“Ermənistanın addımları onun problemin həllində maraqlı olmadığını göstərir” Layihə

“Ermənistanın addımları onun problemin həllində maraqlı olmadığını göstərir”

Aydın Mirzəzadə: "Azərbaycan Ermənistanın istənilən addımını zərərsizləşdirmək imkanlarına sahibdir"

Mübariz Göyüşlü: "Ermənistanın bütün manevr imkanları tükənib"

Ramiz Alıyev: "Ermənistan Dağlıq Qarabağ məsələsində hər zaman sabotajla məşğul olub"

Dağlıq Qarabaq münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində irəliləyiş yoxdur. Görünən odur ki, Ermənistan bütün səylərini status-kvonu saxlamağa yönəldib. Bunun üçün o hər cür təxribata əl atır, sabotajla məşğul olur. Hazırda Daqğlıq Qarabağ münaqişəsinin həllinə mane olan amillər hansılardır? Ermənilərin status kvonu saxlamaq cəhdlərinə qarşı alternativ hansı imkanlar var? Tərəflər arasında görüş baş tutacaqmı?
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İslam Oyunlarından sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilib-keçirilməyəcəyinə münasibət bildirərkən "hazırda bu barədə fikir söyləmək bir qədər tezdir. Rusiya tərəfindən də məlumat verildiyi kimi, hələ müzakirə mövzularından biri Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərindən ibarət üçtərəfli görüşlərin keçirilməsidir. Bu cür məsələlər ətrafında hazırda müəyyən müzakirələr aparılır", - deyə bildirib. H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə əlaqədar görüşlərə həmişə hazırdır: "Bir məntiqlə ki, keçirilən görüşlər imitasiya xarakteri daşımamalıdır. Yəni, görüş naminə görüş keçirilməməlidir. Burada substantiv məsələlər müzakirə olunmalıdır. Münaqişənin həlli ilə bağlı konkret məsələlər müzakirəyə çıxarılmalıdır ki, bu da danışıqlar prosesi və münaqişənin həllinə öz töhfəsini versin".
Millət vəkili Aydın Mirzəzadə deyib ki, son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar onun problemin həllində maraqlı olmadığını göstərir: "Torpağı işğalda saxlayaraq hər hansı bir formada danışıqlarda irəliləyişə nail olmaq onun əsas məqsədidir. Çünki indi hakimiyyətdə olan elita məhz işğal nəticəsində öz hakimiyyətini uzada bilir və bundan siyasi, iqtisadi dividentlər götürür. Onu nə Ermənistan dövlətinin inkişafı, nə də erməni xalqının firəvanlığı maraqlandırır. Min illik fasilədən sonra təsadüfən milli dövlətçilik əldə etmiş Ermənistan cəmiyyəti əslində öz dövlətçiliyinin iflasını yaşayır". Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli Ermənistan qoşunlarının Azərbaycan torpağından çıxarılmasıdır: "Bunu Ermənistanda da çox yaxşı başa düşürlər. Ancaq buna getmək istəmirlər. Məqsədləri vaxtı uzatmaq, bacardıqları qədər hakimiyyətdə çox qalmaqdan ibarətdir. Lakin tarixi proses heç də Ermənistanın xeyrinə işləmir. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Heç bir halda Ermənistanın provokasiyası Azərbaycan tərəfindən qəbul edilməyəcək. Həm siyasi, iqtisadi, həm də hərbi yolla əldə etdiyimiz uğurlar Azərbaycana artıq müsbət nəticələr gətirməkdədir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, danışıqların davam etdirilməsi əsas məsələ kimi ortaya qoyulur. Hərbi sahədə isə ötən ilin aprelində əldə etdiyimiz uğurlar göstərir ki, Ermənistan hərb maşını Azərbaycan ordusunun gücü qarşısında davam gətirə bilməyəcək. Bu günlərdə cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin geniş hərbi təlimlərinin keçirməsi də Azərbaycanın Qarabağ məsələsində əzmini və qətiyyətini göstərir".
Aydın Mirzəzadə həmçinin əlavə edib ki, Ermənistan neçənci dəfədir ki, regionda müharibə yaradacağını elan edib: "Özündə "İsgəndər" raketlərinin olması ilə bağlı bəyanat verib. Qeyd edib ki, bu raketləri Azərbaycana qarşı tətbiq edəcək. İsgəndər" raketlərinin böyük dağıdıcı qüvvəyə malik olduğunu nəzərə alsaq, onun regiondakı infrastrukturlar, Avropanın enerji təhlükəsizliyi üçün təhdid yaratdığı şübhəsizdir. Odur ki, Qərb dairələri Ermənistanın həyasız bəyanatlarına diqqət yetirmyə başlayıblar. Doğrudur, Ermənistan dediyini edəcək cəsarətə sahib deyil. Bundan başqa, Azərbaycan Ermənistanın istənilən addımını zərərsizləşdirmək, ona layiqli cavab vermək üçün geniş imkanlara malikdir. Aprel döyüşləri Azərbaycanın hələ üzə çıxartmadığı müasir silahlara malik olduğunu göstərir. Lakin balaca bir dövlətin iqtisadi baxımdan qüdrətli bir dövləti hədələməsi, onun ərazi bütövlüyü pozması artıq ciddi məsələdir. Ermənistanın uşaq oyunları artıq Qərbi bezdirməyə başlayıb. Ona görə də Qərbdən bu kimi çağırışları biz hələ çox eşidəcəyik".

Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirib ki, əlbəttə ermənilərin xaricdəki havadarları olmasa Azərbaycan üçün bu konflikti həll etmək an məsələsidir: "Amma Ermənistana hazırkı situasiyanı saxlamaq sərf edir. Ona görə də ciddi-cəhdlə problemin həll olunmasına maneçilik törədirlər, süni əngəllər çıxararaq bunu hər dəfə uzadırlar. Cəbhə xəttində atəşkəsin tez-tez ermənilər təfərindən pozulması, erməni hərbi birləşmələrinin təxribatları buna əyani sübutdur. Beynəlxalq təşkilatların və böyük dövlətlərin ikili yanaşmasından sui-istifadə edərək destruktiv rollarını davam etdirirlər. Beynəlxalq hüquqa, Azərbaycanın ədalətli mövqeyini təsdiq edən qərarlara, sənədlərə əhəmiyyət vermirlər. Bütün bunlar problemin həll olunmasını çətinləşdirir, konkret nəticəyə gəlməyə imkan vermir. Ortaya ciddi bir məqam çıxan kimi, razılaşmaya yaxınlaşan kimi Ermənistan özünün destruktiv mövzqeyini göstərir".
O bildirib ki, Ermənistanın bütün manevr imkanları tükənib: "Bunu daxildə də anlayırlar, xaricdə də gözəl başa düşürlər. Azərbaycanın qətiyyətli və uğurlu xarici siyasəti nəticəsində rəsmi İrəvan təcrid olunmuş durumdadır. Diqqət yetirsək görərik ki, erməni disaporası Ermənistana dəstək verməkdən bir növ bezmiş durumdadır. Haqlı olaraq da xaricdəki ermənilər düşünürlər ki, onlar nəyə görə terrorçu Ermənistan rəhbərliyinin siyasi ehtiraslarının əsiri olmalıdırlar. Mən inanıram ki, gələcəkdə erməni diasporası bütövlükdə bu dəstəyi kəsəcək. Daxildə də Ermənistan iqtidarı çətin duruma düşüb. Məhz buna görə daxildəki gərginlikdən diqqəti yayındırmaq üçün tez-tez cəbhə xəttində təxribatlar törədir. Amma bu erməni əhalisinin sosial-iqtisadi durumun ağırlığı ilə bağlı etiraz aksiyaları təşkil etməsinin qarşısını ala bilmir. Bütün bunlar rəsmi İrəvanın yarıtmaz siyasətinin nəticəsidir. Azərbaycan siyasi və hərbi təzyiqlərini, Ermənistanın iqtisadi blokadası ilə bağlı gördüyü işləri daha da gücləndirməlidir. Hazırda rəsmi Bakı çox doğru addımlar atır və hücum taktikasından istifadə edir. Bu da real nəticələrini göstərir. Ötən il aprel döyüşləri kimi tarixə düşən hadisə buna əyani sübutdur. İlk dəfə olaraq Ermənistan iqtidarı xaricdən dəstək ala bilmədi, yalan təbliğatı ilə kimsəni aldada bilmədi və s. Bütün bunlar göstərir ki, Azərbaycanın hücum taktikası effektlidir. Bu üsulla mən hesab edirəm ki, biz Ermənistanı tutduğu destruktiv mövqedən çəkindirə, lazım olan nəticəni ala bilərik".
Politoloq Ramiz Alıyev vurğulayıb ki, Ermənistan hər zaman Dağlıq Qarabağ məsələsində bütün dönəmlərdə sabotajla məşğul olub: "Ona görə də el arasında belə bir deyim var ondan sona kimi istifadə etmək lazımdır, "oğrunu evinə kimi qovmaq lazımdır". Ancaq maraqlısı budur ki, bu ermənilərin özlərinə aid heç bir torpağı da yoxdur ki, ora qədər qovasan, hamısı qonşu ölkələrin torpaqlarıdı".
Onun sözlərinə görə, bizlər işğalçı, sabotajçı Ermənistan dövləti ilə mübarizəni yalnız səngərlərdə, siyasi arenalarda deyil, informasiya sahəsində də, internet üzərində də, idman sahəsində də, mədəniyyət sahəsində də ən yüksək səviyyədə aparmalıyıq: "Dünyada ölkələri ən çox tanıdan və təbliğ edən sahələrdən biri və birinciləri idman və mədəniyyət sahəsidir. Bu gün şükürlər olsun ki, ölkəmiz cənab Prezidentin qayğısı ilə hər iki sahədə inkişaf edib və gözəl uğurlara imza atıb. Hesab edirəm ki, bu sahələri daha da inkişaf etdirməliyik və haqq səsimizi filmlər vasitəsi ilə dünyaya çatdırmalıyıq. Bilirsiniz elə yerlər var ki, orada siyasi polimikalar öz istədiyi təsirini göstərə bilmir və bu reallıqdır. Mədəniyyət sahəmizin dünyaya çıxmasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi zəhməti və əməyi var. Biz də Azərbaycan Respublikasının vətəndaşları olaraq cəmiyyətdə tutduğumuz vəzifədən və mövqedən asılı olmayaraq o bu cür məsələlərdə dövlətimizin və cənab Prezidentin həyata keçirdiyi işlərdə yaxından iştirak etməliyik. Diasporumuzun güclənməsi üçün birlik nümayiş etdirməliyik. Bütün bu addımları hər bir vətəndaş öz üzərində hiss etsə və əlindən gələn addımları atsa hesab edirəm ki, dünyada nə Ermənistan dövləti, nə də Ermənistan diasporu nüfuz əldə edə bilər".
Politoloq Cümşüd Nuriyev deyib ki, Azərbaycan tərəfi sülh yolu ilə Qarabağ məsələsinin həll olunması üçün bütün addımları atıb:"Ona görə də ölkəmizin yeni bir addım atmasına ehtiyac yoxdur. Addımı Ermənistan və onu dəstəkləyən dünya ölkələri, eləcə də bu işlərə ikili yanaşanlar atmalıdır. Burada əsas rolu Rusiya oynayır"..
Politoloqun sözlərinə görə, Rusiyanın hazırkı tutduğu mövqe bizi kifayət qədər qane etmir: "Axı rəsmi Moskva necə haqlı mövqe tuta bilər ki, bu məsələlərdə sırf Ermənistanın mövqeyini dəstəkləyir. Ermənistanın Qarabağ danışıqlarındakı sabotajlığına gəldikdə isə, bu anlaşılan bir şeydir. Onlar bu günə qədər də bunu sabotaj ediblər və bundan sonra da elə olacaq. Ermənistan çalışır ki, 2018-ci ilin yanvarına qədər bu məsələlər gündəmə gəlməsin. Jirinovskinin, Lavrovun çıxışları Rusiyanın mövqeyindən xəbər verir. Azərbaycan Dağlıq Qarabağ məsələsində Ermənistanın atacağı heç bir addımı gözləməməlidir. Çox təəssüf ki, dünya dövlətləri də buna susurlar. Yəni bu qarşıdurma daha pis ola bilər".

Əli