“Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” Siyasət

“Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi”

"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisiyası "dəyirmi masa" keçirilib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisiyası tərəfindən "Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi" mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə çıxış edən Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası daha da genişlənib. Onun sözlərinə görə, bu cür kampaniyanın "Bakı 2015" Avropa Oyunları ərəfəsində keçirilməsi təsadüfi deyil: "Vətəndaş cəmiyyəti və media olaraq biz də öz növbəmizdə bu cür kampaniyalara cavab verməliyik. Həmçinin "Bakı 2015" Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan şəxslərin və təşkilatların adları açıqlanmalıdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məruzəsini konkret suallar üzərində qurub. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru qeyd edib ki, bu gün cəmiyyəti düşündürən suallardan biri Avropa oyunları Azərbaycana gətirəcəyi dividetlərlə bağlıdır: "Bəs Avropa Oyunları ölkəmizə nə verəcək? Öncə bu suala cavan tapmağa çalışaq:

1. İlk Avropa Oyunları Azərbaycanda keçirildiyinə görə bu öyunlarla bağlı standartlar da məhz ölkəmizdə formalaşacaq. Bu isə hər dəfə Avropa Oyunları keçirildikdə ölkəmizin adının xatırlanması, Azərbaycanda keçirilən oyunlar haqqında məlumatların təkrarlanması deməkdir. Bu isə beynəlxalq ictimai rəydə ölkəmizin davamlı imicinin formalaşdırılması üçün olduqca önəmli faktordur.
2. Bu oyunlar dünyanın müxtəlif ölkələrindən ölkəmizə səfər edən idmançıların, media təmsilçilərinin və digər peşə sahiblərinin Azərbaycanla, Azərbaycan xalqının mədəniyyəti ilə, ölkəmizdə mövcud olan multikultral mühitlə tanış olmalarına, Azərbaycanın sivil dünyanın, Avropa mədəniyyətinin ayrılmaz bir parçası olduğunu əyani formada təsdiqləməyə imkan yaradacaq.
3. Azərbaycanın nəhəng beynəlxalq tədbirlərin yüksək səviyyəli təşkilatçısı kimi mövqelərini möhkəmləndirəcək, bu sahədə dövlətimizin və xalqımızın yüksək potensiala sahib olduğunu ortaya qoyacaq.
4. Azərbaycanın turizm potensilanın və bütövlükdə iqtisadi imkanlarının təbliğinə imkan yaradacaq.
5. Ölkəmiz haqqında Ermənistanın, erməni diasporunun və onların himayəçilərinin yaydığı qərəzli məlumatların əssassız olduğunu nümayiş etdirəcək.
6. Azərbaycan xalqının özünə inam hissini gücləndirəcək, vədəndaşlarımıza qarşımızda olan strateji hədəflərimizə çatmaq üçün mübarizə əzmi verəcək".
Elçin Mirzəbəyli Azərbaycana qarşı aparılan kampaniyanın vahid bir mərkəzdən idarə olunduğunu vurğulayıb: "Bəs Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının səbəbləri nədir?
Avropa Oyunları ərəfəsində beynəlxalq icrimaiyyətin və medianın diqqətinin Azərbaycanda olacağını nəzərə alan Ermənistan, erməni diasporu, işğalçı ölkənin dəstəkçiləri, ölkəmizdə geosiyasi və iqtisadi maraqları olan dairələr, korporativ maraqları olan şəxslər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa, oyunların keçirilməsindən əldə edəcəyimiz dividentlərin effektiv təsirinin azaldılmasına cəhd göstərirlər:
1. Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi prosesində ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün irəli sürdükləri əsas iddialardan biri Daqğlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlıdır. Ermənistan iddia edir ki, Azərbaycan xalqı tolerant olmadığı üçün Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz, çünki bu halda ermənilər üçün təhlükə yarana bilər. Lakin Avropa Oyunları və bu qəbildən olan digər tədbirlər Ermənistanın, eləcə də bu marionett ölkənin himayəçilərinin iddialarının alt-üst edilməsinə zəmin yaradır və onların əsas silahlarını əllərindən alır.
2. Hücumların daha bir səbəbi Avropa Oyunları ərəfəsində Azərbaycan dövlətinin və xalqının diqqətini əsas hədəflərdən yayındırmaq, bununla da oyunların təşkili prosesinə zərbə vurmaq, ölkəmizin nüfuzdan salınması üçün nəzərdə tutulan təbliğat üçün əsas yaratmaqdan ibarətdir.
3. Başqa bir səbəb isə total hücumlar vasitəsilə Azərbaycan xalqının təkləndiyini sübut etmək, cəmiyyətimizdə gərginlik və qarşıdıurma yaratmağa cəhd göstətmək, sinirlərimizi gərmək, bunun müqabilində xalqımızın tarixi tolerantlıq ənənələri ilə bağlı ciddi şəkildə formalaşmaqda olan beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönəltmək, həmçinin xalqımızın güclənməkdə olan özünəinam hissini sarsıtmaqdır.
4. Azərbaycanı bu prosesdən zəif çıxarmaqla iflas ərəfəsində olan Ermənistanla ölkəmiz arasında olan müqayisəyə gəlməz fərqi qismən də olsa azaltmaqdır".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru deyib ki, Bu prosesin arxasında dayanan qüvvələr Ermənistan, erməni diasporu və işğalçı ölkəni himayə edən dairələr, Azərbaycanda və dünyada geosiyasi maraqları olan, Azərbaycandan istədiklərini almaq üçün ölkəmizin zəif düşməsində maraqlı olan güclər, Azərbaycanda korporativ maraqları olan şəxslər, yaxud siyasi və iqtisadi qruplardır:
"ABŞ dövlət katibi Con Kerriyə ünvanlanan məktuba imza atan şəxslərin kimliyinə diqqət yetirək:
1. Morton Abramoviç – ABŞ-ın Türkiyə və Tailanddakı sabiq səfiri, Karnegi Fondunun və NED-in sabiq sədri və ən əsası "Gəzi parkı olayları" və Türkiyə-Ermənistan protokolları layihələrinin ideoloji atası və dəstəkçisi.
2. Erik Çenovet – "Narıncı" inqilabların tədqiqatçısı və nəzəriyyəçisi. Gürcüstanda və Ukraynada həyata keçirilən layihələrdə fəal şəkildə iştirak edib.
3. "Foreign policy" (Xarici siyasət) jurnalına yazdığı məqalələrdə Azərbaycanı "anti Ermənistan təbliğatı" aparmaqda suçlayan Ələkbər Raufoğlu
4. Elliot Abrams - Human Rights təşkilatının təmsilçisi, 1985-ci ildə öz dövlətinin qoyduğu qadağaya baxmayaraq, İrana silah satışında iştirak edən və buna görə mühakimə olunan sabiq Ağ Ev görəvlisi, erməni diasporu, xüsusilə də Erməni Milli Komitəsi ilə sıx əlaqədə olan şəxs
5. Rusiya çar ordusunun generalı Yuri Danilovun nəvəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Nikolas Daniloff. 1986-cı ildə " U.S. News & World Report " jurnalının xüsusi müxbiri kimi öz agentindən məxfi sənədləri aldığı zaman həbs olunub. Həmin sənədlərdə silahlı qüvvələrin dislokasiyası və digər məxfi sənədlər yer alıb. Daniloffun işi ilə bağlı çıxış edən ABŞ senatının kəşfiyyat üzrə xüsusi komitəsinin sədri Darenberqer bəyan edir ki, kəşfiyyatın journalist Danilofdan öz məqsədləri üçün istifadə etməsi ABŞ qaninvericiliyində qadağan olunmayıb.
Zənnimcə mənzərə tamamilə aydındır".
Əmək Hüquqları Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, Avropa Məhkəməsinin qərarlarına baxarkən xeyli sayda problemlərin olduğu aşkarlanır. Onun sözlərinə görə, sərbəst toplaşmaq azadlığı Avropa məkanında tam təmin olunmayıb: "Azərbaycanla bağlı isə belə bir qərar yoxdur. Ya bu qanunlar bizdə daha yaxşıdır, ya da ki şikayət olunmayıb. Qeyd edim ki, şikayətlər olub, sadəcə iddia əsaslandırılmayıb. Amerikada da bu sahədə xeyli problemlər var".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı heç bir problem yoxdur: "Bunun üçün hər cür şərait yaradılıb. Fikir verin, əvvəllər Əli Kərimli ayda 1 dəfə mitinq keçirirdisə, indi hər həftə aksiya təşkil edir. Bir tərəfdən iddia edirlər ki, guya Azərbaycanda narazı insanlara sərbəst toplaşmağa icazə verilmir. Məgər icazə verilməsəydi, o zaman Milli Şura hər həftə şəhərin mərkəzində necə aksiya keçirir? Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Bir sıra xarici dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Ancaq bütün bunlar Azərbaycandakı ictimai-siyasi proseslərə heç bir təsir göstərməyəcək. Azərbaycanda "Bakı-2015" Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq".

"Olaylar" İnformasiya Agentliyinin baş direktoru, yazıçı Yunus Oğuz qeyd edib ki, yeni yaranmış dövlətlərə bəzi beynəlxalq təşkilatlar vasitəsilə təzyiq etmək istəyirlər. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə dünya dövlətləri tərəfindən ikili standartlarla yanaşma var: "Dağlıq Qarabağla Krımı müqayisə edərkən açıq şəkildə Krıma qarşı daha diqqətlə yanaşılır, ilhaqı bəyan edilir. Lakin Dağlıq Qarabağdakı qondarma rejimi Qərb dövlətləri tanımadıqlarını bəyan etsələr də, əlaltdan köməklik göstərir. Əminəm ki, Azərbaycan ona qarşı olan bu ikili standartlara baxmayaraq, öz yolunda davam edəcək".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Azərbaycan qısa vaxt ərzində Birinci Avropa Oyunları ilə bağlı çox böyük işlər görməyə başlayıb: "Azərbaycanda media və söz azadlığı ilə bağlı da xeyli işlər həyata keçirilib. Amerikada hələ də ölüm hökmü qüvvədədir. Belə olan halda Azərbaycana qarşı iradlar bildirməyə haqqı yoxdur. Onların tələb etdikləri prinsiplər heç onların özündə yoxdur və ümumiyyətlə, bunu həyata keçirmək imkanı belə yoxdur. Lakin bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı belə bir iddialar irəli sürülür. Faktiki olaraq, Azərbaycanda mətbuatla, söz azadlığa ilə bağlı mükəmməl qanunvericilik bazası var. Bu da onu göstərir ki, Azərbaycanda söz azadlığı sahəsində kifayət qədər müsbət işlər görülüb".

Politoloq Cabbar Məmmədov isə bildirib ki, dünyada Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etməyən iki dövlətdən biri Amerikadır. Onun sözlərinə görə, digər ölkə isə Somalidir ki, hələ də orada uşaqlara ölüm hökmü çıxarılır: "ABŞ-da seçkiləri müşahidə etmək 4 ştatdan başqa digərlərində qəti qadağandır. Qeyd edilən 4 ştatda isə icazə ilə müşahidə aparılır. Bu mənada ABŞ tərəfindən Azərbaycana qarşı edilən təzyiqləri heç bir əsası yoxdur. Azərbaycan neytral mövqedədir və bunu dünya ölkələri qəbul edə bilmir".
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova söyləyib ki, qədimdən bəri idman yarışları dünyada sülhə çağırış etsə də, Azərbaycana çatdıqda sülh diqqətdən kənara qoyulur: "Bu qarayaxma kampaniyası ölkəmizə qarşı məqsədli şəkildə edilir. Yanlış informasiya cəmiyyətə ötürülür ki, bu da gələcəkdə problemlərə gətirib çıxarır. Ona görə də biz indidən bu yanlış informasiyaların qarşısının alınması istiqamətində addımlar atmalıyıq. Bunun üçün də vətəndaş cəmiyyəti olaraq, birləşib Azərbaycan qarşı idarə edilən qarayaxma kampaniyalarını ifşa etməliyik".

XC