Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi Güney Azərbaycan

Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi

5-ci yazı

GAMOH-un lideri M.Çöhrəqanlının milli məsələnin həlli ilə bağlı fikirlərindəki dəyişikliklər diqqəti çəkir. Azərbaycan türkcəsindən istifadə hüquqları uğrunda mübarizə aparan Çöhrəqanlı xaricə çıxandan sonra birləşmə ideyasını irəli sürməyə başladı: "Bu gün bütün dünya ayrı düşmüş xalqların birləşməsinə tərəfdardır. Almanlar, yəmənlilər, vyetnamlılar bütövləşdi. Koreya bütövləşmək halındadır. 45 milyonluq Azərbaycan milləti də ən qısa zamanda öz haqqına qovuşacaq, Azərbaycanın bütövləşməsi prosesi yaşadığımız əsrin yaxın onilliyində başa çatacaq".
Çöhrəqanlının ABŞ-da keçirdiyi görüşlərdə isə məsələyə fərqli yöndən yanaşmasının şahidi oluruq: "GAMOH hazırkı İranın teokratik rejimini demokratik federal hökumətlə əvəz etmək və İranda yaşayan azərbaycanlılara geniş muxtariyyət almaq məqsədini qarşıya qoyub. Biz İranda bu rejimi dəyişmək və onu demokratik, dünyəvi və federal hökumətlə əvəzləmək istəyirik".
DAK-ın bu məsələyə münasibəti fərqli idi. DAK-ın liderlərindən Əhməd Obalı bildirirdi: "Beynəlxalq təşkilatlar güneylilərin təhsil, dil və s. hüquqlarının pozulmasından danışır, amma milli müqəddəratını müəyyən etmək hüququ hələlik diqqətdən kənardadır. Bu hüquq BMT-nin baş prinsiplərindən biridir və hamı bunu qəbul edir. Qəbul olunan sənədlər buna hazırdır. Gələcəkdə qeyd etdiyimiz hüquq uğrunda mübarizə başlanarsa, hesab etmirəm ki, beynəlxalq təşkilatlar bizim qarşımızı alacaq".
Azərbaycan dilinin funksionallığının artırılması, eyni zamanda dilin özünün assimilyasiyasına son qoyulması məsələsi DAK-ın nəzərindən qaçmamış bu illərdə böyük dövlətlərə və beynəlxalq təşkilatlara göndərdiyi müraciətlərdə qeyd olunan problem öz əksini tapırdı. 2002-ci ilin sentyabrında ABŞ hökuməti çanaq antenası vasitəsilə İran üçün fars dilində 24 saat yayımlanacaq televiziya kanalı açdı. DAK İrana yayımlanacaq televiziyada Azərbaycantürkcəsində verilişlər olması barədə ABŞ prezidentinə, Konqresə və "Azadlıq" radiosunun rəhbəri Tomas Tayana müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, İranda 35 milyon Azərbaycan türkünün yaşamasına baxmayaraq gündə 2 saat yayımlanan Azərbaycan dili adlanan verilişlər əksinə, dilimizin assimilyasiyasına xidmət edir". DAK-ın 2002-ci ilin sentyabrındakı digər mühüm addımı onun BMT-nin baş katibi Koffi Annana müraciəti idi. Baş katibə müraciətdə 30 milyonluq Azərbaycan türkünün dilinin və mədəniyyətinin assimilyasiya qarşısında olduğu vurğulanır, BMT-nin müvafiq orqanlarının bu haqda qətnamə çıxarması xahiş edilirdi. Eyni məzmunda məktub Beynəlxalq Amnistiya Təşkilatına və başqa qurumlara da göndərilmişdi.
11-13 oktyabr 2002-ci ildə Hollandiyanın Haaqa şəhərində DAK-ın VI qurultayı keçirildi. Əvvəlki qurultaylardan fərqli olaraq bu tədbirə bütün türk dövlətlərinin başçıları, xaricdə fəaliyyət göstərən türk diaspor təşkilatlarının nümayəndələri, səfirlər, xarici işlər nazirləri də dəvət olunmuşdu. Güney Azərbaycanda gedən milli hərəkatın analizi, ona münasibət, fars teokratik rejiminin qurbanı olan şəxslərin, təşkilatların, mətbuat orqanlarının qarşılaşdığı problemlərin beynəlxalq təşkilatlara çatdırılması, onların haqlarının müdafiə edilməsi qurultayın gündəliyindəki əsas məsə¬lələrdən olmuşdu.
İrandakı azərbaycanlıların qarşılaşdığı problemlərin beynəlxalq təşkilatlara çatdırılması məsələsində daha fəal olan təşkilatlardan DünAzHaq-ın rəhbəri B.Rəsuloğlu BMT-nin Cenevrədəki İnsan Haqları Komissiyasının sədri Meri Robinsona və Beynəlxalq Amnistiya Təşkilatının ("Amnesty İnternational") Londondakı mərkəzinə məktubunda Babək qalasına yürüş iştirakçılarının beynəlxalq qaydalara uyğun olaraq ana dilində təhsil haqlarını tələb etməsinə baxmayaraq İran rejimi tərəfindən təzyiqlərə məruz qaldığını bildirirdi. Avropa Şurası (AŞ) Baş Katibliyinin siyasi işlər üzrə baş direktoru Klaus Şumman bu məktuba cavabda yazırdı: "Avropa Şurasının baş katibi cənab Valter Şvimmer məndən xahiş etdi ki, əslən Azərbaycan mənşəli olan İran vətəndaşlarının dil və mədəniyyət sahəsində müdafiəsi ilə bağlı əməkdaşlıq etdiyimizə görə sizə minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi, AŞ Avropanın qanunları ilə müəyyən olunmuş coğrafi çərçivədə fəaliyyət göstərən hökumətdaxili təşkilatdır. İnsan haqlarına hörmət və qanunla müəyyənləşmiş demokratiya əsas prinsipləri olub, müxtəlif istiqamətlərdə olan dövlətlərlə əlaqələrin və danışıqların aparılması fəaliyyətimizin başlıca şərtlərindəndir. İcazə verin, sizi əmin edək ki, Avropa Şurası mədəniyyət və dil sahəsinin qorunması yönündə işini davam etdirəcək".
2002-ci il dekabrın 15-16-da Strasburq şəhərində keçirilən Avropadakı Azərbaycan Cəmiyyətləri Konfederasiyasının II qurultayında da bu tipli müraciətlər qəbul olunmuş, BMT və AŞ-a göndərilmişdi.
Beləliklə, İran İslam Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyünü pozmağa cəhddə, 21 Azər günü Şəbüstərdə professor M.Zehtabinin məzarı üstündə baş verən qarşıdurmaları və 2002-ci ildəki kütləvi etiraz aksiyalarını, o cümlədən Babək qalasına yürüşü, Savalan dağındakı mitinqi, Səttarxanın məzarı üstündə keçirilən aksiyanı təşkil etməkdə günahlandırılaraq, həbs olunan hərəkatçıların müdafiəsi məqsədilə GAMOH, DünAz.Haq və DAK-ın xarici bürolarının, Cənubi Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların davamlı mübarizəsi, siyasi partiya və ictimai qurumların, hüquq müdafiəçilərinin cənubdakı hərəkatı müdafiə etməsi, Beynəlxalq Amnistiya Təşkilatının rəsmi Tehrana insan hüquqları ilə bağlı xəbərdarlıqları, BMT-nin Tehrandakı nümayəndəliyinin məsələyə diqqət yetirməsi, bir sözlə, İranın əleyhinə yönəlmiş daxili, regional və qlobal şərtlər rejimi yeni addım atmağa məcbur edirdi. 2003-cü il yanvarın əvvəllərində Azərbaycan məsələsinin Tehran rejiminin ali dini rəhbəri və prezidenti səviyyəsində müzakirə olunması barədə məlumatlar yayılırdı. Bu barədə ayətullah Xamneyi Təhlükəsizlik Nazirliyinə göstəriş vermişdi ki, İranda sabitliyi pozmaq istəyən qüvvələrə qarşı daxildə və xaricdə sistemli mübarizə aparılmalı, onlar üzə çıxarılmalıdırlar.
Qeyd olunan dövrdə İran ABŞ-ın regiondakı siyasətinin uğur qazanamasının qarşısında ciddi əngəllər yaradırdı və Birləşmiş Şttaların bu bölgədə əlavə müttəfiqlərə ehtiyacı var idi. "İran problemi"nin həllində Güney Azərbaycan məsələsindən İrana təzyiq vasitəsi kimi faydalanma cəhdləri həmin illərdə daha çox nəzərə çarpır. 2002-ci ilin iyununda ABŞ-da səfərdə olan Çöhrəqanlı 50-dən çox senator, konqresmen, Dövlət Departamenti və Ağ Ev rəsmiləri ilə görüş keçirmişdi. Hərbi Kəşfiyyat Agentliyinin Yaxın Şərq və Şimali Afrika üzrə Departamentinin keçmiş rəhbəri Patrik Land bildirirdi ki, ABŞ hökuməti üçün İran hökumətinə təzyiq göstərmək böyük maraq kəsb edir: "Məncə, İranın kifayət qədər dayanıqsız olması fikri düzgündür. Cənab Çöhrəqanlının başçılıq etdiyi təşkilat bu sahədə əhəmiyyətli rol ifa edə və bu təşkilatla əməkdaşlıq yaxşı nəticələr verə bilər".
Ermənilərin "Marmara" (Türkiyə) qəzetinin dünya ermənilərinin ABŞ-da nəşr etdikləri "Hayastan" qəzetinə istinadən yaydığı məlumatda bildirilirdi ki, Pentaqon dəftərxanasından son bir ayda qəbul olunan qonaqların siyahısında GAMOH lideri Çöhrəqanlının adı 8 dəfə qeyd olunub. "Marmara" yazırdı ki, Pentaqonun Çöhrəqanlı ilə işbirliyində olması ABŞ-dakı erməni diasporunun xoşuna gəlmir. Çünki o, vaxtilə "İranda 150 minə çatmayan ermənilər universitetlərdə öz dillərində təhsil aldığı halda 30 milyonluq xalqın dilinin hətta məktəblərdə də öyrənilməsinə icazə verilməməsi bir millətə qarşı edilən ən böyük haqsızlıqdır" deyib. Qəzet yazırdı ki, ABŞ erməniləri Çöhrəqanlının erməni xalqı üçün baş bəlasına çevrilmə ehtimalını istisna etmirlər. Çünki onun prioritet saydığı məsələlərdən biri İran azərbaycanlılarını müstəqil bir dövlətdə birləşdirməkdir. Həmin dövlət isə regiondakı növbəti türk dövləti olacağından bu, Ermənistana təhlükə yarada bilər. Qeyd edək ki, BMT bu ildə GAMOH-u güclü təşkilat kimi rəsmən tanımışdı və ona beynəlxalq hüquq çərçivəsində siyasi dəstək veriləcəyini, təqibə və təzyiqə məruz qalan hərəkat üzvlərinin müvafiq orqanlar vasitəsilə himayə olunacağını bildirmişdi.
ABŞ-ın Güney Azərbaycana maraq göstərməsi Azərbaycanın İran daxilində tarixən oynadığı və oynaya biləcəyi rolu qəbul etdiyinin göstəricisi idi. ABŞ-ın cənubi azərbaycanlılara yaxınlaşmasının digər səbəbi isə 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində İranda Güney Azərbaycan milli hərəkatı qədər geniş gücə və təsir dairəsinə sahib olan heç bir siyasi hərəkatın olmaması idi. ABŞ-ın Güney Azərbaycan məsələsinə diqqət göstərməsinin alt qatında yuxarıda qeyd etdiyimiz kimi, İran daxilindəki azərbaycanlıların tarixi ağırlığından faydalanmaq, onların 1979-cu ildən sonra ciddi şəkildə güclənən milli hərəkatının siyasi enerjisindən öz strateji maraqları baxımından istifadə etmək niyyətləri dayanır.
DünAzHaq da bu illərdə aktiv mübarizəsini davam etdirirdi. O, GAMOH-dan fərqli olaraq ABŞ-ın dəstəyinə etibar etmirdi. B.Rəsuloğlunun fikrincə, ABŞ-ın Azərbaycana pul ayırıb-ayırmamasına baxmayaraq, Güney Azərbaycandakı 35 milyonluq Azərbaycan türklərinin birliyi olmasa, son nəticədə uğur qazanmaq mümkün olmayacaq. Qeyd edək ki, XX əsrdə Güney Azərbaycanda baş verən milli-demokratik hərəkatların məğlubiyyətə uğramasının əsas səbəblərindən biri də böyük dövlətlərin çoxşaxəli maraqları və ikili siyasəti olub.
DAK-ın mübarizəsinə gəldikdə isə qeyd edək ki, qurum özünün VII qurultayını keçirmək ərəfəsində iki hissəyə parçalandı. DAK əvvəlcə xaricdə yaşayan azərbaycanlıların əlaqələrinin intensivləşdirilməsi, Güney Azərbaycan problemlərini həll etmək məqsədlərini qarşısına əsas hədəf kimi qoysa da sonralar şəxsi və qrup maraqları önə çıxmağa başlamışdı. Bu səbəbdən də DAK iki müstəqil qola parçalandı: DAK və Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK). Qısaca onu deyək ki, Avropadakı mütərəqqi diaspor qurumlarının bir çoxunun fəaliyyətinin zəifləməsi liderlik uğrunda mübarizənin kəskinləşməsi nəticəsində baş verib.

Yeganə Hacıyeva