Etnik xalqların həyatı KİV-də Layihə

Etnik xalqların həyatı KİV-də

Onların adət-ənələri, sosial problemləri həmişə Azərbaycan mediasının gündəmindədir

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlik tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə olunub. 2006-cı ildə qəbul edilən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsi, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulması, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılması baxımında çox mühüm sənəd oldu. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilir, onun icrası nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilir. Ölkəmizdə milli və etnik azlıqların hüquqları hərtərəfli və ən yüksək səviyyədə qorunur. Azərbaycan müxtəlif etnik, milli qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulan və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli ölkədir. 1995-ci ildə qəbul olunan Konstitusiyanın bir neçə maddəsi də məhz mənşə, milli, etnik, irqi, dil və dinindən asılı olmayaraq azlıqların hüquqlarının təmini, qorunması və inkişafına həsr olunub. Məsələn, Konstitusiyanın 44-cü maddəsində göstərilir ki, Azərbaycanda yaşayan hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Ali qanunun 25-ci maddəsində isə qeyd olunur ki, dövlət milli, etnik, irqi, dil və dini fərqlilikdən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan həmçinin "Milli azlıqların hüquqlarının müdafiəsi haqqında" çərçivə Konvensiyasına qoşulan Cənubi Qafqazın ilk respublikasıdır. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin Hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim edib.
Etnik xalqların həyatı, adət-ənələri, problemləri həmişə Azərbaycan mediasının gündəmində olub. Bu da Azərbaycanda söz azadlığının bir nümunəsinin göstəricisidir. Onu da deyək ki, Azərbaycanda kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq var və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Lakin son bir neçə ildə aparılan araşdırmalar göstərdi ki, cəmiyyətin müxtəlif təbəqələrinin də "millət", "xalq", "etnik azlıq", "azsaylı xalq" və "milli azlıqlar" ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur. Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Belə hallara KİV-lərdə rast gəlmək olur. Hətta bəzən terminin daşıdığı tarixi, bioloji, siyasi çalarlardan ehtiyat edən həmkarlarımız onu dırnaq arasına alaraq göstərirlər. Bu azmış kimi bəzən bu təbəqənin insanlarını adı və soyadı ilə deyil, etnik kimlikləri ilə çağırırlar. Əslində isə vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də başqa bir vasitə lazım deyil. Əlbəttə, "millət", "xalq", "azsaylı xalq", "milli azlıq", "etnik azlıq" məfhumları təzə yaranan terminlər deyil. Öz məna çalarlığı baxımından nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlib. Bütün dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri var.
Azlıq anlayışından danışarkən mədəni müxtəlifliyə - yəni multikulturalizmə də toxunmaq lazımdır. Çünki bütün ölkələrdə bu kateqoriyadan olan insanlara ictimai-siyasi hüquqlardan daha çox, mədəniyyətlə bağlı məsələlərə də geniş səlahiyyətlər verilir. Mədəniyyətin isə ən mühüm şərtlərindən biri - mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyaların fərqliliyindən irəli gəlir.
Yaxın zamanlarda geniş yayılmasına baxmayaraq, bu anlayışın əslində qədim tarixi vardır. Multikulturalizm ümumbəşəri varlığın inkişafının əsaslarından biridir. Əvvəlki əsrlərlə müqayisədə bu gün "multikulturalizm" termini bir qədər fərqli məna daşıyır. Bu gün alimlərin əsas məqsədi cəmiyyətin daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara meylliyini artırmağa nail olmaqdır. Mədəni bərabərliyin təmin edilməsi, tolerantlığın inkişafında mühüm rol oynayan multikulturalizm sivilizasiyalar arasında dialoqu gücləndirir, ayrı-seçkiliyin qarşısını alır, fərqli mədəniyyətləri təmsil edən xalqların sülh şəraitində birgə yaşayışına müsbət təsir göstərir. Ölkəmizdə müxtəlif dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaradıb. Multikulturalizmin alternativi özünütəcriddir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar. Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri, tolerantlıq mühitini beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. İnsanlara mənəvi təzyiqlərin nəticələri daha ağır olur, ona görə də münaqişələr tezliklə həllini tapmalı, xalqlar və millətlər mənəvi təzyiqlərdən xilas olunmalıdırlar.
Xatırladaq ki, sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarı ilə bir-birinə daban-dabana zidd idi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla "sovet xalqı" adı altında yeni birliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əsas tutaraq, "dostluq" və "bərabərlik" şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı xalqı isə az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın iqtisadi potensialını göstərən əsas amil idi. Bu gün isə Azərbaycanda milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər dözümlülük nümayiş etdirir. Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranacaq teleradio kanallarından daha çox milli azlıqların dillərindən istifadəyə meylli yayımçılara üstünlük verir. Hazırda bir ay ərzində Azərbaycan radiosunda talış, kürd, ləzgi dillərində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər yayımlanır. Azərbaycan dövlət televiziyası azsaylı xalqlardan olan rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı təqdim edir. Ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılıb. Özəl kanallardan "ANS", "Lider", "Azad Azərbaycan" və "Srace"də rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30 faizini təşkil edir. Regional telekanallarda (10 regional kanal var) rus dilindəki verilişlərin həcmi 25-40 faiz təşkil edir. Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Lənkəran TV", Zaqatalada "Aygün TV" adlı yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.
Avropa Komissiyasının maliyyələşdirdiyi "Cənubi Qafqaz əlaqələri və vətəndaş həmrəyliyi" layihəsi çərçivəsində ölkə mətbuatında milli azlıqlar haqqında dərc olunan materialların sayı və mahiyyəti ilə bağlı hələ 2002-ci il 1-31 dekabr və 2003-cü il 15 yanvardan 15 fevrala qədər monitorinq aparılıb. Monitorinq zamanı 8 qəzet tədqiq olunub. Aydın olub ki, qəzetlərdə onların ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərinin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat verilib. Göründüyü kimi, azsaylı xalqların həyatı müstəqillikdən sonrakı dövrlərdə də Azərbaycan KİV-ləri üçün prioritet mövzu olub.

Cavid