“Müsavat Partiyasının avtoritar qaydada idarə olunması məsələsi birinci dəfə deyil” Siyasət

“Müsavat Partiyasının avtoritar qaydada idarə olunması məsələsi birinci dəfə deyil”

Vaqif Abışov: "Müsavat həmişə İsa Qəmbərin nəzarəti altında olub"

Adil Qeybulla: "Tam avtoritar və partiyaya nüfuz gətirməyəcək addım atılıb"

Müsavat Partiyasında gərginlik davam edir. Növbəti qalmaqallar mətbuatın müzakirə mövzusuna çevrilib. Müsavat Partiyasında sabiq başqanlığa namizəd Qubad İbadoğlunun partiyanın İsa Qəmbər tərəfindən avtoritar qaydada idarə olunması ilə bağlı səsləndirdiyi fikir problemlərin daha ciddi xarakter alacağını deməyə əsas verir.
Onu da əlavə edək ki, Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata əsasən Müsavat Partiyasından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışov deyib ki, Müsavat Partiyasının avtoritar qaydada idarə olunması məsələsi birinci dəfə deyil. BAXCP rəsmisinin sözlərinə görə, Müsavat həmişə İsa Qəmbərin nəzarəti altında olub: "Hətta İsa Qəmbər əlinin altında elə adamlar yetişdirib ki, haçansa özü oradan uzaqlaşdırılanda onu müdafiə edən, diqtəsinə işləyən şəxslər olsun. Heç şübhəsiz ki, Arif Hacılı da bu kimi insanlardan biridir. Mən A.Hacılını hələ Zaqatala televiziya və radiosunun redaksiyasında işləyəndən bəri tanıyıram. Sadəcə olaraq Müsavat daxilində avtoritar "hakimiyyət" yaradılıb. Buna görə də bir çox şəxslər oradan uzaqlaşıblar. Bu gün Müsavat Partiyasının dərdinə yanan, onun yaşamasını istəyən şəxslər orada yoxdular. Hesab edirəm ki, sonrakı dönəmlərdə bu, sözgüdən partiyanın tamamilə parçalanmasına gətirib çıxaracaq".
Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib ki, Müsavat Partiyasının öhdəlik haqqında sənədi zamanında Qubad İbadoğlunu dəstəkləyən şəxslərin deputatlığa namizədliyini əngəlləmək üçün hazırlanıb. A. Qeybulla təlimatın partiya Nizamnaməsinə zidd olduğunu söyləyib: "Müsavat Partiyası yarandığı gündən demokratik təşkilat olub. Ancaq qurultaydan sonra vəziyyət dəyişib. Deputatlığa namizəd olacaq partiya üzvlərinin qarşısına şərt qoymaq nəinki Nizamnaməyə, insan haqlarına da ziddir. Bu, əslində Müsavat rəhbərliyinin kimlərəsə legitimliyini tanıtdırmaq üçündür. Tam avtoritar və partiyaya nüfuz gətirməyəcək bir addımdır".

Əli