Azərbaycan diasporu və diplomatik korpuslar Layihə

Azərbaycan diasporu və diplomatik korpuslar

Qarşılıqlı əməkdaşlıq, koordinasiya məsələləri və perspektivlər

Diaspor təşkilatları ilə diplomatik korpulsar arasında qarşılıqlı əməkdaşlıq və koordinasiyanın olması vacib şərtlərdən biridir. Bu barədə dəfələrlə müzakirə aparılıb, məsələyə ən yüksək səviyyədə münasibər bildirilib və tövsiyələr verilib. Bu istiqamətdə müsbət fəaliyyət göstərən diplomatik korpuslarımız olsa da ümumilikdə aradan qaldırılması zəruri olan problemlərimiz var.
Məsələn, bəzən müəyyən səfirliklər nəinki mükəmməl koordinasiya həyata keçirir, yaxud disapor təşkilatlarının təşkilatlanmasına yardım edirlər, hətta onların işinə mane olurlar. Bunun da bir sıra səbəbləri var.
Problem yaradan əsas faktor yanlış yanaşma tərzidir. Bəsi diplomatlar elə başa düşürlər ki, diaspor təşkilatları onların dediyi ilə oturub durmalı, atacaqları addımları onlarla razılaşdırmalı, yaxud proqramını onların icazəsi ilə müəyyənləşdirməlidir və.s.
Bu prizmadan məsələyə yanaşıldıqda arzuolunmaz mənzərə meydana çıxır və diaspor təşkilatları ilə səfirliklər arasında narazılıqlar başlayır. Bu da ümumi işə yalnız zərər verir və nəticədə ümummili məsələlərlə bağlı təşkilatlanmağımız zəifləyir, işin effektivliyi azalır.
Ümumiyyətlə, Azərbaycan diplomatik korpusları ilə diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlıq və koordinasiya necə həyata keçirilir? Bu istiqamətdə daha çox hansı problemlər var? Problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Real mənzərə

Qeyd edək ki, bu problemlə bağlı çoxsaylı nümunələr göstərmək olar.
Adının çəkilməsini istəməyən sabiq diplomatlardan birinin dedikləri çox maraqlıdır: "İşlədiyim illərdə səfirin diaspor təşkilatları ilə bağlı düşüncəsinin yanlışlığının şahidi olurdum. Səfir elə bilirdi ki, diaspor təşlkilatları onun dediyi ilə oturub durmalıdırlar. Hətta bir dəfə maraqlı bir fikir də səsləndirmişdi. Demişdi ki, fəaliyyət göstərdiyi ölkədə bütün diaspor təşkilatları birləşməlidir, yalnız bir təşkilat fəaliyyət göstərməlidir. Səfirliyin də yalnız bundan sonra dəstək verə biləcəyini dedi. Təbii ki, bu mümkün olan bir iş deyil. Bu cür yanaşma kökündən yanlışdır və bütövlükdə işimizə zəbə vurur. Çünki təşkilatlar belə bir əsassız fikri heç zaman qəbul etməz və etmədi də. İkincisi də hər bir təşkilatın öz dəsti xətti var və ona uyğun fəaliyyət göstərir. Bu gün də problemlər var və onlar öz həllini tapmalıdır ki, Azərbaycan diaporu effektiv fəaliyyət göstərə bilsin".
Göründüyü kimi yaxın keçmişdə olan bu mənzərə tam aradan qaldırılmayıb. Təsadüfi deyil ki Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV qurultayında səfirliklərin diaspor təşkilatlarına ciddi dəstək verməsinin vacibliyini vurğulamışdı: "Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər".
Doğrudur, normal fəaliyyət göstərən səfirliklər də var və onların fəaliyyəti təqdir olunmalıdır. Amma bütövlükdə bu istiqamətdə problemlərimiz mövcuddur. Təbii ki, dövlət başçısının da bu məsələyə toxunması təsadüfi deyildi, onun tənqidi çıxışı proqram xarakterli idi. Həm diplomatlar, həm əlaqədar qurumlar, eyni zamanda, diaspor təşkilatları bundan ciddi nəticə çıxrmalıdırlar.

Diaspor fəalları və ekspertlərin söylədikləri...

Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasov dedi ki, diplomatik korpuslar koordinasiyanı necə həyata keçirirdiklərini daha yaxşı bilirlər: "Ancaq əlbətdə ki, diplomatik korpusların diaspor təşkilatları ilə əlaqələri var. Hər halda Niderlandda belədir və inanıram ki, başqa ölkələrdə də fərqli deyil. Bu münasibətlərin hansı müstəvidə qurulması isə ayrı mövzudur. Düşünürəm ki, diplomatik korpuslarımız xaricdə yaşayan hər bir soydaşımızla maraqlanmalıdır və eləcə də buradakı bütün təşkilatlarla əlaqəsi olmalıdır. Ancaq təbii ki, bu istək qarşılıqlı olmalıdır, birtərəfli qaydada bu mümkün deyil. Ötən dövrlərdə Niderlanddakı diplomatik korpusumuzun qapılarının bütün təşkilatlara açıq olduğunu desək düzgün olmaz. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın Niderlanddakı diplomatik korpusunda əsaslı dəyişiklik oldu. Keçmişə baxmaq istəmirəm, ümid edirəm ki, yeni kadrlar əvvəlki illərdən fərqli münasibət sərgiləyəcəklər. Bilirsiniz, diplomatik korpusda çalışanlar orada müvəqqəti olurlar. Ona görə də, onlar yerli xalqın xüsusiyyətlərinə həmin ölkədə yaşayan soydaşlarımız qədər bələd olmaya bilərlər. Hesab edirəm ki, diplomatlarımız bunu nəzərə almalıdırlar. Bundan başqa, diplomatik korpuslarımız, eləcə də bu işə məsul olan komitəmiz diaspor fəaliyyətləri ilə bağlı məsləhətlər, tövsiyələr versələr yaxşı olar. Onların israrlı tələblər etməsi yerində hesab olunmaya bilər. Diaspor təşkilatlarımızın heç bir yerdən maddi asılılığı olmamalıdır.
Ümummilli məsələlərdə, məsələn, Qarabağ məsələsində, demək olar ki, buradakı bütün soydaşlarımızın fikirləri üst-üstə düşür və bu da sevindirici haldır.
Bir qədər konkretləşdirib deyə bilərəm ki, bizim təşkilatımızın diplomatik korpuslarımızla olan əlaqəsi bu günə qədər, tədbirlərə aldığımız dəvətlər səviyyəsində olub. Bəzən də müəyyən məsələlərdə məsləhətləşmələr etmişik. Məlumat üçün deyim ki, bizim təşkilatımızın əsas məqsədi iki ölkənin iş adamları arasında iqtisadi münasibətlərin inkişafıdır. Ona görə də əsas məsləhləşmələrimizi bu istiqamətdə qurmağa çalışmışıq".
Siyasi elmlər üzrə fəlsəfə doktoru, "Diaspor və Lobbi " Elmi Araşdırmalar Mərkəzinin rəhəbri Zaur Əliyevin sözlərinə görə, xarici ölkələrdə elə səfirliklər var ki, ümumiyyətlə diaspor təşkilatları ilə bu sahədə iş qurmağa sanki həvəsli deyil: "Elə diaspor təşkilatları da lazımi səviyyədə fəallıq göstərmirlər. Yəni Azərbaycanın maraqlarından çıxış edib səfirliklərlə əlaqə qurmurlar. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ölkəmizin rəsmi təmsilçiləridir. Demək ki, xaricdə Azərbaycan vətəndaşlarına sahib çıxmaq, Azərbaycanla bağlı hər bir məsələyə dəstək olmaq həmin diplomatik korpusların borcudur. Düzdür, bəzən diaspor üzvləri də lazım oldu, olmadı səfirlikləri ittiham edir. Məsələnin məğzi səfirin sağında və ya solunda oturmaqdan, onun qatıldığı tədbirlərdə iştirak edib poz verməkdən getmir. Bunlar sadəcə görüntüdür, nə maddi təminata, nə də Azərbaycana xidmətin keyfiyyətinə təsir göstərmir. Vətənpərvər, millətini, dövlətini sevən diaspor təşkilatları bunu səfirsiz və təmənnasız da edə bilir. Yəni, hər iki tərəf öz mövqeyində haqlı olduğunu düşünür. Məsələyə hansı prizmadan yanaşmalarından asılı olmayaraq onlar təmsil etdikləri dövlət üçün aralarında olan münasibətləri milli məsələdən üstün tutmalı deyilər".
"Diaspor" Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə diqqətə çatdırdı ki, diplomatik korpuslarla diaspor təşkilatları arasında əməkdaşlıq və əlaqələrin olması vacib amildir. Onun fikrincə, bu münasibətlətin olması həmrəylik və təbliğat işinə çox effektiv təsir edir: "Azərbaycan diplomatik korpusları ilə diaspor təşkilatları arasında münasibətlər əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Amma hələ də istənilən səviyyədə əməkşdaşlıq nümunələri müşahidə olunmur. Məsələn, hər hansı səfirliklə diaspor təşkilatının birgə layihə keçirməsi haqqında məlumat gözə dəymir. Bu məsələdə ümümi və fərdi problemlər var. Yəni ümumi olan odur ki, bir çox səfirklər və diaspor təşkilatları bir birini çox az hallarda yada salırlar. Adətən bayramlarda səfirliklər diaspor fəallarını tədbirə dəvət edirlər. Diaspor təşkilatları da əksər vaxt hər hansı sənədə ehtiyac olanda səfirliyə üz tuturlar. Fərdi olaraqsa, bəzən hər hansı səfirlə diaspor təşkilatı sədri arasında şəxsi zəmində narazılıq baş verir. Bu da artıq arada uçurum yaradır. Ümümu olaraq istər səfirlik, istərsə də diaspor üçün Azərbaycan dövlətinin və xalqının adı, imici, eləcə də mövqeyi əsas olmadır. Səfir və ya səfirlik Azərbaycan dövlətini xaricdə təmsil edir. Diaspor da səfirliymizə Azərbaycanın bir parçası kimi baxmalıdır. Tez-tez səfirliklərdə diaspor üzvlərinin görüşünün keçirilməsi də mümkündür. Ümumiyyətlə, bu iki tərəf arasında görülən işlər sistemli olmalı, hər hansı səfirlik illik fəaliyyət planına diaspor təşkilatları ilə birgə layihələrin icrasını da əlavə etsələr, effektiv nəticə əldə etmək olar. Ayrıca səfirliklər xaricdəki gənclərimizin də potensialından istifadə edə bilərlər. Azərbaycan diplomatik korpusları ilə diaspor təşkilatları arasında sıx-sıx görülən işlər hər iki tərəfin faliyyətinə güc qatmış olar".

Əlaqədar qurumlar nə deyirlər?

Diasporla iş üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə, müvafiq qanunvericilik aktlarına uyğun olaraq, dövlət komitəsi Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir: "Komitə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların problemlərini daim diqqət mərkəzində saxlayır, səlahiyyətləri çərçivəsində onların həllinə çalışır, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, xalqımızın zəngin mədəni irsinin və tarixinin təbliğ edilməsinə səy göstərir. Azərbaycanın diplomatik korpusları azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunması işində Diasporla İş üzrə Dövlət Komitəsinə yaxından dəstək verir, bu sahədəki bütün tədbirlər birgə məsləhətləşmələr əsasında həyata keçirilir".
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə diqqətə çatdırdı ki, Azərbaycanın diplomatik korpusları ilə diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlıq mövcuddur: "Azərbaycanın diplomatik korpusları diaspor təşkilatları ilə əlaqəli şəkildə, koordinasiya və əməkdaşlıq ruhunda fəaliyyətlərini davam etdirirlər".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.