“2015-ci il Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı baxımından yadda qalan il oldu” Layihə

“2015-ci il Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı baxımından yadda qalan il oldu”

Başa vurmaqda olduğumuz 2015-ci il bir sıra sahələrdə uğurlarla yadda qaldı. İstər xarici siyasət sahəsində əldə edilən nailiyyətlər, istər Azərbaycan iqtisadiyyatının dünyadakı dərin maliyyə və iqtisadi böhranına rəğmən öz inkişaf tempini davam etdirməsi, istərsə də idman sahəsində ölkəmizin adının Avropa, dünya birinciləri sırasında çəkilıməsini buna misal göstərə bilərik. Bəs görəsən 2015-ci il vətəndaş cəmiyyəti sahəsində hansı müsbət və ya mənfi tərəfləri ilə yadda qaldı? Başa vurmaqda olduğumuz il qeyri-hökumət təşkilatları üçün nə dərəcədə uğurlu oldu? Əksər sahələrdə müşahidə edilən inkişaf tempi vətəndaş cəmiyyətində də özünü büruzə verdimi?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, 2015-ci il Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı baxımından yadda qalan il oldu. Onun sözlərinə görə, Birinci Avropa Oyunları da əsas götürülməklə 2015-ci il Azərbaycanda vətəndaş cəmiyyəti üçün bir zirvə oldu: "Çünki vətəndaş cəmiyyətinin indiyə qədər qazandığı təcrübə, əldə etdiyi nailiyyətlər, yetişdirdiyi kadrların, könüllülərin fəallığını biz Birinci Avropa Oyunlarında gördük. Həmçinin vətəndaş cəmiyyəti tərəfindən milli mənəvi dəyərlərimiz yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim edildi. Ümumiyyətlə bir daha qeyd edirəm ki, bütün bunları nəzərə alaraq 2015-ci ili vətəndaş cəmiyyəti üçün yadda qalan, uğurlu il kimi hesab edə bilərik". Rauf Zeyni başa vurduğumuz ilin rəhbərlik etdiyi Milli Qeyri-Hökumət Təşkilatları Forumu üçün də uğurlu olduğu qənaətindədir. Bildirib ki,
Milli Qeyri-Hökumət Təşkilatları Forumu hər zaman vətəndaş cəmiyyəti quruculuğunda, onun inkişaf etdirilməsində yaxından iştirak edir: "Bu bizim hər zaman prioritet istiqamətimizdir və bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. İl ərzində forumun nəzdində bir neçə mərkəzlərimiz yarandı. Vətəndaş təşəbbüskarlığını artırmaq, stimullaşdırmaq, hər hansı bir insanın, yaxud QHT fəalının ideyalarını gerçəkləşdirmək üçün Milli QHT Forumunun nəzdində bir neçə mərkəz yaratdıq. Bunların sırasında MQF elm, Qarabağ, hüquq, turizmin inkişafı, eləcə də psixoloji araşdırma və dəstək mərkəzləri, gənclər, media klublarının adını qeyd edə bilərik. Hazırda da bu istiqamətlərdə işlər davam edir. Qeyd edim ki, bundan əvvəl də forumun müəyyən bölmələri fəaliyyət göstərirdi. Yeni mərkəzlər və klubların yaradılmasından sonra isə qeyd edilən istiqamətlərdə fəallıq bir qədər
də genişlənib və intensivləşib. Ötən müddət ərzində müvafiq mərkəz və klublar bir sıra sahələrlə bağlı tədbirlər keçirib. Bəzi dövlət qurumları və yerli icra hakimiyyətləri ilə birlikdə keçirilən tədbirlərdə cəmiyyətimiz üçün aktual olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı, müəyyən təklif və təşəbbüslər ortaya qoyuldu. Xüsusilə bu sırada cəmiyyətimiz üçün başlıca problemlərdən biri olan narkomaniya problemi, onun doğurduğu fəsadlarla bağlı keçirilən tədbirləri qeyd etmək istərdim. Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birlikdə Qəbələ, Oğuz, Şəki, Zaqatala, Suraxanı, Abşeron, Yasamal və Nizami rayonlarında qeyd edilən mövzularda tədbirlər keçirildi, narkotik vasitələrdən istifadənin insan orqanizmi üçün zərəri ətrafında danışıldı. Həmçinin tədbirlər zamanı iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu məqsədlə hazırladığı maarifləndirici materiallar paylandı. Bu baxımdan müvafiq dövlət qurumları ilə belə tədbirlərin keçirilməsini biz vətəndaş cəmiyyətinin inkişafı hesab edirik. Onu da diqqətə çatdırım ki, keçən müddət ərzində Ombudsman Aparatı ilə də bir çox tədbirlərdə iştirak etmişik". Forumun prezidenti deyib ki,
bu il Milli QHT Forumu yeni bir imkan qazanmış oldu ki, bu da Bakı QHT və Resurs Mərkəzinin açılması ilə bağlıdır: "Məlumat üçün qeyd edim ki, belə bir mərkəzin açılmasına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, həmin mərkəzin zəruri avadanlıqlarla təmin olunmasına isə TİKA öz dəstəyini verib". Rauf Zeyni deyib ki, Milli QHT Forumu beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində də fəaliyətini davam etdirib. O, bildirib ki, rəhbərlik etdiyi qurum Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvdür: "Bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən toplantıda da biz məşvərətçi səslə iştirak etdik. Bundan sonra da beynəlxalq əlaqələrin genişləndirilməsinə maraqlıyıq. Eyni zamanda ayrı-ayrı xarici ölkələrin QHT-ləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi forumun üzvü olan təşkilatların marağındadır və biz bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışırıq. Xüsusilə Avropa İttifaqına daxil olan ölkələrdə yeni tərəfdaşların əldə edilməsi, onlarla əməkdaşlıq etmək, müvfiq ölkələrin QHT-ləri ilə Forumun birgə tədbirlərinin keçirilməsi gündəmdədir. Qeyd edilən istiqamətlərdə də fəaliyyətimiz davam etdirilir". Rauf Zeyni 2016-cı il üçün qarşıya qoyduğu əsas prioritetləri də açıqlayıb. Bildirib ki, əsas prioritet vətəndaş cəmiyyətinin gücləndirilməsidir: "Yəni güclü dövlət, şəffaf cəmiyyət və güclü vətəndaş prinsipi əsasında fəaliyyətimizi inkişaf etdirək. Əgər ən ucqar bölgələrə belə vətəndaş cəmiyyəti istədiyimiz, arzu etdiyimiz səviyyədə çatmayıbsa, biz ora da gedib çıxmalıyıq və bu istiqamətdə bütün dövlət qurumları ilə birlikdə işləmək
lazımdır". Rauf Zeyni dövlət qurumlarında ictimai şuraların yaradılması istiqamətində görülən işlər barədə də danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2014-cü il, iyun ayının 1-dən "İctimai iştirakçılıq haqqında" Qanun qüvvədədir: "Qanuna müvafiq olaraq dövlət qurumlarında QHT-lərdən ibarət İctimai Şuralar yaradılır. Təssüflər olsun ki, cəmi 4-5 nazirlik və Dövlət Miqrasiya Xidməti bu məsələni həyata keçirib. Qalan əlaqədar qurumlarda isə hələlik bununla bağlı heç bir qərar qəbul edilməyib".
Azərbaycanda könüllülük fəaliyyətindən də danışan Rauf Zeyni deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qeyri-hökumət təşkilatlarının azad fəaliyyəti, sərbəst şəkildə yaradılması, fəaliyyəti üçün müxtəlif qanunlar qəbul edildi. Bunlardan biri də "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsinin qəbul edilməsi idi: "Əgər QHT-lərin daxilində minlərlə könüllünün fəaliyyət göstərdiyini nəzərə alsaq, bu qanunun çox böyük əhəmiyyətə malik olduğunu söyləyə bilərik. Qanun Azərbaycanda ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdırdı. Ümumiyyətlə beynəlxalq aləmdə könüllülük fəaliyyəti söz, yığıncaq və birləşmək azadlığının ayrılmaz tərkib hissəsi hesab edilir".
R. Zeyninin sözlərinə görə, "Könüllü fəaliyyət haqqında" qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir: "Qanunun 2-ci maddəsində göstərilib ki, könüllü fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Eyni zamanda əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən fəaliyyətdir".
R. Zeyninin sözlərinə görə, könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: "Əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə,qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması. Hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı,xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi də könüllü fəaliyyət istiqamətlərinə daxildir. Həmçinin tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi və ölkə qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri də bu istiqamətə aid edilir".
Həmsöhbətimizin sözlərinə görə, şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Həmçinin qanunla könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Eləcə də, kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər ölkə qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. R. Zeyni deyir ki, yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər: " Qanunun 4.7 maddəsində göstərilib ki, yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır".
Həmsöhbətimizin sözlərinə görə, bəhs etdiyimiz qanunun könüllü fəaliyyətin təşkilatçılarının hüquqlarını da qoruyur: "Könüllü fəaliyyətin təşkilatçıları bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək, müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək,könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq,. könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək hüququna malikdir.

Əli