“Türkün dili tək sevgili, istəkli dil olmaz” Güney Azərbaycan

“Türkün dili tək sevgili, istəkli dil olmaz”

Şəhriyar deyirdi ki, fars şairləri "Heydərbabaya salam"ı oxumaq üçün Azərbaycan dilini öyrənməyə çalışırdılar



O taylı-bu taylı Azərbaycanın XX əsrdə yetişdirdiyi ustad şair Məmmədhüseyn Şəhriyar (1906-1988), o Şəhriyar ki, onun haqqında "Əvvəli sultani-eşq, axırı ustadi-şeir Şəhriyar" deyə ədəbi nəticəyə gəlinib. XX əsr farsdilli və azərbaycandilli İran poeziyasının qüdrətli qələm ustası Şəhriyar farsdilli İran şeirinin ən mükəmməl nümunələri ilə bərabər, "Türkün dili tək sevgili, istəkli dil olmaz" deyərək ana dilində yazdığı şeirləri ilə Azərbaycan dilli poeziyanın ən xəlqi, ən milli nümunələrini də yaradıb. "Elinin dərdini farsicə də söyləyən dili" olsa belə yenə də: Türkün məsəli, folkloru dünyada təkdir, Xan yorğanı- kənd içrə məsəldir – mitil olmaz – deyərək ana dilinin üstünlüyünü, gözəlliyini bər-bəzəkli xan yorğanına bənzədib.
XX əsr fars şeirini, bütövlükdə İran ədəbiyyatını yeni pilləyə qaldırmış Şəhriyar yaradıcılığı Orta Asiya, Türkiyə, Qafqaz, Pakistan, Əfqanıstan, Hindistan və b. ölkələrdə ədəbi prosesə ciddi təsir edib, saysız-hesabsız insanlar onun saf şeir çeşməsindən faydalanıb, mənəvi zövq alıblar.
Əsas mayası canlı xalq dili, xalq mənəviyyatı, xalqın milli-mənəvi dəyərləri olan "Heydərbabaya salam" mənzuməsi sözün tam mənasında folklordan, xalqın əsrlərin süzgəcindən keçmiş canlı ünsiyyət dilindən yaradıcı şəkildə bəhrələnməyin ən parlaq nümunəsi, Şəhriyar yaradıcılığının təkamülü, möcüzəsidir. Bu mənada Şəhriyarın anadilli şeirləri üçün ona "Heydərbaba şairi" deyənlər haqlıdırlar. "Heydərbabaya salam" poemasının yazılmasından sonra Şimali Azərbaycanda daha çox tanınan və sevilən Şəhriyar ədəbi ictimaiyyətin daha çox diqqət mərkəzinə çevrilməyə başladı:


Türkinin canını almışdı həyasız tağut,
Mən həyat aldım ona, haqq üçün əhya elədim.
…Bax ki, "Heydərbaba" əfsanətək olmuş bir Qaf,
Mən kiçik bir dağı sərmənzili-ənqa elədim.
…Nə tək İranda vəlvələ salmış qələmim,
Bax ki, Türkiyədə, Qafqazda nə qövğa elədim.
…Aci dillərdə şirin türki olurdu hənzəl,
Mən şirin dillərə qatdım onu həlva elədim.
…Hər nə qalmış keçənlərdən ona bal pətəyi,
Əridib mumlu balın, şəhdi-müsəvva elədim.

Şəhriyarın ana dilində yazdığı şeirlərin, o cümlədən "Heydərbabaya salam" poemasının Azərbaycanda yayınlanmasından bu günə qədər onun yaradıcılığına olan sonsuz sevgim bu ali qələm ustasının dilinə, dininə, torpağına bağlı insanın haqqında bir neçə məqaləmin ərsəyə gəlməsinə səbəb olub. 1964-cü ildə şairin Azərbaycanda nəşr olunan "Heydərbabaya salam" poemasından və bir müdət sonra Şəhriyarın öz səsi ilə "Heydərbabaya salam"ın kasetdə yazılan və əldən-ələ, evdən-evə gəzən dəfələrlə dinləyib göz yaşı tökdüyüm səsindən sonra "Heydərbaba şairi" adlı məqalə yazdım və bu məqaləni 1984-cü ildə "Müdriklik çeşməsi" kitabıma daxil etdim. 1988-1990-cı ildə Azərbaycan televiziyasında Şəhriyar haqqında hazırlanan bir verilişdə onun haqqında danışıb səsinin də verilişdə səsləndirilməsi şərəfinə nail oldum. 1994-cü ildə Türkiyənin On Doqquz Mayıs Universitetində müəllifi olduğum "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyində Şəhriyarın da həyat və yaradıcılığına ayrıca fəsil ayırdım.
Onun ana dilli poeziyası, bu poeziyadakı folklor qaynaqlarına olan marağım "Heydərbabaya salam" poemasında folklor ünsürləri", "Heydərbabaya salam" mənzuməsində təbiət", "Məmmədhüseyn Şəhriyarın türkdilli şeirlərində folklor motivləri" kimi məqalələr yazmağıma səbəb oldu. Bu sonuncu məqaləm İranda "Varlıq" dərgisində və başqa dərgilərdə yayınlandı.
10 il boyunca Şəhriyarın müxtəlif məqamlarda səsi yazılmış bu gözəl ərməğanı dinləməyim məni "Yenə Şəhriyar" adlı məqalə yazmağa vadar etdi. Şəhriyar haqqında öz səsindən eşitdiyim həqiqətlər haqqında doğru fikirlər söyləməyə səbəb oldu. Şəhriyarın öz səsi ilə dediyindən aydın olur ki, o şəmsi təqvimi ilə 1386-cı ildə, hicri-qəməri təqvimi ilə 1325-ci ildə (yəni 1906-cıildə) Təbrizin Çay qırağında Seyid İsmayıl Musəvinin ailəsində dünyaya gəlib. Atası mükəmməl təhsil almış bir vəkil və xəttat imiş.
Ulu babalarının İraqdan Nəcəfə gəldiklərini, özlərinin Seyid İmam Rza nəslindən olduğunu deyir. Anadan olduğu il Səttar xan illərinə təsadüf edir. O, qundaqda imiş. Evləri səngərə yaxın olduğu üçün oradan getməyi məsləhət biliblər. Atası ailəsini hadisələrdən qorumaq üçün Kəvköşənə – öz doğma yerləri Xoşginaba, Heydərbaba dağının ətəklərinə köçürür. 6 yaşından əlifbanı öyrəndiyini, İranda Səttar xan inqilabı yatırıldıqdan, məşrutə şölələri söndürüldükdən sonra kənddən Təbrizə köçdüklərini söyləyir. Təbrizdə onu fransızca öyrənmək üçün bir fransız dili müəlliminə tapşırırlar. Fransız dilini və nəstəliq xəttini öyrənir. Aşağıdakı beyti də o zaman yazır:

Ruqiyyə bacı, başımın tacı,
Əti at itə, mənə ver kətə.

Altı yaşından əlifbanı öyrənib, Quranı və Hafizi oxuyan Şəhriyar etiraf edir ki, sonra ona çox şeylər adi gəlirdi. Təbrizə onun yaşadığı evə böyük şairlər gəlirdi. Özü Həbib Sahir, Mirzə Əbdülqasim Şiva kimi gənc şairlərlə dostluq edirdi. Məşrutə şairi Mir Əbdül Qazinin Mirağa adlı bir oğlu olduğunu, "Onun bir səsi var idi ki, dünyada belə şey olmaz" deyən Şəhriyar şair Qazinin "Ayaqdan düşmüşəm, saqi, əlimdən tut, ayaq eylə" şeirini və "Yazıq İranlılar" şeirindəki:

Nə şahdan çarə var biz millətə, ya rəbbi, nə məclisdən,
Bizə hər kim yar olsa, ona Allah pənah olsun

– misralarını söylərkən səsi titrəyən Şəhriyar şair İqbal Azərin münacatını, gurultulu zənguləsini xatırlayaraq belə bir Təbriz mühitində böyüdüyünü söyləyir.
Özünün də dediyi kimi, şeirlərini o zaman "Behcat" təxəllüsü ilə yazırmış. Adı Məmmədhüseyn olan şair "Şəhriyar" təxəllüsünü Hafizdən hədiyyə aldığını söyləyir. Deyir ki, 2 dəfə çərx açdıq, "Şəhriyar" gəldi. "Dedilər, bu təxəllüsü dərbaridən almalısan. Dedim ki, bunu mənə Hafiz verib. Dörd il bu imza ilə şeir yazdım, amma Şəhriyar adını dilə gətirmədim. Sonra imzam bilindi. O Şəhriyarlar getdi, indi məruf Şəhriyar mənəm"- deyir.
14 yaşında ailəsi ilə Tehrana gələn Şəhriyar tibb mədrəsəsinə daxil olur, üçillik təhsildən sonra Universitetə daxil olub tibb təhsilini başa vurur. Bir eşq macərası üzündən dostlarından ayrı düşməyə məcbur olan Şəhriyarın şeirlərinin "Behcətabad xatirəsi" dövrü başlayır. Şəhriyarın sevgilisi ilə evlənən Rza şahın əmisi oğlu Çıraqəli xan Pəhləvi (Əmir Əkrəm) Şəhriyarı Tehrandan çıxmağa məcbur edir. Şəhriyarı zindana atırlar və o, Xorasana getməyə məcbur olur. 6 il sürən Xorasan həyatı dövründə atasını itirir, başı çox bəlalar çəkən Şəhriyar ailəni dolandırmaq məcburiyyətində qalır.
Bir müddət sonra Tehrana dönən şair fars ədəbiyyatının qızıl səhifələri olan, bütün İranı ovsunlayan əsərlərini yazır. Özünün dediyi kimi, o dövrdə onun ana dili ilə o qədər ünsiyyəti yox idi. Deyir ki, dilimizi əvvəldən açmağa qoymadılar. Tehrana gələndə anası deyəndən sonra ana dilində bir şeir yazır. Anası həmişə Seyid Əzim Şirvaninin qəzəlindən aşağıdakı iki beyti zümzümə edirmiş. O zaman Şəhriyar Seyid Əzimin qəzəlinin hamısını tapa bilmədiyi üçün anasının zümzümə etdiyi o iki beytə nəzirə olaraq "Getmə, tərsa balası" adlı qəzəlini yazır. Qəzəlin bir neçə beyti belədir:

…Mən cəhənnəmdə də baş yastığa qoysam sən ilə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə qarnında da sənlə əkiz olsaydım əgər,
İstəməzdim doğulub bir də bu dünyayə gəlim.
…Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.
Yox, sənəm, anlamadım, anlamadım,
Buraxıb məscidimi, sənlə kəmkayə gəlim?
("Divani-türkü", səh. 90-91).

Eşq macərasından uzun illər keçdikdən sonra o, Əzizə Əbdülxaliki adlı bir müəllimə ilə evlənir. Bu evlilikdən onun Məryəm və Şəhrzad adlı iki qızı, Hadi adlı bir oğlu dünyaya gəlir. O, Əzizə xanıma yazdığı "Əzizəcan", "Əzizə", "Yar qasidi", "Bəlalı baş", "Toy yas ol" kimi şeirlərində sevgisini, ona olan sədaqətini "Eşqimin bülbülü səni tutmuş, Hər nə dünyada gül var, atmışdı" - şəklində ifadə edirdi. Şairi rahatladan ailə həyatı da onun üzünə gülmür. Əzizə xanım 40 yaşına çatmadan dünyasını dəyişir. O zaman Şəhriyarın 67 yaşı vardı. "Əzizə" adlı şeirində - Qırxa sən yetmədin, cavan getdin, Mən gedəydim ki, yeddim altmışdı - deyir.
Əzizə xanımın vəfatından sonra qız övladlarını da itirən Şəhriyar "Bir uşaqlıqda xoş oldum, o da yel kimi qaçdı" deyib ömrünün başıbəlalı günlərini yaşayır. Özü də deyir ki, hər bir şah əsərimi yazarkən əvəzində sevimli istəklilərimi itirmişəm. "Heydərbaba" anamı əlimdən aldı, "Səhəndiyyə" Əzizəni. Arvadım öldü, qızlarım bu dünyadan köçdü. Qocalıq məni kor quş kimi qəfəsə salıb.
Bir müddət Tehranda yaşayan Məmmədhüseyn Şəhriyar Tehrandan ayrılıb doğma Təbrizə köçür. Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa, Qaçmışam Təbrizə qoy yaxşıyla, yaman bəllənsin – deyir və bir də Tehrana Səhəndin ölümündə gəlir. "Mən Tehrandan incimişdim, Səhənd məni buraya gətirdi" deyir.
İki hissədən ibarət olan "Heydərbabaya salam" poeması bütövlükdə o qədər sadə, əsil, nəcib bir Azərbaycan dilində yazılıb ki, Şəhriyarın özü etiraf edir ki, onu fars dilinə tərcümə etmək mümkün olmur. Şəhriyar onu da qeyd edir ki, fars şairləri onu oxumaq üçün Azərbaycan dilini öyrənməyə çalışırdılar. Ömrünün təxminən son qırx ilini Təbrizdə yaşayan Şəhriyar Arazın o tayı olan Şimali Azərbaycan şairləri ilə şeirləşərək Azərbaycan dilində yazdığı şeirləri ilə "Həsrət ədəbiyyatı"nı yazmağa başlayır. Azərbaycan haqqında "Bizim iftixarımız budur ki, azərbaycanlıyıq. Azərbaycan milləti ölməzdir. Ölməz bir millətin məgər qabağını ala bilərlər? 50 il qabağını aldılar. Yenə şişdi, "Heydərbaba", "Səhəndiyyə" kimi nəhənglər yaratdı. Bunlar məhv olmaz. Mən İranı mülki-Azərbaycan bilirəm. Şah İsmayıl İranı məmləkət eyləyib verdi xalqına. Azərbaycan olmasaydı, İran olmazdı. Azərbaycan olmasaydı, İranda Məşruyə olmazdı. İran bir peykərdir, bu peykərin kəlləsi, başı Azərbaycandır. Səttar xan kim idi? Azərbaycanlıların əzizi, rəşidi, sərdarı".
Danışıqlarından ayrı-ayrı alınmış bu fikirlər Şəhriyarın milli ruhunu ifadə etməkdədir. Şəhriyarın II diskdən ibarət olan və aparıcının ifadə etdiyi kimi 10 il ərzində qeydə alınmış hər iki diskdə şairin öz səsi ilə oxuduğu "Heydərbabaya salam", "Səhəndiyyə", "Azan səsi", "Getmə, tərsa qızı", "Demişəm", "Eyləmisən", "Yeri boş" şeirlərini Şəhriyar səlis ana dilində söyləyib. Bu kasset "Ömrümün axırıdı, qoy səs qalsın" deyərək ürəyindən keçənləri söyləyən şairin tarixi səs yadigarıdır.


Maarifə Hacıyeva,
professor