Gülüstan müqaviləsindən sonra Rusiya ilə Qacar İranı arasındakı mübahisədə İrəvan xanlığının rolu və yeri Layihə

Gülüstan müqaviləsindən sonra Rusiya ilə Qacar İranı arasındakı mübahisədə İrəvan xanlığının rolu və yeri

2-ci yazı


A.P.Yermolov İrəvan xanlığı tərəfindən sərhəd xəttinin təyin edilməsinə razılıq verdi. Bu məqsədlə danışıqlar aparmaq üçün Təbriz hakimi Fətəli xan şah tərəfindən Tiflisə göndərildi. Danışıqlar zamanı Rusiya tərəfi bəzi ərazilərə iddiasından əl çəkməli olmuşdu. Belə ki, rus komandanlığı nəinki Göyçə ətrafını, həmçinin Arpa çayı tərəfdən Abarana məxsus Karvansara kəndindən Şuragölə uzanan əraziləri də tələb edirdi. Fətəli xanın birinci misiyyası zamanı ruslar ikinci tələbdən əl çəkməyə məcbur olmuşdu.
1823-cü ildə hər iki dövlətin nümayəndələridən ibarət komissiya təşkil edildi. Rusiya tərəfindən bu komissiyaya general-mayor Yermolov və polkovnik Ağabəy Sadıqov, İran tərəfindən isə Mirzə Məhəmmədəli Mustafa, Hüseynqulu xan daxil idi. Sərhəd xəttinin təyin edilməsində Hüseynqulu xan, onun qardaşı oğlu və kürəkəni Sübhanqulu xan xüsusilə fəallıq göstərmişdi. Bu məsələni həll etmək üçün nümayəndələr Qarakilsə kəndində və Göyçə ətrafında görüşmüşdülər. Lakin beş ay davam edən bu əməliyyat müvəffəqiyyətsizliklə başa çatdı. Rusiyanın Göyçə gölünün şimal və şimal-şərq hissələrini güzəştə getməməsi üzündən sərhəd xəttinin təyin olunması yarımçıq qaldı.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, 1825-ci ilin martında danışıqlar yenidən bərpa olunndu. Fətəli xan martın əvvəllərində ikinci dəfə şahzadə tərəfindən Tiflisə göndərildi. Danışıqlar zamanı A.P.Yermolov bir daha Qarabağ xanlığına məxsus Mehri və Qapan ərazilərini güzəştə getməklə Göyçə gölü ətrafındakı əraziləri Rusiyaya verilməsini tələb edir. Beləliklə, tərəflər razılığa gələ bilir və 1825-ci il martın 28-də Fətəli xanla general-leytenant Velyaminov arasında akt tərtib edildi. Akta görə, tərəflər arasında sərhədd xətti belə müəyyən olunmuşdu: "Rusiya imperiyasını İran dövlətindən ayıran sərhədd xətti, Qars çayının mənsəbinin əks tərəfində yerləşən Arpaçay çayının sol sahilindən başlayaraq, dağıdılmış Daşqala qalasından və oradan düz dağıdılmış Söyütlü kəndi istiqamətində Balıqçay çayını düz xəttlə kəsərək, bu nöqtədən Balıqçay çayının sağ sahili boyunca Alagöz dağının zirvəsinədək uzanır. Balıqçay çayı özünün kifayət qədər böyük məsafəli axını və oradan çəkilən Adyaman arxı ilə İranla sərhəd olacaqdır. Lakin Şuragöl dairəsinin tarlaları Balıqçay çayı ilə suvarılanda, onun qarşısı alınmamalı, əvvəlki vəziyyətində qalmalıdır. Cünki İrəvan xanlığı ərazisində yerləşən kənd üçün Adyaman arxı kifayətdir;
Sonra sərhəd xətti Alagöz dağının zirvəsindən sıra dağlarla Calagöl gölünə, sonra gölün yaxınlığından keçərək dağıdılmış Mirək kəndinə, oradan Qaraboğaz dağının Dəvəboynu yüksəkliyinə doğru, Qaraboğaz dağından Pəmbək sıra dağlarında Dəvədaş, Maymak, Altındaz, Arxaşan və Qumurlu yüksəkliklərini keçməklə, oradan həmçinin Sülumbulak və Ağrıdağ yüksəkliyi ilə Atmeydan və Eşşəkmeydanın yanından keçərək Baratgədik yüksəkliyinə doğru uzanır;
Sonra Baratgədik yüksəkliyinin Göyçə gölünə bitişik yerindən, gölün şimal, şimal-şərq sahillərindən Böyük Şeytanağac çayının mənsəbinə və üzüyuxarı Şişqaya, Göyçə, Ağcaqum və Urumbasar kimi yüksəklikləri olan sıra dağlardan keçərək çayın sağ sahili ilə onun mənbəyinə qədər;
Bu yüksəklikdən düz xəttlə dağıdılmış Zod kəndinə, oradan Gil, Surfa saylarını düz kəsən və Başkənd çayının sağ sahili ilə dağıdılmış Başkənd kəndinə və yaxud Çınqılkənd kəndinə doğru, Allahverər dağından keçərək düz Bağlamış gölünə gedən yolla, bu kənddən dağılmış Daşkənd kəndinə, oradan gölə tökülən çayın sağ sahili ilə Qaraqaş çayının zirvəsinə qədər, oradan Sarıyar, Sərçəli sıra dağlarına və Dəvəgöz dağına qədər: daha sonra Bazarçay çayının sol sahili boyunca Kisir dağının ətəklərinə və onun zirvəsinə, həmin zirvədən Keçbek, Araxlı, Alkarvansaray, Salvortyurt, Kabargədik, Gədik, Ağrı, Sarımsaxlı sıra dağları ilə, Sarımsaxlıdan Badjidağından keçməklə Qapıcıq dağına, Oxçu çayının axdığı sıra dağlardan, başlanğıcını götürdüyü Qaraundərə və Ağlıdərə dərələrinə qədər.
Daha sonra Qapıcıq dağının zirvəsindən Ağlıdərə dərəsindən axan çayın sol sahili ilə Oxçu kəndinə qədər və sonra Qapançay və yaxud Çuğundur çayının sağ sahili ilə onun Tir yaşayış yeri yaxınlığında Araz çayına töküldüyü yerə və oradan Şabadin, Gecalan, Oxçu kəndlərinə qədər. Ümumiyyətlə, Qapançay və yaxud Çuğundur çayının sol sahilində yaşayan əhali Rusiyaya, sağ sahilində yerləşənlər isə İrana məxsusdur".
Aktdan görünür ki, bu dəfə şah hökuməti birinci sərhəd xəttinin çəkilməsində mübahisəyə səbəb olan əraziləri Rusiyaya güzəştə getmişdi. Bu sənəd Hüseynqulu xanı bərk qəzəbləndirdi. O, bu ərazilərin İrəvan xanlığına məxsus olması haqqında baş komandana xüsusi məktub yazaraq narazılığını bildirmişdi. İrəvan xanı narazılığını məktubda belə ifadə edirdi: "Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhədindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan sərhədi sülh müqaviləsində Gəncə və Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan sənədlərdə (qəbalə), həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında yerləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb-satılırdı. Vəziyyət belədir və siz göstərirsiniz ki, guya Göyçə və Abaran sərhədinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, "əgər Abbas Mirzə Göyçənin şərq tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik". Bu məsələ həll edilməmiş qaldı. Fətəli xan ikinci dəfə sizin yanınızda olanda, danışıqlarda Şeytanağacdan Gədikbarata qədər ərazini tələb etməklə, Gil ərazisinin bir hissəsini güzəşt edərək burada siz məntəqə yaratmaq istəyirsiniz. Hüseynqulu xan nəinki rus komandanlığına etiraz etmiş, eyni zamanda bu ərazilərin İrəvana məxsusluğu barədə şah hökumətini inandıra bilmişdi. Rus sərhəd qoşunlarının başçısı knyaz Sevarsamidze 1825-ci il avqustun 26-da general-leytenant Velyaminova göndərdiyi raportda yazırdı ki, "Sərdar İrəvana gedib, şahın razılığı ilə Abbas Mirzədən Göyçənin şimal şərq sahillərinin Gildən Meydana qədər onlara qalması haqqında raqam alıb və yazır ki, sərdar burada əhalini məskunlaşdırmağa tələssin. Sərdar oraya köçkünlər göndərməyi əmr etmişdi. Gildən Şeytanağaca qədər olan ərazini Nağı xana, Meydandan Balıqçaya qədər ərazini isə İsmayıl ağaya vermişdi". Hətta knyaz Sevarsamidze xana məktub göndərərək öz narazılığını bildirmişdi. Əslində xanı bu işə məcbur edən rusların öz hərəkəti idi. Çünki ruslar onlara məxsus olmayan ərazilərdə qeyri-qanuni tikintilər aparırdılar. Bu Hüseynqulu xanın knyaz Sevarsamidzeyə göndərdiyi məktubun məzmunundan aydın olur. O, yazırdı: "Sizin məktubunuzu aldım və məzmunu ilə tanış oldum. Yazırsınız ki, mənim əmrimlə bizim gözətçi dəstəmiz sizin gözətçi dəstənizi Gildən qovub. Sizin kimi yüksək alinin belə yazması məni təəccübləndirdi. Çünki Rusiya dövlətinin səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlənib ki, Göyçənin şərq hissəsi İrəvana məxsusdur və siz ali məqam bir neçə dəfə mənə yazmısınız ki, sizin gözətçilər Poluxludan balıq tutduqlarına görə, bizim məmurlar onlardan vergi almasınlar. Sizə hörmətimə görə, güzəştə getdim. İndi hansı səbəbə görə, siz Gilə və Poluxluya adam göndərərək tikinti işləri aparırsıniz?. Əgər həmin yerlərdə sizin gözətçi dəstəniz yerləşərsə bizim tərəfimizdən heç bir təzyiq ola bilməz. Lakin sərhəddən hər hansı bir səbəbə keçməyə icazə verə bilmərəm". İrəvan xanının bu hərəkətləri rus komandanlığını bir qədər güzəştə getməyə məcbur etmişdi. Çünki xanın məktubundan sonra rus komandanlığı irəvanlılara Göyçə ətrafında mal-qara otarmaq üçün icazə verilmişdi. Fürsətdən istifadə edən Hüseynqulu xan bu ərazilərdə möhkəmlənməyə qərara aldı. Burada yaşayış üçün yeni-yeni məskənlər saldırdı, Qarapapaq tayfasını bura köçürərək, onlara əkin əkmələri barədə göstəriş verdi. Nəticədə, rus gözətçi məntəqələri buradan sıxışdırılmağa başlandı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Hüseynqulu xan nəinki sərhəd məntəqələrində əhalini məskunlaşdırmış, eyni zamanda rus qoşunları tərəfindən ola biləcək hücumun qarşısını almaq üçün hərbi dəstələr də yaratmışdı. Verilən məlumata görə, Göyçə ətrafına gələn İrəvan xanı qoşunun təşkili ilə məşğul olmuşdu. O, darbaxt, sultan, yüzbaşılar təyin edir və onlara hədiyyələr verməklə silah və miniklərinin qayğısına qalmasını tapşırırdı. Nəticədə, sərhəd xəttində 200 nizami piyadadan və 800-dən çox süvari dəstədən ibarət qoşun təşkil edildi. Hər gün bu qoşun yeni-yeni adamlar hesabına daha da artırılırdı.
Onun bu hərəkəti şah hökuməti tərəfindən razılıqla qarşılandı. Həqiqətən də, Hüseynqulu xan rus gözətçi dəstələrini Gildən, Göyçə gölünün ətrafından və Seytanağacdan sıxışdıraraq, bu ərazilərdə yaşayış məskənləri yaratmışdı. General Velyaminovun 1825-ci il sentyabrın 25-də Abbas Mirzəyə yazdığı məktubda xanın bu hərəkətlərini qeyd edərək öz narazılığını bildirməklə yanaşı, guya bu torpaqların Gülüstan müqaviləsinə əsasən ruslara məxsusluğunu bir daha iddia etmişdi. Abbas Mirzə isə general Velyaminova yazdığı məktubda onun iradının əsassız olduğunu, əksinə bu torpaqların müqaviləyə əsasən şah hökumətinə məxsusluğunu bildirmişdi. O, yazırdı: "Rusiya dövlətinin sərhəd rəisləri İran hökuməti sarayında saxlanılan general Yermolovun məktubuna və rus komisarlannın tərtib etdiyi xəritələrə əsasən bəzi əraziləri istəyirlər. Əgər ali İran dövləti tərəfindən sizin dövlətə ərazi güzəşt edilsə onda gözətçi məntəqəsi yaratmalısınız. Lakin o dövlət tərəfindən sizə bu icazə verilməyib, öz-özünə gözətçi məntəqəsi yaratmaq sülh müqaviləsinə ziddir. Mən təəccüb edirəm ki, Rusiya hökumətinin məmurları sülh müqaviləsinin əksinə olaraq belə hərəkətə cəsarət edirlər..." Sənədlərdən göründüyü kimi, hər iki tərəf yazdıqları məktublarda bir-birini günahlandıraraq mübahisəli ərazilərin onlara məxsus olduğunu sübut etməyə çalışırdılar.

Elçin Qaliboğlu