“Azərbaycan bu oyunların təşkilini üzərinə götürməklə böyük addım atdı” Siyasət

“Azərbaycan bu oyunların təşkilini üzərinə götürməklə böyük addım atdı”

Arye Qut: ": "Əks təqdirdə, dünyanın tarixində yeni addım olan bu oyunların keçirilməsi baş tutmaya bilərdi"

Rövşən Rzayev: "Avropa Oyunları Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artıracaq"

Faiq Ağayev: " "Bu oyunların keçirilməsi ölkəmizi xaricilərə daha da tanıtmaq şansıdır"

Rüstəm Məmmədov: "Bu idman oyunları Azərbaycanın təbliği üçün geniş məna daşıyır"

"I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün tarixi hadisədir". Bunu Beynəlxalq məsələlər üzrə İsrail eksperti Arye Qut deyib. Onun sözlərinə görə, Azərbaycan bu oyunların təşkilini üzərinə götürməklə böyük addım atdı: "Əks təqdirdə, dünyanın tarixində yeni addım olan bu oyunların keçirilməsi baş tutmaya bilərdi. Bunun özü Azərbaycanın nə qədər güclü dövlət olduğunu göstərir". A. Qut qeyd edib ki, belə möhtəşəm oyunların keçirilməsini öz üzərinə götürmək üçün siyasi və iqtisadi amil əsasdır: "Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf edən ölkədir və möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə sahibdir. Lakin burda siyasi iradə də əsas rol oynayır. Çünki oyunların təşkili, təhlükəsizliyin qorunması məsuliyyətli işdir. Azərbaycan bu məsuliyyəti üzərinə götürməklə böyüklüyünü sübut etdi". İsrail eksperti hesab edir ki, Azərbaycan oyunlar zamanı növbəti dəfə öz qonaqpərvərliyini nümayiş etdirəcək. "Azərbaycanın bu addımı eyni zamanda öz gələcəyinə hesablanıb. Çünki bu, hər şeydən öncə ölkənin beynəlxalq təbliği və müsbət imici deməkdir. Azərbaycan haqda informasiya bir çox ölkədə azdır. I Avropa Oyunları isə bu problemin aradan qaldırılmasında əsas rol oynayacaq. Hazırda Avropa ölkələrində Azərbaycan haqqında daha çox eşidirlər", - deyə o vurğulayıb.
A. Qut I Avropa Oyunlarının Azərbaycan idmanının inkişafına da təsir edəcəyini deyib: "Qurulan infrastruktur, tikilən idman arenaları, mərkəzləri Azərbaycan idmanının gələcəyinə yatırılmış kapitaldır".
Deputat Rövşən Rzayev söyləyib ki, İlk Avropa Oyunları Azərbaycanın əldə etdiyi iqtisadi, sosial, siyasi uğurları dünyaya nümayiş etdirəcək, ölkəmiz haqqında müsbət imic yaradacaq. Onun sözlərinə görə, bu oyunlar Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artıracaq: "Azərbaycanın tolerant yaşam tərzi, demokratik prinsiplərə əsaslanan idarəçiliyi, o cümlədən, ölkəmizdə bərqərar olan plüralizm bu gün bir sıra dövlətlərin nail ola bilmədiyi uğurlardır. Regionun lider dövləti olan Azərbaycan bu gün çoxlarının əldə etmədiyi, hətta yaxınlaşa bilmədiyi uğurlara imza atır. Elə bir sahə, istiqamət yoxdur ki, sürətli inkişafdan kənarda qalsın. Elmdən tutmuş mədəniyyətə, idmandan tumuş İKT-yə, biznesdən tutmuş tibbə qədər bütün sahələr inkişaf edir. Özü də bu inkişaf nəinki paytaxtda, ən ucqar rayon və kəndlərdə belə müşahidə olunur. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə gedən quruculuq işlərinin dünyaya tanıdılması baxımından unikal fürsətdir. Eyni zamanda Azərbaycan reallıqlarının beynəlxalq aləmə çatdırılması, Qarabağ həqiqətlərinin dünyaya yayılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından da vacib hadisədir. İlk Avropa Oyunları ölkəmizin iqtisadi imkanlarını və turizm potensialını da artıracaq".
Xalq artisti Faiq Ağayev də ölkədə keçirilən bu beynəlxalq tədbiri yüksək qiymətləndirir. Müğənni "Avropa Oyunlarının Azərbaycanda keçirilməsini tam dəstəkləyirəm" – deyə bildirib: "Bu oyunların keçirilməsi ölkəmizi xaricilərə daha da tanıtmaq şansıdır. Ən azından bu yolla biz Qarabağ dərdimizi bütün dünyaya anlada bilərik. Bu, bizim üçün ermənilərə göz dağı vermək, bayrağımızı yüksəklərə qaldırmaq, idmançılarımızın uğurlarını görmək şansıdır. Düşünürəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə böyük xeyir gətirəcək".
Politoloq Rüstəm Məmmədov diqqətə çatdırıb ki, Avropa Oyunları zamanı Azərbaycandan 18 gün boyunca, gecə-gündüz bütün xarici media qurumlarında məlumatlar yayılacaq. O bildirib ki, bundan real təbliğat yoxdur. Bu idman oyunları Azərbaycanın təbliği üçün geniş məna daşıyır. İkincisi, müsəlman dövlətlərinin hamısını qaralayıblar. Guya ki, onlar terrorçudur, insan haqları pozulur. Belə bir vəziyyətdə Azərbaycan mədəni bir proses həyata keçirir. Oyunların Bakıda keçirilməsini fikirləşənlər, bu qərarı verənlər çox ağıllı və uzaqgörən adamlardır. Onlar başa düşürlər ki, Azərbaycanı dünyaya daha geniş təqdim etmək üçün bundan gözəl vasitə ola bilməz. Bütün dünyanın ürəyi Bakı ilə döyünəcək. Dünyanın aparıcı kanalları mütəmadi olaraq Bakı haqqında, eləcə də keçirilən oyunlar barədə məlumatlar verəcəklər. Hesab edirəm ki, bu oyunları fikirləşən dövlətimizin rəhbərliyi Azərbaycanı həqiqətən də sevirlər. Müsəlman dövlətlərinin əksəriyyəti özləri özlərini pis vəziyyətə qoyublar. Onlar insan haqlarını qəbul etmirlər, pozurlar. Bu isə öz növbəsində qanlı proseslərə gətirib çıxarır. Amma oyunlar əsnasında bəzi sivil dövlətlər Azərbaycanı o səpkidə yox, mədəni səpkidə görəcəklər. Onlar Azərbaycanı əmin-amanlıqdan xəbər verən, insanları xoşbəxt olan bir ölkə kimi görəcəklər. Azərbaycanı real həyatda dərk etmək lazımdır. Ölkəmiz dünya səpkisində çox gözəl təqdim olunur. Gələnlər Azərbaycandan çox şey götürəcək". "I Avropa Oyunları Qarabağ məsələsinin həllində nə kimi təsir göstərə bilər" sualına isə politoloq belə cavab verib: "Qarabağ probleminin həlli sırf Rusiyadan asılıdır. Ukrayna hadisələrindən sonra bəlli oldu ki, bu proses Rusiyaya bağlıdır. Rusiya razılaşa bilmir ki, öz tabeliyində olan ölkə müstəqillik qazanıb və özünü dünyaya təqdim edir. Rusiya üçün bu qəbuledilməzdir. Buna görə də biz bu gün Rusiya ilə əməkdaşlığı yeni səpkidə qurmağı bacarmalıyıq. Belə desək, Rusiyanın saqqızını oğurlamağı bacarmalıyıq. Bundan sonra Qarabağ məsələsi mexaniki sürətdə tənzimlənəcək".

Əli