Paşinyan yenə sərsəmlədi Layihə

Paşinyan yenə sərsəmlədi

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirə bilər.
Ermənistan KİV xəbər verir ki, o, bu barədə Facebook-da canlı yayımda olan zaman deyib.
“Danışıqlar masası ətrafında əsas məsələ erməni xalqı üçün münasib həll variantı tapmaqdır. Əgər belə varinat tapılsa, o xalqa təqdim olunacaq və ümumi müzakirəyə çıxarılacaq. Qərar ümumilli formatda qəbul olunmalı və lazım gələrsə, referendum keçirilməlidir”.
Paşinyan Qarabağı satacağı ilə bağlı müxalifətin iddialarını da rədd edib.
“Deyirdilər ki, mən və höukmətim Qarabağı satmağa hazırlaşırıq. Zaman bu iddiaların absurd olduğunu göstərəndən sonra yeni tezis kimi mənim Qarabağa qarşı fəaliyyətə keçdiyimi və müharibə yolu ilə əraziləri verməyimi iddia etdilər. Sizə dəqiq deyə bilərəm: Ermənistan və Qarabağ hakimiyyətlərinin münaqişənin həlli barədə təsəvvürləri üst-üstə düşür”.
Millət vəkili Sahib Alıyev deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində "maraqlı dinamika"nın olduğunu bildirdi. Düz deyir, dinamika var. Prezident cənab İlham Əliyevin "Valday" forumundakı çıxışı, orada hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun belə sözü gedən problemlə bağlı maraqlarımızla tam uzlaşmasa da, hər halda Paşinyan üçün tərs şillə effekti doğuran mövqe sərgiləməsi, Aşqabadda ona verilən dərs, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitlərində səslənən fikirlər, yekun bəyanatda yer alan maddələr, MDB ölkələri müdafiə nazirlərinin Bakıda keçirilən toplantısı göstərir ki, Ermənistanın baş naziri haqlıdır.
Deputatın sözlərinə görə, sonuncu toplantı haqqında onu deyim ki, belə görüşlər indiyədək bəlli səbəblərdən Azərbayanla Ermənistanın paytaxtlarında keçirilmirdi: "Amma ötən həftə o toplantı Bakıda düzənləndi və Ermənistanın müdafiə nazirinə isə onun gedişini İrəvandan seyr etmək qaldı. Fikirləşmirəm ki, indiyədək qüvvədə olan yazılmamış anlaşmanın pozularaq MDB ölkələri müdafiə nazirlərinin görüş yeri kimi məhz Bakının seçilməsi təsadüfdür, burada Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərinə gizli və cüzi də olsa dəstək əlaməti yoxdur.
Bir sözlə, Paşinyanın "Dağlıq Qarabağ probleminin həlliylə bağlı danışıqlar prosesində maraqlı dinamika" olması haqda fikirlərini təsdiqləyirəm. Amma bu "dinamika"da onun özünün, eləcə də ölkəsinin payı nədən ibarətdir, onu anlamıram".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Feysbuk”dakı səhifəsi üzərindən canlı yayıma çıxaraq bəzi mövzulara toxunub. N.Paşinyanın toxunduğu mövzulardan Azərbaycana aid olanları seçdim və nə demək istədiyini aydınlaşdırmağa çalışdım.
Onun sözlərinə görə, birincisi, N.Paşinyan deyib ki, il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginlik xeyli azalıb. Qeyd edib ki, Paşinyan gərginliyin keçmiş illərdə də olduğunu bildirsə də, bir əlavəsini unutmayıb: “Təhlükə hər zaman var, ancaq 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginlik xeyli azalıb”.
E.Şahinoğlunun fikrincə, Paşinyan bu sözlərlə demək istəyir ki, məhz o hakimiyyətə gəldikdən sonra sərhəddə gərginlik azalıb:
“Paşinyan gərginliyin azalmasını Azərbaycan Prezidenti İlham Əliyevlə Müstəqil Dövlətlər Birliyinin Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib. Yəni Ermənistanın baş naziri demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub.
Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o Serj Sərkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt ötdükcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən “Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır.
İkinsi, Nikol Paşinyan “Feysbuk” səhifəsindəki çıxışında bir başqa optimizmini də səsləndirib: “Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur”. Paşinyan “maraqlı dinamika” dedikdə nəyi nəzərdə tutur?
Əslində danışıqlarda heç bir irəliləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”.
Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır.
Üçüncüsü, Paşinyan canlı yayında çıxışında Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır. “Qarabağ məsələsi mənim məsələm deyil, bu ümummilli məsələdir” deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığını vurğuladı.
Paşinyan çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib. Paşinyan yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan Prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Tutaq ki, Paşinyan İlham Əliyevlə nəyəsə razılaşdı, ancaq Ermənistanda keçirilən referenduma ermənilər “yox” dedi. Paşinyan İlham Əliyevə nə deyəcək, “bağışlayın, bu variant alınmadı, keçək başqa variantların müzakirəsinə...” Paşinyanın “hə”, ermənilərin “yox” deməsinin özü müharibə ehtimalını artıracaq”.
E.Şahinoğlunun fikrincə, N.Paşinyanın canlı yayımda verdiyi açıqlamalardan bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir:
“O ki qaldı, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır. Maraqlıdır ki, ordumuzun Naxçıvanda və Qazaxda həyata keçirdiyi əməliyyatlar Paşinyanın hakimiyyəti dövründə baş tutub. Paşinyan bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın o biri rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən, susurlar. Lap yaxşı, bir az daha irəliləmək lazımdır”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir müddət bundan əvvəl regiona səfərində heç bir dəyişiklik olmadı. Demək olar ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımları, yalnız separatçı qondarma rejimi legitimləşdirmək olub”. O bildirib ki, son iki aya diqqət etsək üç həmsədr dövlətin danışıqlarda manipulyasiya etdiyini və danışıqlar prosesində görüntü yaratdığını görərir.
Onun sözlərinə görə, məqsəd isə Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır: “Təbii ki, burada erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təssübşekliyindən qaynaqlanır. Fikir versek son bir ay ərzində üç həmsədr dövlət Parlament səviyyəsində separatçılarla əməkdaşlıq edib. Demək, Fransanın bir qrup parlamentarilərinin Xankəndinə səfəri, analoji olaraq buradakı separatçıların Fransaya "işgüzar" səfərləri, bunun ardınca Rusiya Dumasının deputatlarının işğal olunmuş ərazilərə səfəri və separatçılarla danışıqları, ABŞ konqreslərinin Xankəndinə gəlişi, ardınca sözdə separatçıların "xarici işlər naziri " Mailyanın ABŞ Konqresinə səfəri, burada "Artsaxın" müstəqilliyinin qeyd edilməsidir”.
M. Əsədullayev qeyd edib ki, rəsmi Bakının etirazlarına rəğmən üç ölkə parlament səviyyəsində separatizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəsək verir: “BMT-nin qətnamələrinə, qəbul edilmiş Helsinki Yekun Aktının qərarlarına vasitəçi ölkələr əhəmiyyət vermirlərsə, nədən biz bu üç ölkənin vasitəçiliyilə danışıqları aparmalıyıq? Hazırda masada olan "Yenilənmiş Madrid" prinsiplərinin ziddinə olaraq həmsədrlər fəaliyyət göstərir. Qeyd edim ki, dekabrda xarici işlər nazirlərinin yenidən görüşü keçiriləcək. Təbii ki, bu görüş də protokol xarakterlidir. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri E. Mnatsakanyan danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşünü də vurğulayır. Ardınca isə, Paşinyan facebookda qeyd edir ki, münaqişənin həllində heç bir proqram yoxdur və danışıqlar prosesində irəlləyişə nail olunmayıb, nəsə olarsa referenduma çıxarılacaq”.
Politoloq vurğulayıb ki, Ermənistanın mövqeyində ziddiyyətlərə baxmayaraq, cəbhədə nisbi sakitlik təbii ki, müəyyən bir razılaşmadan irəli gəlir: “Yoxsa, rəsmi Bakı Ermənistana ciddi itkilər yaşadardı. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sakitliyi vurğulmaqla öyünür, həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır. Həmçinin Paşinyan daxili auditoriyaya heç də Qarabağla bağlı nisbi sakitliyin davamlı olmayacağını mesajını vermiş olur”.
M. Əsədullayev əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşü gələn il aprelə kimi baş tuta bilər: “Hər iki lider arasında şifahi razılaşmanın olduğunu istisna etmirəm. Paşinyan Qarabağdakı Koçaryan və Sarkisyan klanını devirməsi üçün, növbəti dəfə Paşinyana vaxtın verilməsi istisna deyil. Əgər, proseslər bu ssenariyə uyğun olmasa, Azərbaycan tərəfi hərbi təzyiqlərə başlaya bilər. Əgər, hərbi təzyiqləri intensivləşməsə, gələn il Ermənistandan Qarabağa təyyarə reysi açılacaq, ilk sərnişin Paşinyan olacaq. Odur ki, işğalçı ölkənin rəhbərliyinin avantürasının qarşısını almaq üçün indidən preventiv addımlar atmaq lazımdır. Çünki, hazırkı məqamda Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Ermənistanın siyasi iradəsi kənardan idarə olunur”.

Cavid