“Bizim təkidli tələb və təzyiqlərimiz nəticəsini verir” Siyasət

“Bizim təkidli tələb və təzyiqlərimiz nəticəsini verir”

Sahib Alıyev: "Bir çox dövlət və qurumlar onların buraxılmasını istəyir"

"Belə görünür ki, ermənilər girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv haqda ərizə yazdırmaq niyyətindədirlər. Niyə bunu edirlər, aydındır. Bizim təkidli tələb və təzyiqlərimiz nəticəsini verir". Bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" hesabında məlumat paylaşıb. Deputatın sözlərinə görə, bir çox dövlət və qurumlar onların buraxılmasını istəyir: "Fransa prezidenti bu haqda çağırış etmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da oxşar istəklərdə bulunmuşdular. Açıqlanmasına ehtiyac duymadığımız bir sıra başqa məqamlar da var ki, ermənilərə girovları buraxmaqdan başqa ayrı çıxış yolu qoymur. Onlar da bunu görüb öz əleyhlərinə işləyən vəziyyətdən nə qədər mümkündürsə, bir o qədər faydalanmağa çalışırlar. Birincisi, Dağlıq Qarabağdakı uydurma rejimin başçısına ərizə yazdırmaqla guya onun " prezident"liyini legitimləşdirirlər. İkincisi, girovları uydurma soyqırımı ərəfəsində azdlığa buraxmaqla bu qədər "itki"lərlə üzləşən bir xalqın necə kindən uzaq, sivil və "böyük qəlb"li olduğnu göstərmək və bunu tirajlamaq niyyəti güdürlər. Üçüncüsü, bunu onları şərəfləndirərək udurma soyqırımının 100 illiyilə bağlı Ermənistana gəlməyi planlaşdıran Rusya və Fransa prezidentlərinə bir jest kimi təqdim edəcəklər. Axı hər iki ölkə girovların buraxılmasını istəmişdi və üstəlik də həmin girovlardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Təbii ki, bu yazdıqlarım bir versiyadır. Amma reallaşmaq ehtimalı yüksək olan bir versiya. Ona görə "reallşmaq ehtimalı yüksək olan versiya" deyirəm ki, bir daha vurğulayıram, ermənilər girov götürdükləri soydaşlarımızı gec-tez buraxmalı olacaqlarının yaxşı fərqindədirlər".
S.Alıyev əlavə edib ki, bu baxımdan onlara ən çox əl verən vaxt isə məhz indidir: "Təki girovlarımız azadlığa çıxsın. Bununla erməniçiliyin mahiyyəti dəyişmədiyi kimi, Bako Saakyanın da "prezident"liyi legitimləşmir. Onun "preizent"liyi bir halda legitimləşə bilər. Dağlıq Qarabağın müstəqilliyi tanınanda. Onu da ancaq yuxularında görərlər!".

Əli