SON MƏZARIN TƏBRİZDƏ OLSUN… Güney Azərbaycan

SON MƏZARIN TƏBRİZDƏ OLSUN…

S.C.Pişəvərini faciəli vəfatı Tehran radiosu üçün bir neçə günlük sevindirici şou mövzusuna çevrildi

Azərbaycandakı Xalq Hərəkatının (1945-1946) böyük öndəri, ADF-nin banilərindən və AMH-nin rəhbəri Seyid Cəfər Pişəvərinin cənazəsi 1946-cı il iyunun 13-də saat 16:00-da torpağa tapşırıldı. Onun ilk məzarı Bakının ətrafında yerləşən Buzovna kəndinin (indi qəsəbədir) "Nobel"bağı adlanan ("Yaşıl bağ") yerdə olmuşdu. S.C.Pişəvərinin ailəsinin Bakıda ilk məskunlaşdığı ev də bu bağın ərazisində yerləşirdi.
S.C.Pişəvəri avtomobil qəzasına 1946-cı il iyunun 11-də səhər saat 0600 radələrində düşsə də o, Yevlax rayonunun mərkəzi xəstəxanasına 2-3 saat sonra çatdırılıb. S.C.Pişəvərinin 14-15 km məsafədə yerləşən xəstəxanaya gec çatdırılması səhər tezdən Kirovabad (indiki Gəncə)-Yevlax yolunda nəqliyyat hərəkətinin olmaması ilə izah olunur. Şahidlərin dediklərinə əsaslansaq, xəstəxanaya çatırılanadək S.C.Pişəvərinin çox qan itirməsinə baxmayaraq huşu başında, nitqi də yerində imiş.
Bakıdan tibb briqadası gələnədək nə Gəncədən, nə də Qarabağdan gəlmiş həkim-cərrahların Pişəvərinin üzərində xilasetmə əməliyyatı aparmalarına icazə verilməmişdi. Bakıdan cərrahlar və dövlət nümayəndəsini gətirən təyyarə isə 5-6 saat sonra Yevlaxa gəlib çatmışdı. Cərrahların "əməliyyatından" az sonra S.C.Pişəvəri yaşamını itirir. Bu haqda ilk xəbər cərrahiyyə otağı qarşısında dayanmış, S.C.Pişəvərinin həkim qardaşı Mir Xəlilə, sonra isə rəsmi dövlət orqanlarına çatdırılmışdı.
S.C.Pişəvərinin meyidi iki gün sonra, 1946-ci il iyunun 13-də ailəsinə təhvil verilmişdi. Ailəyə, xüsusən S.C.Pişəvərinin cənazəsi olan otağa kənar şəxslərin daxil olmasına icazə verilməmişdi. Doktor N.Cahanşahlu öz xatirələrində yazır: "S.C.Pişəvəri ilə görüşdən 3-4 gün keçmişdi ki, general Atakişiyev mənə zəng vurub dedi: "Yoldaş Seyid Cəfər Kirovabad-Yevlax yolunda avtomobil qəzasında ölüb. Mən sizə başsağlığı verir və xahiş edirəm ki, partiya məktəbində təhsil alan iranlı tələbələri Buzovnadakı bağa göndərəsiz. Günortadan sonra saat 2-də orada olsunlar. Günortadan az sonra məni gözləyin. Mən gəlib sizi oraya aparacağam ki, dəfn mərasimində iştirak edək".
S.C.Pişəvərinin dəfn mərasiminin şahidi olmuş yaşı 85-90-nı haqlamış Buzovna qəsəbəsinin sakinləri Babayev Ələkbər və Səlimov Ruhulla nağıl edirlər ki, "dəfn mərasimi vaxtı "Yaşıl bağ" hər tərəfdən polis nəzarətində idi. Biz demokratların (Güney Azərbaycandan gələnlərin) rəhbərinin avtomobil qəzasında həlak olması xəbərini "Buzovna neft" mədənlərində işləyən cənublu iş yoldaşlarımızdan eşitdik. Onlar Buzovna neftin 4-cü yataqxanasında qalırdılar. Dəfnin bu gün (iyunun 13-də) "Yaşıl bağ"da olacağını onlar bizə demişdi. Biz bağın polis nəzarətindən kənarda qalmış hissəsindən birtəhər özümüzü içəriyə saldıq və ora toplananlara qatıldıq".
Ruhulla və Malik kişi S.C.Pişəvərinin dəfn olunduğu "Yaşıl bağ" haqqında da məlumat verdilər. Onlar dedilər ki, bu bağ əvvəlcə əslən Sabunçu kəndindən olan İsa və Musa qardaşlarına məxsus olub. Nobel qardaşları bu bağı aldıqdan sonra ora "Nobel bağı" adlandırılmışdı. Cənubdan gələn demokratların bir neçə ailəsi, o cümlədən mərhum Seyid Cəfər Pişəvərinin ailəsi əvvəlcə bu bağda məskunlaşmış, sonra isə onlara Bakıda Xəqani küçəsində də mənzil verilmişdi.
"Yaşıl bağ" demokratlar yaşayanda da, sonra bağ vərəm xəstəliyi sanatoriyasına çevriləndə də demək olar ki, həmişə kənar adamlar üçün bağlı yer olub. S.C.Pişəvəri burada dəfn olunandan sonra bağa gedib-gəlmək daha da yasaqlandı. Cahanşahlu yazır: "General Atakişiyev bağa çatan kimi, o, başqalarına fikir vermədən məni birbaşa cənab Pişəvərinin ailəsi olan binaya apardı. Tabutun qoyulduğu kiçik bir otağa daxil olduq. O, dedi ki, cənazəni görmək üçün hamının buraya gəlməsini məsləhət görmürəm. Pişəvərinin xanımı pərişan halda səssiz dayanıb, ağlayırdı. Mən cənazəyə baxan kimi zəhərlənmə əlamətlərini müşahidə etdim. Çünki bütün bədən şişmişdi və yalnız iki kiçik yara, biri üzünün sağ
hissəsində, digəri isə boynunda (çiyinə yaxın hissədə) müşahidə olunurdu. Mən təəccüblənib dedim: Yoldaş general, bu iki kiçik yara ki, adamı öldürməz? O, polis baxışlarına bənzər dərin, mənalı və nəsihətamiz baxışlarını mənə zillədi və dedi: "Yoldaş həkim! Siz onunla Rza şah zindanında olubsunuz. Bilirsiniz ki, o, illərlə orada çox çətinliklərlə yaşayıb. Bu hadisədə onun xəstə ürəyi təəssüf ki, tab gətirməyib, keçinib. Onun həyata qaytarılması üçün əllərindən gələni əsirgəməyiblər". Bu qısa danışıqdan sonra o, cənazənin üstünü örtdü və əvvəldən qapının arxasında gözləyən şəxslərə əmr etdi ki, tabutun mıxlarını çalsınlar".
Dəfn mərasiminin canlı şahid kimi Ruhulla kişi nəql edir ki, S.C.Pişəvərini qəbrə göz yaşları içərisində bizim iş yoldaşımız Gülməhəmməd Natəvanı qoydu. N.Cahanşahlunun və buzovnalı şahidlərin dediklərindən məlum olur ki, dəfn mərasimində S.C.Pişəvərinin silahdaşlarından Sadıq Padiqan, Məhəmməd Biriya, Azərbaycan Kommunist partiyasının bir neçə nümayəndəsi və Mirzə İbrahimov, Həsən Həsənov, doktor Səmədov, Qulam Məmmədli (bunlar S.C.Pişəvərini Təbrizdən tanıyırdılar) və partiya məktəbindəki cənublu müdavimlər, Milli Hökumət dövründə fədai başçısı olmuş və "Buzovna neft" mədənlərində çalışan G.Natəvani, Qulam Şücai, Sultanəli Qulamı, Hənifə və Yaqub Əmiri qardaşları və başqaları iştirak ediblər. Mirzə İbrahimovun qısa danışığından sonra dəfn mərasimi başa çatmışdı.
Beləliklə, Güney Azərbaycanın Xalxal mahalının Seyidlər Zeyvəsi kəndində dünyaya göz açmış S.C.Pişəvəri Yevlax xəstəxanasında gözlərini əbədi olaraq yumdu! Hansı səbəbdənsə onun Buzovnadakı məzar daşına heç bir yazı yazılmamış və məzar diqqəti cəlb etməsin deyə gül-çiçək kolları ilə ört-basdır edilmişdi. Yevlaxdakı Pişəvərisevərlər öz vəsaitləri ilə şəhər qəbiristanlığında ona rəmzi qəbir-abidə qoymuş, baş daşında onun adını, soyadını, təvəllüd və vəfat tarixini yazdırmışlar. Həmin abidə Yevlax qəbristanlığında indi də durur.
S.C.Pişəvərinin müəmmalı ölümünü Sovet orqanları nə qədər gizlətməyə cəhd etsələr də, dəfnin sabahı günü xarici radiolar baş vermiş hadisə haqqında xəbər yaydılar. S.C.Pişəvərini faciəli vəfatı Tehran radiosu üçün bir neçə günlük sevindirici şou mövzusuna çevrilmiş oldu.
60-cı illərin əvvəllərində ictimaiyyətin, Pişəvəri silahdaşlarının təşəbbüsü və Azərbaycan rəhbərliyinə olan çoxsaylı müraciətlərlə bağlı olaraq S.C.Pişəvərinin Buzovnada, "Yaşıl bağ"dakı məzarı 1965-ci ilin "21 Azər inqilabının" 20 illiyi günlərində Azərbaycan dövlət və Firqə rəhbərlərinin, ictimaiyyətin iştirakı ilə "Fəxri xiyaban"a köçürülmüşdü. "Fəxri xiyaban"dakı məzar üçün hazırlanmış xüsusi beton qəbir-qutu o məqsədlə düzəldilmişdi ki, zamanı gələndə S.C.Pişəvərinin sümüklərini Təbrizə köçürmək mümkün olsun. Firqə arxivindəki sənədlərdən məlum olur ki, Fəxri xiyabandakı qəbir üçün 50 tonluq qranit mərmər daşı Ukraynadan gətirilmiş, heykəltaraşı isə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindən dəvət edilmişdi. Məzarın eskizini və tərtibatını mərhum memar Adil Dadrəs vermişdi.
S.C.Pişəvərinin məzarı və məzarüstü abidələri, o cümlədən dərin düşüncəyə dalmış əzəmətli heykəli Bakıda, Fəxri Xiyabandadır. Pişəvərisevər insanlar onun anadan olduğu 26 avqust və vəfat etdiyi (11 iyun) günlərində bu böyük şəxsiyyətin məzarını ziyarət edir onun unudulmaz xatirəsini hörmətlə yad edirlər.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri