Güney Azərbaycanda “İran” qəzetinin təhriflərinə etiraz Güney Azərbaycan

Güney Azərbaycanda “İran” qəzetinin təhriflərinə etiraz

Güney Azərbaycanın iki yüksək vəzifəli şəxsi "İran" qəzetinə Azərbaycan tarixini təhrif etdiyinə görə etiraz bildirib.
"İran" qəzeti ötən şənbə günü nəşr etdiyi sayında türk tarixi və kimliyinə qarşı yazılan bir məqaləni dərc edərək anti-türk mövqeyini bir daha nümayiş etdirib. "Azərbaycan, kiçik İran" adlı məqalədə ermənilər və kürdlər Azərbaycanın ən qədim sakinləri, türklər isə mühacir və işğalçı kimi göstərilib.
Məsələyə Qərbi Azərbaycan valisinin Təhlükəsizlik və Siyasi məsələlər üzrə müavini Əlirza Radfər "Yol Press"in müxbiri ilə danışıqda münasibət bildirib.
"Bu iddianın əsası yoxdur, təmami ilə qeyri-elmidir. Çox təəssüflər olsun ki, qəzetin məsulları belə bir mətləbin dərc edilməsinə icazə veriblər. Biz bu hərəkəti milli mənafeyə uyğun hesab etmirik və türklərə qarşı təhqiramiz ifadələri şiddətlə qınayırıq. Məsələni qəzet məsulları, o cümlədən baş redaktor vasitəsi ilə araşdırıb və müzakirə edirik. Mətndə yol verilən yanlışlığa düzəliş ediləcək"- deyə o bildirib.
Şərqi Azərbaycan valisinin Təhlükəsizlik və Siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər də Azərbaycan tarixinə qarşı yol verilən təhrifə öz etirazını bildirib.
O bu barədə "İrna" xəbər agentliyinə danışıb.
"Mən "İran" qəzetinin məsulları ilə əlaqə saxlayaraq sözgedən qeyri-elmi məqaləyə öz etirazımı bildirmişəm. Məsullardan biri mənimlə razılaşaraq məqalənin yayılmasında yanlışlıq və diqqətsizlik olduğunu bildirib. O həmçinin yaxın gələcəkdə mövzu ilə bağlı elmi izahlar və tənqidçilərin yazılarının dərc olunacağı haqda vəd verib"- deyə vali müavini bəyan edib.
"İran" qəzeti İslam Cümhuriyyətinin rəsmi mətbuat orqanıdır. Bu qəzet anti-türk mövqeyi ilə seçilən bir kütləvi informasiya vasitəsidir. "İran" 2006-cı ildə dərc etdiyi təhqiramiz bir karikaturda türkləri böcəyə oxşadaraq onların nəcisdən qidalandığını təsvir etmişdir. Qəzetin bu irqçi hərəkəti Azərbaycan şəhərlərində böyük qiyama səbəb oldu. Kütləvi etiraz aksiyalarında onlarla soydaşımız İran təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlər insan yaralandı və çox sayda etirazçı həbs edildi. Həbslər etiraz aksiyalarından aylar sonra da davam etdi.