“Mis mafiyası sənayesinin inkişafına imkan vermir” Güney Azərbaycan

“Mis mafiyası sənayesinin inkişafına imkan vermir”

Güney Azərbaycanın Əhər və Heris şəhərərinin İran parlamentindəki millət vəkili Beytullah Abdullahi Əhərdə keçirilən bir tədbirdə bölgədə yaşanan işsizlik problemindən danışarkən bir neçə önəmli məsələyə toxunub.
Millət vəkilinin çıxışı "Nasr News" saytında dərc olunub.
"Məncə Şərqi Azərbaycan Vilayəti, xüsusi ilə Əhər və Herisdə mədən işləri inkişaf etmir. Səhv etməsəm Şərqi Azərbaycan, Kirman Vilayətindən sonra ən zəngin mədənlərə malikdir. Məsələn Əhər şəhəri qızıl və mis yataqları ilə zəngindir. Lakin bu sahədə heç bir tərəqqimiz yoxdur, bölgəyə lazımi sərmayə yatırılmayıb.
Mədənlər, idarə və rəsmi orqanlar üçün deyil, gənclərin işlə təmin olunması üçün böyük imkanlar yaratmalıdır. Əslində ölkəyə xəyanət olunub. Vaxtı ilə ölkədə büdcə vəsaitinin 40 faizi abadlaşdırma işlərinə, 60 faizi isə idarələrdəki cari işlər üçün nəzərdə tutulurdu. İndi abadlaşdırma işlərinə 20, idarə işlərinə isə 80 faiz büdcə vəsaiti ayrılır. Bu o deməkdir ki, əhalidən toplanan vergi və neftin satışından əldə olunan qazanc yararsız idarə sisteminin işlərinə yönəlir"- deyə Beytullah Abdullahi bildirib.
Azərbaycanlı millət vəkili sözlərinin davamında bölgədə başladılan inşaat layihələrinin vaxtında yekunlaşmamasına öz etirazını bildirib. "3 il öncə Əhərdə Ticarət, Mədən və Sənaye naziri tərəfindən nəmli əhəng zavodunun təməli qoyuldu. Lakin 3 il ərzində layihənin icrası ilə bağlı heç bir addım atılmayıb. Bu, qəsdən edilir. Ehtimal edirəm ki, mis şirkəti bəzi mafiya qrupları tərəfindən idarə olunur, onlar şəhərlərdə belə zavodların yaradılmasına imkan vermirlər"- deyə o vurğulayıb.
Qeyd edək ki, Güney Azərbaycanın hər tərəfi qiymətli daşlar, qızıl, mis, mineral sular, duz mədənləri, müxtəlif metallar və s. kimi yataqlarla zəngindir, lakin bölgədə mədən işləri inkişaf etdirilmir. Mədənlərin kənarında emal fabriklərinin olmaması səbəbindən isə əldə edilən məhsullar xammal şəklində İranın digər vilayətlərinə intiqal edilir. Bu, mədənlərdən əldə olunan qazancın azərbaycanlılara nəsib olmaması dəməkdir. Bu vəziyyət vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.