Güneyli fəalın xanımı məhkəmə hökmündən danışdı Güney Azərbaycan

Güneyli fəalın xanımı məhkəmə hökmündən danışdı

Sona Fərəczadə: "Bu, qeyri-insani, qeyri-hüquqi hökmdür"

İranın Ali Məhkəməsi bu yaxınlarda hər biri doqquz il həbs cəzasına məhkum edilmiş və bir ildən artıqdır həbsdə saxlanılan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) beş mərkəzi komitə üzvünün appelyasiya şikayətini rədd edib.
Güneyli məhbuslardan biri Yürüş Mehrəlibəylinin xanımı Sona Fərəczadə həyat yoldaşı və digər dörd məhbusun durumu haqqında "Amerikanın səsi"nə müsahibə verib. Özü də ötən illərdə həbs və mühakiməyə məruz qalmış güneyli müəllimə Həsən Ruhani hökumətinin siyasi məhbuslar və qeyri-fars toplumların hüquqları ilə bağlı verdiyi sözlər haqqında da düşüncələrini ifadə edib.
"Bu, qeyri-insani, qeyri-hüquqi hökmdür," deyə Sona Fərəczadə məhkəmənin qərarını şərh edib. Onun dediyinə görə günyeli məhbuslar Azərbaycan toplumunun elementar hüquqları uğrunda mübarizə apardıqlarına görə cəzalandırılırlar.
Xatırladaq ki, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə ötən ilin iyul və avqust aylarında 28 gün aclıq aksiyası keçirmişdilər. Həmin günlərdə Yeni GAMOH Təşkilatın başqanı Lətif Həsəninin xanımı Əzəm Piri də "Amerikanın səsi"nə müsahibə verərək bildirmişdi ki, beş məhbus sorğu-sual və mühakimə proseslərində baş verən qanunsuzluqlar, onlara qarşı çıxarılan ağır həbs cəzası, habelə apelyasiya məhkəməsində hüquqi prosedurun pozulmasına etiraz olaraq aclıq ediblər.
Sona Fərəczadə də kassasiya şikayətinin məhkəmə prosedurundə yol verilmiş qanunsuzluqlara etiraz mahiyyəti daşıdığını qeyd edib. Onun dediklərinə görə, kassasiya şikayəti verilən cəzanın irəli sürülən ittihamlarla mütənasib olmaması, ittihamların sənədsiz şəkildə irəli sürülməsi və məhbuslara müdafiə üçün yetərli zaman verilməməsi kimi xüsuslara əsaslanaraq hazırlanmışdı.
Ötən il aclıq aksiyasına başladıqları zaman Təbrizdən Kərəcin Rəcayi-şəhr zindanına sürgün edilən Yeni GAMOH liderləri son zamanlarda təkrar Təbriz zindanına köçürülüblər. Sona xanımın sözlərinə görə, "məhbusların Təbrizə köçürülməsi Təbrizə yaxın bölgələrdə yaşayan ailələr üçün yaxşı xəbər olub, ancaq, məhbuslardan biri Lətif Həsəninin ailəsi Kərəc şəhərində yaşayır və indiki şərait onlar üçün çətin olacaq".
Sona Fərəczadə İranın qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısı Əli Yunesinin bu yaxınlarda ana dillərinin tədrisi haqqında bəyanatına da toxunub. Bu vədlərin umumiyyətlə səmimi olmadığına inanan Fərəczadənin dediklərinə görə, Əli Yunesinin vəzifəsi qeyri-fars etnik qrupların məsələləri ilə əlaqəli olsa da, o həmin cəmiyyətlərin haqlarını müdafiə etdikləri üçün doqquz il həbsə məhkum olunmuş fəalların ailələrinin sözlərini eşitməyə hazır olmur.
Sona xanım kiçik oğlu Tatarın atası üçün darıxdığını söyləyib: "Tatarın atasına çox ehtiyacı var. O, çox darıxır".