“Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb” Layihə

“Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb”

Çarlz Lonsdeyl: "Münaqişənin ilə bağlı hadisələrin inkişafını izləyirik"


Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Rusiya və erməni mediasında maraqlı məlumatlar yer alır. Rusiyada nəşr olunan "Nezavisimaya qəzeta" yazıb ki, son zamanlar vasitəçilərdən münaqişə tərəflərinə həddən artıq yumşaq münasibətin sərginləndiyi də diqqətdən qaçmır. Nəşr münaqişənin hansı prinsiplə həll ediləcəyinə də toxunub: "Hesab etmək olar ki, "Madrid prinsipləri" masadadır. Uzun illər münaqişənin həll prosesində irəliləyiş yox idi, indisə fəallaşma var. Bəs indini niyə gözləməliydik? Çünki indi münaqişə tərəfləri arasındakı anlaşılmazlıqların aradan qalxdığı hiss olunmağa başlayıb".
Qəzet Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirən görüşə diqqət ayırıb: "Düşənbədə İlham Əliyev və Nikol Paşinyan arasında baş tutmuş görüşdən sonra təmas xəttində gərginlik xeyli dərəcədə azalıb. Bundan sonra xalqların sülhə hazırlanması barədə anlaşma əldə edildi. Ən əsas məsələ isə münaqişə tərəflərinin üzərlərinə götürdükləri anlaşmanı yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır".
Nəşr münaqişə tərəfləri arasında aqressiv ittihamların sayının azaldığını iddia edib və bunun münaqişənin həll prosesinə təkan verəcəyini istisna etməyib: "İrəvan Ermənistanda keçiriləcək beynəlxalq tədbirdə azərbaycanlı jurnalistlərin iştirakına etiraz etmədi. Üstəgəl, Ermənistan Xarici İşlər Nazirliyi azərbaycanlı jurnalistlərə qeydiyyatdan keçməyə imkan yaratdı. Ermənistanda Azərbaycana yönəlik yumşalma var və bu, hiss olunan səviyyədədir. Erməni telekanallarında Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşacağından bəhs edilir.
Azərbaycan da gözləmə mövqeyindədir və prosesin gedişini həssaslıqla izləyir. Burada da münaqişənin həllinə ümid artıb".
ATƏT-in Münaqişələrin aradan qaldırılması mərkəzinin direktor müavini Çarlz Lonsdeyl Vyanada təşkilatın Parlament Assambleyasının qış sessiyasında deyib ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb: "Biz ATƏT-in Minsk qrupunun nizamlanması ilə məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin inkişafını izləyirik. Son dövrlərdə xarici işlər nazirlərinin müntəzəm görüşləri və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüşlərlə əlaqədar müsbət dinamikaya ümidlər yaranıb".
Tərəflərin əhalini sülhə hazırlamaqla bağlı konkret tədbirlərə sadiqliyini qeyd edən Ç.Lonsdeyl maraqlı olacağı təqdirdə, bu prosesə dəstək verməyə hazır olduğunu deyib: "Amma biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə birbaşa cəlb olunmamışıq".
Qeyd edək ki, Ermənistandakı siyasi gərginliklə yanaşı iqtisadi durum də çox pis vəziyyətdədir. Bu da İrəvan üçün qaranlıq gələcək vəd edir. Bundan başqa erməni mediası yazır ki, İrəvan Rusiya ilə yanaşı Qərblə də münasibətləri korlayıb. "Qraparak" qəzeti yazır ki, rəsmi Vaşinqton Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Erməni tərəfi bu səfər üzərində uzun müddət işləyib. "Qraparak"ın məlumatına əsasən, Boltonla Paşinyanın telefon danışığı bu səfərin ləğvinə səbəb olub. Bolton Paşinyana "Suriyaya missiya göndərilməsi barədə qərarınız son qərardır, yoxsa nəzərdən keçirilə bilər?" sualını ünvanlayıb. Paşinyan isə suala müsbət cavab verib.
Bu xəbərə Ermənistanın xarici işlər nazirliyi reaksiya verib. Nazirliyin mətbuat katibi Anna Nağdalyan bildirib ki, ABŞ-ın bu məsələyə görə Ermənistanın XİN rəhbərinin Vaşinqtona səfərini ləğv etməsi doğru məlumat deyil. Ermənistanın Xarici İşlər Nazirliyindən başqa reaksiya gözləmək də lazım deyildi. Nazirlikdə sözlə oynamaq, arzularını reallıq kimi sırımaq, ağa qara demək artıq adətə çevrilib. Bundan başqa, Ermənistanda siyasi böhran Anna Nağdalyanın göstərmək istədiyindən də dərindir.
Buna əmin olmaq üçün isə ABŞ Dövlət Departamentinin bəyanatını xatırlamaq kifayət edir. Dövlət Departamentinin bəyanatında bildirilir ki, Ermənistanın Suriyadakı missiyası dəstəklənmir. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri də "aysor.am"a açıqlama verib və bu fikri dəstəkləmədiyini bildirib. "Biz Suriyadakı silahlı qüvvələrlə istər humanitar, istər hərbi məqsədlərlə həyata keçirilən əməkdaşlığı dəstəkləmirik. Biz eyni zamanda Ermənistanın Rusiya ilə bu missiyanın həyata keçirilməsi üçün əməkdaşlıq etməsini də dəstəkləmirik", - deyə ABŞ dövlət departamentinin açıqlamasında deyilirdi.
Görünən odur ki, ABŞ-Ermənistan münasibətləri getdikcə zəifləyir, Birləşmiş Ştatlardakı erməni lobbisi də bu münasibətləri deyəsən bərpa etmək qüdrətində deyil. Çünki güclü və nüfuzlu lobbi də Ağ Evin ciddi səhv saydığı səhvi düzəldə bilməz. Bu məsələdə isə rəsmi İrəvan Suriyaya humanitar yardım göndərməklə ciddi səhvə yol verib. Bu isə ona çox baha başa gələcək. Görünən odur ki, XİN rəhbərinin səfərinin ləğvi hələ başlanğıcdır.
Görünən odur ki, Ermənistanın yeni rəhbərliyi ABŞ və Qərbdən böyük ümidlər gözlədiyi üçün səhvə yol verib. Nikol Paşinyan və yaxın ətrafı Qərbin Ermənistanı "məxməri inqilab" tamaşasına görə ciddi maliyyə və siyasi dəstəklə dair şaiyələr yayırdılar. Amma heç nə baş vermədi. Avropa və ABŞ yeni erməni hökumətinin ünvanına növbətçi kompliment səsləndirdilər və bununla da missiya başa çatdı.
Qərbdən heç bir milyardlıq yardım göndərilmədi. Daha doğrusu, Qərbin ayırdığı "tula payı" Paşinyanın və ətrafının gözlədiyi kimi olmadı. Bunun səbəbi isə yeni erməni hökumətinin əvvəlkilərin xarici siyasət xəttinin davamçısı olması idi. Paşinyanın "Rusiya Ermənistanın əsas xarici siyasət partnoyu və müttəfiqi olub və olacaq" bəyanatına Qərbdə təəccüblə baxdılar. Bunu açıqladıqdan sonra Qərbdə necə kömək gözləmək olardı? Ümumiyyətlə, "Yeni Ermənistan" sözünü ortaya atmaq hansı ağıla dəlalət edirdi? Bunun cavabları artıq Qərbdə var idi.
Görünən odur ki, Qərb artıq Ermənistandakı "dəyişikliklər"in deklarativ xarakterini anlayıb. Ümumiyyətlə Qərb və ABŞ-ın Ermənistən nəyinə lazımdır? Həll edilməyən sosial-iqtisadi problemlər, demoqrafik və xarici siyasət problemləri bataqlığında boğulan kiçik dövlət kimə lazımdır? Ermənistan Cənubi Qafqaz regionundakı bütün perspektivli iqtisadi layihələrdən təcrid edilib. Bu ölkənin perspektivi yoxdur və maliyyə yardımı olmadan yaşaya bilməz. Amma bu yardımın qarşılığında heç nə verə bilmir. Ermənistan mətbuatı isə yazır ki, keçmiş hökumətin quldur və rüşvətxor komandasını yeni hökumətin quldur və rüşvətxor komandası əvəz edib. Bundan başqa erməni KİV-ləri və ekspertləri etiraf edirlər ki, yeni hökumət nəinki ABŞ-la, hətta digər müttəfiqlərlə də münasibətləri korlayıb.
Məsələni şərh edən politoloq Fikrət Sadıqov isə bildirib ki, Paşinyan ikili rol oynadığına görə ABŞ onu cəzalandırıb: "Nikol Paşinyan başda olmaqla, yeni Ermənistan hakimiyyəti elə bilirdi ki, iki masada əyləşmək asan məsələdir. Ola bilsin ki, məişət səviyyəsində mümkündür, amma siyasi və diplomatik səviyyədə bu, olduqca mürəkkəb bir məsələdir. İndiki vəziyyətdə ABŞ-la oturub durmalısan, ya da Rusiya ilə. Öz prioritetlərini təyin edib xarici siyasətini həyata keçirəsən. Ya da gərək düşünülmüş şəkildə elə bir balanslı siyasət aparasan ki, öz milli maraqlarını müdafiə etdiyin aydın olsun. Paşinyan nə bu yollardan birini seçir, nə də üçüncü bir yol cızır. Ona görə də Ermənistanın Rusiya ilə yaxınlığı Rusiyanın yanında olmaq jestidir. Ermənistan böyük qardaşının tələb və istəklərini həyata keçirməklə onunla mütəffiq olduğunu dünyaya nümayiş etdirir. Ermənistan, bir neçə nəfərlə belə olsa, Suriyada kiminlə öz missiyasını yerinə yetirir? Rusiya ilə, İranla... Bu da təbii ki, ABŞ-ın maraqlarına toxunmaya bilməzdi. Vaşinqton açıq şəkildə Paşinyana və onun xarici işlər nazirinə birmənalı olaraq zərbə endirib. Mən şübhə etmirəm ki, bu zərbə Ermənistanın oyunçu xarici siyasətinə böyük zərbədir".
Rəsmi İrəvanən həmsədr Rusiya ilə münasibətlərində problemlər var. Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşün detalları bunu deməyə əsas verir. "Livenews.am" saytının məlumatına görə, görüş zamanı Lavrov Mnatsakanyana Ermənistanda siyasi məhbusların olduğunu deyib. O, Köçəryanı siyasi məhbus saydıqlarını da söyləyib. Rusiya XİN rəhbəri bildirib ki, əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa, məsələ ilə bağlı xüsusi bəyanat yayacaqlar. Saytın mənbəsi həmçinin Baş nazir Nikol Paşinyanın Lavrovun bu addımına cavab hazırladığını və 1 martda böyük "şou" təşkil edəcəyini deyib. Belə ki, martın 1-də təşkil edəcəyi yürüş zamanı Paşinyanın Rusiyaya Köçəryanın həbsinin şəxsi qisas yox, xalqın istəyi olduğunu göstərməyə çalışacağı açıqlanıb.
Bütün bunlar işğalçı ölkə üçün ciddi siqnallardır. Yaranmış mənzərə Rəsmi İrəvan üçün dəhşətli sonluq vəd edir. Bundan çıxış yolu isə işğaldan əl çəkmək və Azərbaycan ərazilərini sahiblərinə qaytarmaqdır...

Əli