Qənirə Paşayeva İraq türkmənlərinin liderlərilə görüşüb Siyasət

Qənirə Paşayeva İraq türkmənlərinin liderlərilə görüşüb

Millət vəkili: "İŞİD-in həyata keçirdiyi insanlıq dramı bizi dərindən narahat edir"

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb.
Görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanı "qardaş ölkə" adlandıran Ərşad Salihi İraqda türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə biganə münasibəti, İraq Türkmən təşkilatlarının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.
O, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.
Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.
İraqda yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan Q.Paşayeva qeyd edib ki, "…İraq, özəlliklə, İraqlı soydaşlarımız, bizim "İraqlı azərbaycanlılar" dediyimiz türkmanlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir".
Onun sözlərinə görə, özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir:
"Bu hadisələr zamanı qətlə yetirilmiş türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti da hamımız ciddi narahat edir".
İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında geniş çıxış edərək, çağırış səsləndirdiyini deyən Q.Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-in və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb.
Millət vəkili bildirib ki, TürkPA və İslam Əməkdaşlıq Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır.