“ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası birmənalı şəkildə iflasa uğrayıb” Siyasət

“ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası birmənalı şəkildə iflasa uğrayıb”

Akif Nağı: "Minsk qrupu yalnız öz istədikləri məsələyə, status-kvonun qorunub saxlanmasına nail olub"

"ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası birmənalı şəkildə iflasa uğrayıb". Bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. QAT sədri bildirib ki, onların vasitəçilik missiyasının iflasa uğrayacağı əvvəlcədən görünürdü: "ATƏT-in Minsk qrupu formalaşdırılanda onlar yanaşma prinsiplərini düzgün müəyyən etmədilər. Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal və onun nəticələrinin aradan qaldırılması ATƏT-in Minsk qrupunun məşğul olacağı əsas məsələ olmalı idi. Amma onlar Dağlıq Qarabağdakı bir ovuc erməninin statusunun artırılmasını əsas məsələ kimi götürdülər. Digər məsələləri isə onun ətrafında birləşdirdilər". A. Nağı deyib ki, ATƏT-in Minsk qrupu yalnız öz istədikləri məsələyə, status-kvonun qorunub saxlanmasına nail olub: "Amma münaqişənin ədalətli həllindən söhbət belə gedə bilməz. Bu həm ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı ortaya qoyduğu yanaşma prinsipləri ilə bağlıdır, həm də həmsədrlik institutunun ermənipərəst mövqe tutması ilə bağlıdır. Yəni, həmsədr ölkələrdən ABŞ 1989-1992-ci illərdə birmənalı şəkildə ermənilərin maraqlarına xidmət edən qərarlar qəbul etdi və bu xətti davam etdirdi. Fransanın da ermənilərlə bağlı mövqeyi aydındır. Rusiya isə Ermənistana öz əyaləti kimi baxır. Yəni, həmsədr ölkələr açıq-aşkar ermənipərəst mövqe tuturlar. Ona görə də onların fəaliyyəti heç bir nəticəyə gətirib-çıxara bilməz". QAT sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının iflasa uğramasının nəticəsidir ki, cəmiyyətdə həmsədrlik institutunun tərkibinin artırılması ilə bağlı təkliflər verilir: "Almaniya və Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrləri olması təklifi vasitəçilik missiyasının iflasının etiraf olunmasıdır. Ona görə də bu təkliflər səsləndirilir. QAT olaraq biz də təklif edirik ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası dayandırılmalıdır".

Əli