Urmu gölü ilə bağlı beynəlxalq konfrans keçirilib Güney Azərbaycan

Urmu gölü ilə bağlı beynəlxalq konfrans keçirilib

Urmiyə universitetində Urmu gölü ilə bağlı iki günlük beynəlxalq konfrans keçirilib. Konfrans Qərbi Azərbaycan valiliyi, Urmu Gölünü Canlandırma Mərkəzi, Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi araşdırmalar mərkəzi və Sürix Politexnik universitetinin əməkdaşlığı ilə keçirilib.
GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, bu konfransda Urmu gölü böhranı və onun qurtarılmasının texniki və iqtisadi tərəfləri müzakirə olunub və sonda qərara alınıb ki, mövzu digər araşdırma mərkəzləri o cümlədən Sistemin Məsləhətlərini Müəyyənləşdirən Qurumun Stratejik Araşdırmalar Mərkəzi ilə birgə müzakirə edilsain.
Sözügedən heyət daha bir neçə tədbirdə o cümlədən Ətraf Mühitin Mühafizəsi Təşkilatı ilə birgə görüşdə iştirak edəcək. Məlumata görə, bu görüşlərdə Urmu gölünün nicatı üçün çıxış yolları axtarılır.
Qeyd edək ki, artıq 95 faizi quruyan Urmu gölünün nicatına ümidlər tükənməkdədir. Dövlət rəsmiləri gölün qurtarılması ilə bağlı davamlı olaraq bir çox vədlər verir, lakin heç biri yerinə yetirilmir. Onlar hətta ictimaiyyəti sakitləşdirmək üçün görüntü olaraq bir çox konfranslar keçirir və bu konfranslar kütləvi informasiya vasitələrində geniş şəkildə təbliğ olunur, dəyişməyən isə Urmu gölü böhranıdır. Yerli məsulların da dediyinə görə bu günə qədər gölə bir damcı belə su əlavə olunmayıb.