1997-2005-ci illərdə Güney Azərbaycanda ziyalıların fəaliyyəti Güney Azərbaycan

1997-2005-ci illərdə Güney Azərbaycanda ziyalıların fəaliyyəti

1-ci yazı
1997-ci ildə prezidentliyə namizəd Xatəminin seçki platformasında qeyri-fars xalqlara Konstitusiyanın 15-ci maddəsində nəzərdə tutulmuş hüquqların verilməsi məsələsinə toxunması, bir sıra demokratik, sosial və s. dəyişikliklər vəd etməsi cənubi azərbaycanlı ziyalılar tərəfindən rəğbətlə qarşılanmışdı. Cənubi azərbaycanlıların Xatəminin namizədliyini müdafiə etmək məqsədilə yaratdıqları "Həmayeşe bozorqe torkzəbane mogime mərkəz"in ("Paytaxtda yaşayan türkdillilərin böyük toplantısı") 4 may 1997-ci ildə Xatəmiyə ünvanladığı müraciətdə deyilirdi: "Möhkəm əminik ki, cənabınız respublikanın başçısı məqamına çatdıqda,... qayğıdan məhrum kənar ostanlara daha çox diqqət yetirəcək. Xüsusilə də tağuti zamanı zülm və məhrumiyyətlərə düçar olmuş millətin... mədəniyyət, dil, adət və ənənələrinə geniş himayədarlıq göstərəcəksiniz".
Xatəmi 1997-ci ildə keçirilmiş prezident seçkiləri kampaniyasında etnik tələblərdən siyasi mənfəətləri üçün istifadə edirdi. Prezident seçkisindən sonra vətəndaşların qeyd olunan gözləntilərinə cavab olaraq ilk vaxtlar ictimai, siyasi, mədəni həyata total nəzarət və təzyiqlər bir qədər zəifləmişdi ki, bu da mübarizənin kütləvi xarakter almasına şərait yaratdı. Cənubi Azərbaycanda mübarizənin kütləviləşmə mərhələsinə keçməsi, əsasən, milli ziyalı M.T.Zehtabinin təşəbbüsü ilə 1997-ci ilin iyul ayında Bəzz qalasına 35-40 nəfərin iştirak etdiyi milli- siyasi yürüşlərlə başlamışdı. Sonrakı illərdə (xüsusən də 2001-2002-ci illərdə) yürüş iştirakçılarının sayı milyonu keçmişdi.
Zehtabi milli hərəkatda qalib gəlməyin yeganə yolunun türklük üzərində millətləşməklə mümkün olduğunu yazır və xalqının türklük şüurunun yüksəldilməsi, öz kimlik şüurunu dərk etməsi üçün mədəni yöndə fəaliyyətin genişləndirilməsinə diqqət verirdi. Doktor M.T.Zehtabi türk millətləri, xalqları və toplumlarının akademiyalarına, elmi mərkəzlərinə müraciətində türk dilləri və folklorundakı bütün özəllik və materialları bir araya toplamaq üçün siyasətdən kənar bir elmi mərkəzin yaradılmasını təklif etmişdi. Dr.Zehtabi yazırdı: "Böyük və kiçik türk millətləri və toplumları daxilində, onların akademiyaları, elmi mərkəzləri və ocaqlarında xüsusi şöbəsi olsun və bu şöbələr siyasətdən tam kənar bir-biri ilə sıx bağlı olsunlar. Dil və folklor xüsusiyyətlərini müstəqil şəkildə öyrənib toplasınlar".
Belə qurumlardan biri Azərbaycan Elm və Mədəniyyət Araşdırmaları Mərkəzi (AEMAM) (bu qurum Azərbaycan Elm Kültürəl Araşdırma Mərkəzi (AYKAM) kimi də tanınırdı) Azərbaycan Mədəniyyət və Kültür Ocağının da yaxından dəstəyi ilə 1998-ci il dekabrın 3-5-də Təbriz şəhəri yaxınlığındakı Şərəfxanada Birinci Azərbaycanşünaslıq Simpoziumu keçirmişdi. Azərbaycan-ümumtürk əlaqələrinin yeni forması olan bu simpoziumdakı bütün çıxışlarda azərbaycanşünaslığın, Azərbaycan dilinin tədrisi məsələsi və ziyalıların bu sahədəki rolu geniş şərh olunmuş və qəbul edilmiş 12 bənddən ibarət bəyanatın beşinci, səkkizinci, doqquzuncu bəndlərində sırf ana dili məsələsinə toxunulmuşdu. Beşinci bənddə göstərilirdi: "Dil evdə anadan öyrənilən, məktəbdə genişlənən, küçədə tamamlanan bir anlaşma vasitəsidir. Xalqların anadan olma dilinin uşaq və yeniyetmələrə öyrədilməsi üçün demokratik, mədəni, hüquqi imkanlarının zənginləşdirilib gerçəkləşdirilməsi". VIII-IX bəndlərdə İran ərazisində yaşayan qeyri-fars xalqların Konstitusiyada təsbit olunmuş ana dilindən istifadə hüquqlarının gerçəkləşdirilməsi tələb edilirdi. AEMAM yalnız Azərbaycançılıq məfkurəsini özündə ehtiva edən bir qurum idi və açıq siyasi tələblərlə çıxış etmirdi. Buna baxmayaraq, hakim dairələr bu Mərkəzin fəaliyyətini qadağan etdi.
Bəhs olunan dövrdə dövlət strukturunda təmsil olunan rəsmi nümayəndələrə müraciətlər yenə də ziyalıların fəaliyyətində aparıcı xətt idi. Bu istiqamətdə mübarizənin əsas cəhətlərindən biri ziyalıların sözügedən məsələdə yekdil olması və vahid mövqedən çıxış etməsi idi. Həmin müraciətlər hər cür siyasi çalarlardan kənar, azərbaycanlıların elementar milli-mədəni ehtiyaclarını ödəmək istəyindən ibarət idi. Məhəmməd Tağı Zehtabi, Cavad Heyət, Həsən Raşidi, Həmid Məmmədzadə, Məhəmmədəli Fərzanə, Behzad Behzadi və başqa 64 nəfərin imzası ilə M.Xatəmiyə ünvanlanmış məktubda azərbaycanlıların hüquqlarının bərpasını əks etdirən 4 əsas tələb irəli sürülürdü:
1. Türklərin sakin olduğu bütün yaşayış məntəqələrindəki məktəblərdə Azərbaycan türkcəsi tədris olunsun;
2. Radio və televiziyada, elmi və ixtisaslı işlərdə fars dili ilə yanaşı türk dilindən də istifadəyə icazə verilsin;
3. Ölkə universitetlərində Azərbaycan türkcəsində dil və ədəbiyyatın tədris olunması təşkil edilsin;
4. Uşaqların və yeniyetmələrin zehni inkişafı üçün türk dilində uşaq ədəbiyyatının nəşri təşkil olunsun.
Azərbaycan ziyalılarının böyük hissəsinin imzası ilə ayətullah Seyid Əli Xamneyiyə ünvanlanmış məktubda da Azərbaycan dilinin fəaliyyət sferasının genişləndirilməsi məsələləri ilə yanaşı dilin özünün assimilyasiyasının qarşısının alınması kimi məsələlər qoyulmuşdu. Qeyd olunan məzmunda tələblər Güney Azərbaycan Aydınlar Cəmiyyəti (GAAC), Azərbaycan Mədəniyyət və Kültür Ocağı (AMKO) tərəfindən irəli sürülən müraciətlərdə də qoyulurdu. Müraciətlər cavabsız qalsa da, müəyyən anlarda mərkəzi hakimiyyətin siyasətinə təsir göstərə bilmək imkanından da xali deyildi. Ciddi nailiyyətlər əldə edilməsə də, problemin hakim dairələrin diqqətində, gündəmdə saxlanması baxımından faydalı idi.
1990-cı illərin ikinci yarısından başlayaraq ziyalılar geniş siyasi, mədəni, maarifçilik fəaliyyəti ilə yanaşı, Azərbaycandakı iqtisadi geriliyin səbəblərini araşdırır, onun elmi izahının əsaslandırılması ilə məşğul ola biləcək bir komissiyanın yaradılmasına da təşəbbüs göstərirdilər. Bu məqsədlə Azərbaycan Mədəniyyət və Kültür Ocağı (AMKO) mütəxəssislərdən ibarət araşdırma komissiyası yaratdı. Onlar Azərbaycanın iqtisadi inkişaf proqramı ilə bağlı təkliflərini dövlət orqanlarına göndərirdilər. Digər ziyalı və tələbə qruplarının dövlət rəhbərliyinə müraciətlərində də Azərbaycana qarşı iqtisadi ayrı-seçkiliklə bağlı məsələlər irəli sürülürdü. 1999-cu ilin fevralında İranda yerli şuralara keçirilən seçkilər zamanı Tehran Universitetinin azərbaycanlı müəllim və tələbələri namizədlər qarşısında 7 bənddən ibarət tələbnamədə dil, radio-televiziya, mədəniyyət abidələrinin qorunması, Azərbaycan tarixinin öyrənilməsi, mətbuat azadlığı ilə yanaşı iqtisadi məsələlərlə bağlı tələblər də qoymuşdular. Tələbnamədə, həmçinin bu illərdə panfarsist dairələrin fəaliyyətində daha çox nomenklatur sözə çevrilən "azəri" termininə etiraz edilirdi. "İran və Ana dili" adlanan I bənddə türk dilinin ibtidai siniflərdən doktorluq işinin müdafiəsinə qədər bütün mərhələlərdə tədris edilməsi və "azəri dili" yerinə "Azərbaycan türkcəsi" termininin işlədilməsi tələb olunurdu.
Ziyalıların hakimiyyət strukturlarında təmsil olunmaq istəyi ilə bağlı açıq siyasi-ideoloji tələbləri 1999-cu ildə yenidən müqavimətlə üzləşdi. Parlament seçkilərində namizəd kimi iştirak edən Mahmudəli Çöhrəqanlı və Azərbaycan Mədəniyyət və Kültür Ocağının nümayəndəsi Yaqub Təkəvi uğur qazana bilməsələr də, seçkilər, Hüseyn İsalının sözləri ilə desək, "Azərbaycan türkcəsində tərtib olunmuş seçki platforması və təbliğat-təşviqat vasitələri ilə milli istəklərin geniş sferada, açıq şəkildə gündəmə gətirilməsi üçün bir fürsət oldu".
Milli şüarlar, o cümlədən ana dilindən istifadə hüququnun reallaşdırılması tələbləri 1990-cı illərin sonunda hakimiyyətdaxili qüvvələrin toqquşması, eyni zamanda yarımçıq qalmış iqtisadi islahatların həyata keçirilməsi üçün hökumət əleyhinə təşkil olunan etiraz aksiyalarının fonunda da olsa aktual məsələ kimi qoyuldu. 8 iyul 1999-cu ildə Tehranda hökumət əleyhinə başlayan nümayişlər tezliklə Təbrizə də yayıldı. Tehrandakı aksiyalardan fərqli olaraq Təbrizdəki nümayişlərdə milli tələblər, o cümlədən Konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsi ilə bağlı şüarlar da səsləndirildi. Tehran rejimini təşvişə salan 8 iyul hadisələrində səslənən şüarlarda son 20 ildə ilk dəfə olaraq dini lideri diktator adlandırmaqla yanaşı, rejimin hakimiyyətdən getməsini tələb edirdilər. Təbrizdəki bu etiraz aksiyaları son 20 ildə İranda islam ideologiyasının millətçi xarakterinə azərbaycanlı tələbələrin açıq nifrətini göstərməklə yanaşı, dini ideologiyanın Cənubi Azərbaycan türkləri üçün öz perspektivini itirdiyini nümayiş etdirdi. Eyni zamanda milli kimlik bağlarını möhkəmləndirən din faktorunun arxa plana keçməsi, ya tamamilə silinməsi və gənclərin dini kimlikdən qopması baş verirdi. Bu nümayişlərlə artıq rejimin ölkədə, xüsusən də milli bölgələrdə, o cümlədən Cənubi Azərbaycanda universitetlərlə bağlı siyasətinin iflasa uğradığını görürük. Cənubi Azərbaycan üzrə tədqiqatçı V.Mustafayev islam rejiminin Azərbaycanda təhsil sistemini və universitetləri hakim millətçilik, assimilyasiya siyasətinin dayağına çevirmək məqsədi güdən Pəhləvilərdən fərqli olaraq, universitetlərin İran rejiminin dayağı olmaq şərti ilə qeyri-formal səviyyədə olsa da, milli mədəniyyət və milli ideologiya mərkəzi rolu oynamasına müəyyən "şərait" yaratdığını qeyd edir və vurğulayır ki, hakimiyyətin məqsədi tələbələrin böyük enerjisini antirejim mövqeyindən milli münasibətlər sferasına yönəltməklə, öz mövcudluğunun müddətini uzatmaq idi. Tələbələrin əvvəlki səhifələrdə qeyd etdiyimiz fəaliyyəti, xüsusilə 8 iyul hadisələri artıq bu məqsədlərin puç olduğunu deməyə əsas verir.
Xatəmi hakimiyyətinin ilk iki ilindəki hadisələri izlədikdə belə qənaətə gəlmək olur ki, ziyalıların fəaliyyəti həm milli-mədəni, həm də milli-siyasi sferada davam etmişdir. "İslahatçı hökumət havası" mübarizənin kütləviləşmə mərhələsinə keçməsinə şərait yaratsa da, əslində, milli qüvvələrin leqal siyasi fəaliyyətini təmin etməklə onların repressiyasını "asanlaşdırdı". Belə bir şəraitdə rejimin müvafiq qurumları milli təşkilat və fəalları daha asan müəyyənləşdirmək imkanı qazanırdı. Məhz bu illərdə İran hökuməti Təbrizdəki Azərbaycan Elm və Mədəniyyət Araşdırmaları Mərkəzinin fəaliyyətini dayandırdı. Mərkəzin bağlanmasına etiraz edən Təbriz, Urmiya, Ərdəbil şəhərlərindəki dövlət və özəl islam universitetlərinin azərbaycanlı tələbələri "Omide Zəncan" qəzetində hökumət qarşısında Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi məsələsini qoyan bəyanatla çıxış etdilər.
Yeganə Hacıyeva