Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik Layihə

Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik

I yazı

Elmi ədəbiyyatlarda "tolerantlıq" – (latınca tolerancia – hərfən dözümlülük) – dini və milli müxtəlifliyin etirafı və ona hörmətlə yanaşılması kimi şərh edilib. Qərbdə tolerantlıq problemi ilk dəfə Orta əsərlərdə yaranmış və əxlaqi fəzilət, qeyri-xristian və yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən keçirilib. Dini tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian ilahiyyat alimi Foma Akvinalının "Teologiyaların külliyatı" əsərində rast gəlmək olar. Yeni dövrdə tolerantlıq problemini ilk tədqiq edən ingilis filosofu Con Lokk (1632-1704) olmuşdur. O, "Tolerantlıq haqqında öyüdnamə" ("Epistola de tolerancia") əsərində tolerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslandırmağa cəhd göstərib. C.Lokk hesab edir ki, əgər dində məhəbbət, iltifat və mərhəmət yoxdursa, o həqiqi sayıla bilməz. İsa Məsih naminə başqasını təqib edənlər onun təlimini eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif dinlərə itaət edə bilərlər və yalnız dini müxtəlifliyə dözümlülük, cəmiyyətə sülh bəxş edə bilər. Qərbi Avropada tolerantlıq probleminə Nikolay Kuzanlı, Piko dela Mirandola, Erazm Rotterdamlı kimi mütəfəkkir də xüsusi diqqət yetiriblər. Protestant reformasiyası da tolerantlığı dəstəkləyib. Tolerantlığın sonrakı tədqiqi T.Hobbs, Y.Bentam, A. de Tokvil, Volter, D.Didro, A.Smit, C.S. Mill, XX əsrdə isə G.Zimmel, T.Nükom və Frankfurt məktəbinin nümayəndələrinin adı ilə bağlıdır.
Sakit Hüseynov "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" kitabında yazır ki, dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq bir neçə növdə ola bilər. Bunlar aşağıdakılardır:
1. Başqa din mənsubuna qarşı tolerantlıq (xristian-müsəlman, müsəlman-buddist, xristian-buddist və s.)
2. Başqa təriqət nümayəndələrinə qarşı tolerantlıq (katolik-protestant, protestant-pravoslav, sünni-şiə)
3. Sektant hərəkatlarına qarşı tolerantlıq
4. İnanclı ilə inancsız arasındakı tolerantlıq (mömin-ateist) və s.
Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmiş və etməkdədirlər. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmayıb. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olub. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığı vurğulanmalıdır. Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır. Son illərdə respublikada keçirilən konfranslar əsasən aşağıdakı mövzuları əhatə edib:
1. "İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq elmi-praktik konfrans (10 dekabr 1998).
2. "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq elmi-praktik konfrans (10-11 oktyabr 2002).
3. "Din və demokratiya: nəzəriyyə və təcrübə" mövzusunda beynəlxalq elmi-praktik konfrans (21 iyun 2004).
4. "H.Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans (3-4 aprel 2007).
5. "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-lərin rolu" mövzusunda elmi-praktik konfrans (26-28 aprel 2007).
6. "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq elmi-praktik konfrans (6 noyabr 2009).
7. "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans (27-28 sentyabr 2007).
8. "Mədəniyyətlərarası dialoq – Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans (2-3 dekabr 2008).
9. "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda beynəlxalq elmi-praktik konfrans (30 aprel 2009).
10. QMİ-nin təşəbbüsü ilə Moskva şəhərində "MDB müsəlmanları millətlərarası həmrəylik uğrunda" adlı beynəlxalq konfrans (18 iyun 2009).
11. Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010).
12. "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq elmi-praktik konfrans (19 aprel 2006).
13. "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum (10 iyun 2008).
14. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel 2011). 16. "İslamda mədəniyyət və gözəllik amili" mövzusunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr 2009).
15. "Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda I beynəlxalq Bakı forumu (19-21 dekab 2012).
Yuxarıda qeyd olunan sonuncu forum 19-21 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə təşkil edilib. Bu forumda iştirak edən Misirin tanınmış "Əl-Əhram Əl-Arabi" adlı həftəlik jurnalının baş redaktor müavini Süzi Əl-Qineydi Bakıdan Misirə qayıtdıqdan sonra Azərbaycanda mövcud olan dini tolerantlıq vəziyyətini işıqlandırmaq üçün çalışdığı jurnalda "Bakı tolerantlıq və günəş şəhəridir" adlı məqalə çap etdirib. Süzi Əl-Qineydi Bakıda olduğu müddətdə Azərbaycanda mövcud olan dini durumla şəxsən tanış olmuş, xalqımızın tarixi, mədəniyyəti və iqtisadi inkişafı ilə maraqlanmış, eyni zamanda torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu önə çəkmiş, lakin bütün bunlara rəğmən hazırkı şəraitdə Azərbaycanın dini tolerantlığa örnək olan bir ölkə olduğunu çalışdığı jurnalda aşağıdakı kimi qeyd edib: "Azərbaycan kimi ölkədən yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı illərdə daxili parçalanmalarla dolu ağır mərhələni uğurla qət etməyə müvəffəq olub. Eyni zamanda, həmin mərhələdə Azərbaycanın 20% torpaqları Ermənistan tərəfindən işğal olunub. Ermənistanın separatçı rejimi Dağlıq Qarabağ regionunun müstəqilliyini elan edib. Buna baxmayaraq, bu müstəqillik heç bir dövlət tərəfindən tanınmamış və həmin region beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qüvvələri tərəfindən işğalı hələ də davam edir. Bütün bunlara rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi olmağı bacarıb."
S.Hüseynov öz kitabında qeyd edir ki, din və mədəniyyətlə bağlı yuxarıda göstərilən möhtəşəm beynəlxalq konfransların respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə ölkəmizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın beynəlxalq aləmdə dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhvə verən bir ölkə olduğunu dünyaya tanıdır.
Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Azərbaycan İslam dünyasının bir parçası olaraq Qaqazda ən böyük müsəlman respublikası sayılır. Digər Qafqaz xalqları kimi Azərbaycan xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə sadiq olub, öz adət-ənənələrinə ehtiramla yanaşıb. Son illərdə islam dini, islam sivilizasiyası haqqında yeni-yeni tədqiqat əsərlərinin sayı çoxalıb, bu sahədə keçirilən beynəlxalq konfrans və simpoziumların coğrafiyası genişlənib. Xüsusən, islam mədəniyyətinə diqqətin artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən sonra daha da mühüm əhəmiyyət kəsb etməyə başlayıb.

Cavid