının İdarə Heyətinin üzvləri İdarə Heyətinin işinin daha yaxşı qurulması üçün təşkilatı, konseptual, ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr, informasiya və təbliğat, humanitar istiqamətlər üzrə səlahiyyətlərin bölüşdürülməsi ətrafında fikir mübadiləsi aparıb və qərar alıblar ki, 28 fevralda İdarə Heyətinin növbəti toplantısında bu istiqamətdə müzakirələri davam etdirsinlər. Bundan başqa ADR hərəkatında yaxın aylarda 22 rayonda yerli təşkilatların qurulması və rayon təşkilatlarının sayını növbəti 3 ayda 55-ə çatdırılması üçün planlaşdırmalar aparılır. Bu isə o deməkdir ki, hərəkat yaxın aylarda Müsavatın daha 22 rayon şöbəsinin üzvlərinə qarmaq atacaq və onları özlərinə tərəf çəkməyə çalışacaq. "Qarşıda ciddi işlər durur" ADR Hərəkatının idarə heyətinin üzvü Səxavət Əlisoy isə bildirib ki, hərəkatın meydana çıxması bəzi qüvvələri narahat edir: " Qarşıda ciddi işlər durur. 50-dən artıq rayonda ADR-in təşəbbüs qrupları yaradılmalı, rayonlarda təsis konfransları keçirilməlidir. Bir sözlə, Azərbaycanın bütün yaşayış məntəqələrində ADR Hərəkatı yaradılmalıdır. Və yalnız bundan sonra ümumrespublika konfransı düzənləyib hansı gücə sahib olduğumuzu cəmiyyətə təqdim etməliyik".

Əli