Aləmi-İslamın ilk uşaq jurnalı - “Dəbistan” Layihə

Aləmi-İslamın ilk uşaq jurnalı - “Dəbistan”

"Mən sənə demədimmi "biz müsəlmanlara "Dəbistan"-zad lazım deyil?"

Əli bəy Hüseynzadə 1906-cı il aprelin 27-də "Həyat" qəzetinin 91-ci nömrəsində dərc etdirdiyi "Molla Nəsrəddin" və "Dəbistan" - məqaləsində Azərbaycanın və bütövlükdə Şərqin türk-müsəlman əhlini qoz ağacının möhkəm kötüyünə, mərmər daşına, qranit qayasına bənzədərək deyirdi ki, qoz ağacının kötüyündən qəşəng mebel, qapı-pəncərə, bəzək əşyaları, mərmərdən əzəmətli binalar, yaraşıqlı abidələr, qranitdən fundamental heykəllər düzəltmək olur, lakin bu incə, zərif, zövqoxşayan sənət əsərlərini yaratmaq üçün bacarıqlı, bütün ömrünü bu işə həsr edə bilən ustalar, yəni ziyalılar gərəkdir. Əli bəy Hüseynzadə belə "sənət abidələri" yaradılmasına uşaqların təlim-tərbiyəsindən başlamaq lazım gəldiyini bildirirdi. Onun sözlərinə görə, uşaq vaxtı kəsb olunan elm daşa nəqş olunmuş şəkil kimi əbədidir. Uşaqlıq dövrü keçəndən sonra cəhalət və qəflətin qarşısını almaq mümkün olmur. Körpə, yaş ağacı hər cür formaya salmaq, əymək, düzəltmək, istiqamətləndirmək asandır, qurumuş ağacı isə yalnız yandırmaqla düzəltmək mümkündür. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş "Dəbistan" jurnalı yaş ağacları, yəni uşaqları düzgün yola istiqamətləndirməklə, "Molla Nəsrəddin" məcmuəsi isə quru ağacı - böyükləri "yandırmaqla" məşğul idi.
"Qaranlıq elə bir şeydir ki, onun bulunduğu və hökmfəma olduğu məkanlarda və zamanlarda insan nə özünü, nə ayinədəki surətini, nə də bulunduğu yerin daxil və xaricini görə bilər. Bunları görmək və gördükcə istifadə edə bilmək ancaq işıq sayəsində mümkündür. Mənəvi zülmətlə mənəvi işıq da belədir: maddi cəhətdən heç bir kitabı, hətta Qurani-Kərimi də qaranlıqda oxumaq mümkün olmadığı kimi, mənən də o cür dərin mənalı kitablardan heç bir elmsiz adam layiqli bir məna çıxara bilməz".
XX əsrin əvvəllərində Azərbaycanda genişlənən maarifçilik işi bir sıra maraqlı nəşrlərin işıq üzü görməsinə şərait yaratdı. "Dəbistan" adlı ilk uşaq jurnalı məhz belə nəşrlərdəndir. Böyük maarifçi Əli İsgəndər Cəfərovun təşəbbüsü ilə 1906-cı ildə fəaliyyətə başlayan "Dəbistan" jurnalı mətbuat aləmində bir başlanğıc qoydu. Əvvəla qeyd edək ki, Əli Cəfərov jurnalın razılığını əldə etmək üçün çox böyük zəhmətə qatlaşmalı olmuşdu. Bakı şəhər rəisinə göndərdiyi ərizədə belə yazırdı: "Bizdə Rusiyada xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan müsəlman uşaqlar üçün vaxtaşırı nəşriyyat olmadığından, biz bir xalq müəllimləri kimi müsəlman uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı "Dəbistan" adlı bir jurnalı faydalı hesab edirik".
Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə Bakıda nəşr olunurdu. "Dəbistan" başlığı altında - onun iki həftədə bir dəfə nəşr olunan, millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N ) jurnal idi. Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda "göndərilən yazıların sadə türkcə olmaları təmənna olunur". Bu xahiş və göstərişə "Dəbistan"ın, demək olar ki, bütün yazarları əməl etmişdilər.
Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdi. Rəsmlərin ikisində rəsm müəllifilərinin adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və V.S kriptoqramları şəkillərdə (burada ad və soyadlarının baş hərfi) aydın görünür. Bu rəssamlardan birinin çəkdiyi şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri olan nəvə təsvir edilib. İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir. İki rəsmin ortasında üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssüratı yaratmağa xidmət edən gürüntüləri verilib.
Jurnalın nömrələrindəki səhifələrin sayı fərqlidir.
Hər səhifə iki sütuna bölünüb, hər sütunda isə 30 sətirlik material yerləşdirilib. "Dəbistan" jurnalında klassik ədəbiyyatın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən F.Köçərli idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan M.Hadi də "Dəbistan"nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.
Həsən bəy Zərdabinin jurnalda çap olunmuş yazılarından, təbiət mövzusunda yazdığı elmi-populyar oçerklərindən bu günün biologiya və zoologiya müəllimləri çəkinmədən istifadə edə bilərlər. "Tarixi-təbii" başlıqlı bu yazılar məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl şəkildə formalaşdırılmasında mühüm rol oynaya bilər.
Jurnalın nəşri çox da uzun sürmür və son nömrə 1908-ci il mart ayının 10-da nəşr edilir. Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə "Valideynə məxsus vərəqə" adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
"Dəbistan" jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını görmək mümkün idi. Jurnalda təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elm və texnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu.
Redaksiya heyəti jurnal dilinin sadə, xalqa yaxın olmasına çalışır, dil haqqında məqalələr dərc edir, çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verirdi. Məşhur yazarlar da uşaqlar üçün yazdıqları əsərləri nəşr olunmaq üçün jurnala göndərirdilər. Ə.İ.Cəfərov böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, "Dəbistan"a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi" şeirini yazır və bu şeir "Dəbistan"ın növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda S.M.Qənizadənin, H.Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunurdu.
"Dəbistan"ın naşir və redaktorları Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri Əliisgəndər Cəfərzadə (1875-1941) və Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən sonra naşir və redaktorluq işini Ə.Cəfərzadə təkbaşına görür. "Dəbistan"ın ətrafına bir çox ziyalı adamların, məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevrilir.
H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının "Dəbistan"dakkı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdı.
M.Ə.Rəsulzadə "İrşad" qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı: "Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan "Dəbistan" jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, "Dəbistan" Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə "Cocuqlara məxsus qəzetə" çıxır, lakin Sultan Həmid tərzi idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır...
Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur. İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?!
Nədir bu ey müsəlman qardaşlar!! Bu nə bətalətdir, bu nə kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə var...
Siz də ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız".
Amma iki illik fəaliyyətdən sonra "Dəbistan" jurnalı maddi problemlər üzündən bağlanmaq məcburiyyətində qaldı. Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: "Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, "Dəbistan"ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın - "Dəbistan"ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir".
Sabir "Dəbistan" jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə bu şeiri yazmışdı:

Əlminnətü-lillah ki, "Dəbistan"da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

"Dəbistan"ın qapanması bütün maarifçi təbəqəni məyus etdi. Bu münasibətlə "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlilin də bir yazısı çap olunmuşdu: "Bir il bundan qabaq sən başlayırdın "Dəbistan" jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım: Mən sənə dedim: "dəli olma". Sən dedin: "yox, "Dəbistan" çığardacağam". Mən sənə dedim: "Başına soyuq dəyib?". Sən dedin: "yox, çıxardacağam". Mən sənə dedim: "Görükür ki, çox pulun var". Sən dedin: "Yox, çıxardacağam"...
İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi sənin "Dəbistan"ını oxuyur? Gətir görüm, hanı "Dəbistan"ının qədrini bilənlər?
Mən sənə demədimmi "biz müsəlmanlara "Dəbistan"-zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ indi ki, yaydı: qovun-qarpız vaxtıdı, nə "Dəbistan"bazlıqdı?.." (Qızdırmalı, "Molla Nəsrəddin" 8 iyul, 1907).

Ülviyyə Tahirqızı