İnsan Hüquqları üzrə Müvəkkilin hüquq və vəzifələri Layihə

İnsan Hüquqları üzrə Müvəkkilin hüquq və vəzifələri

Müvəkkilə şikayətlərin verilmə qaydası necədir?

II yazı

Bəs "İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar" nədir? Bu haqda maddə 11-də göstərilir: "Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır: bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda; şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda; bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda; şikayətlə bağlı məhkəmə icraatı getdikdə; təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda".
İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılma qaydası haqqında maddə 12-də danışılır: "Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə müvəkkilə təqdim edilməlidir. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı müvəkkilin aşağıdakı hüquqları vardır: maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq; cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək; onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq; dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq; cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq; şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq; şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz); müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq; dövlət və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının və müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər".
Maddə 13 "İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri" adlanır: "Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər: qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər); cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək; əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək; qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək; insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək; insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə Azərbaycan Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək; dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək; şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək".
Müvəkkilin illik məruzəsində aşağıdakılar nəzərdə tutulur: cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır. İllik məruzə Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir.
Məruzə "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikasının qanunvericilik toplusu"nda dərc olunur. Maddə 15-də Müvəkkilin bəzi məlumatları gizli saxlaması qaydası belə göstərilir: "Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi "Dövlət sirri haqqında" qanuna müvafiq surətdə həyata keçirilir. Şikayətdə əks etdirilmiş halların müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir".
İndi də Müvəkkilə şikayətlərin verilmə qaydası haqqında. İlk olaraq qeyd etmək lazımdır ki, Müvəkkilə şikayətlər həm yazılı, həm də şifahi formada verilir. Insan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, qanunda göstərilən hallar istisna olmaqla (anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər) baxılmır. Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır. Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Müvəkkilin Aparatının vəzifəsi insan hüquqlarının müdafiəsi, pozulmuş insan hüquq və azadlıqlarının bərpası üzrə Müvəkkilin fəaliyyətini təmin etməkdən, ərizəçilərin qəbulunu təşkil etməkdən, şikayətlərə baxılmasından və araşdırılmasından, şikayətlərlə bağlı analitik və başqa informasiya məlumatları və rəyləri hazırlamaqdan, şikayətlərin və xidməti sənədlərin icrası zamanı müəyyən edilmiş qaydalara və müddətlərə əməl edilməsinə nəzarəti həyata keçirməkdən, insan hüquqlarının pozulması hallarını təhlil etməkdən və gələcəkdə belə pozuntuların səbəblərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaqdan, Müvəkkilin yazışmalarının qeydiyyatı işinin və sənədlərinin saxlanmasının təmin edilməsindən, ölkədə insan hüquq və azadlıqlarının həyata keçirilməsinə monitorinqin təşkil edilməsindən, Müvəkkilin dövlət və yerli özünüidarə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin və əməkdaşlığının təşkilindən, insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşməsi, əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələləri ilə bağlı təkliflər hazırlanmasından, insan hüquqları və azadlıqları sahəsində maarifləndirmənin həyata keçirilməsindən, Müvəkkilin illik məruzəsinin layihəsinin hazırlanmasından, Müvəkkilin maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsindən ibarətdir.
İnsan hüquqlarının müdafiəsi şöbəsinin əsas funksiyası ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxılması və pozulan hüquq və azadlıqlarının bərpa edilməsi sahəsində Müvəkkilin fəaliyyətinin təmin edilməsini həyata keçirməkdir və vətəndaş və siyasi hüquqların müdafiəsi, iqtisadi və sosial hüquların müdafiəsi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, məhkumların hüquqlarının müdafiəsi və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorlarından ibarətdir.
Müvəkkilin adına daxil olmuş teleqramlar dərhal Müvəkkilə təqdim edilir və onların icrası həmin gün təmin olunur. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik, ən əsası isə müstəqillik prinsipləri əsasında həyata keçirilir. Bununla əlaqədar Müvəkkil öz fəaliyyətinə dair brifinqlər keçirir, bütün görülən işlər, keçirilən rəsmi görüşlər, müxtəlif tədbirlər, müvəqqəti saxlanılma yerlərində və ya istintaq təcridxanalarındakı baxışlar, hərbi hissələrdə görüşlər, şikayətlərin yerində araşdırmaları və digər tədbirlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır.

Uğur