Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi Güney Azərbaycan

Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi

2-ci yazı

XX əsrin 90-cı illərindən etibarən milli hüquqlar və ana dili uğrunda mübarizənin mühüm bir cəhəti yüz ildən çox tarixi olan Güney Azərbaycan diasporunun Azərbaycan (buna qədər İran) adı ilə özünü təqdim etməsi, müxtəlif səviyyəli və yönümlü təşkilatlar yaratması, onların fəaliyyətini əlaqələndirməsi və ümummilli təşkilatda birləşməyə meyl göstərməsidir. Diaspor təşkilatlarının fəaliyyətinin ən mühüm, çox zaman isə mərkəzi ünsürünü milli hüquqlar, Azərbaycan dilinin Güney Azərbaycanda hüquqlarının reallaşdırılması, genişləndirilməsi, statusunun yüksəldilməsi təşkil edir. Diaspor təşkilatları Azərbaycan dilinin və mədəniyyətinin varlığı, qorunması, fəaliyyət göstərməsi və digər xalqlara tanıdılması sahəsində geniş fəaliyyət göstərir. Yüksək səviyyəli mütəxəssisləri, nüfuzlu elm və mədəniyyət xadimlərini, maddi cəhətdən imkanlı şəxsləri özündə birləşdirən diaspor təşkilatları Güney Azərbaycan məsələsinin beynəlmiləlləşməsində mühüm rola malikdirlər. Həm Güney Azərbaycan (GAMOH), həm də diaspor təşkilatlarının səyi ilə artıq cənubi Azərbaycan məsələsi BMT, AŞ, Amnesty İnternasional və s. beynəlxalq və regional təşkilatların daim diqqət yetirməyə başladıqları məsələyə çevrilməkdədir. Bu milli hüquqlar və ana dili uğrunda mübarizədə mühüm uğur hesab oluna bilər.
Azərbaycan dilinin Əsas Qanunda təsbit edilmiş hüquqlarının təmin edilməsi, funksiyalarının genişləndirilməsi və statusunun yüksəldilməsi uğrunda mübarizə müəyyən daxili ziddiyyətlərlə müşayiət olunur. Belə ki, azərbaycanlı müxalif siyasi qüvvələr milli məsələnin həlli uğrunda mübarizə aparırlar. Milli məsələnin bu və ya digər formada həlli ana dili probleminin də həlli deməkdir. Belə yanaşmanı və həll yolunu perspektiv həll adlandırmaq olar.
Milli-mədəni cəmiyyət, qurum, təşkilatlar, hakim elitada təmsil olunmuş ayrı-ayrı azərbaycanlılar Azərbaycan dilinin hüquqlarının təmin olunması, funksiyalarının genişlənməsi və statusunun yüksəldilməsi uğrunda çıxış edirlər və onlar həmin məsələnin tezliklə həll olunmasını tələb edirlər. Belə yanaşmanı qısa müddətli, praqmatik yanaşma hesab etmək olar.
İran rejimi milli hüquqlar, ana dili uğrunda mübarizə aparan siyasi və mədəni qüvvələr arasındakı ziddiyyətdən öz maraqları istiqamətində istifadə edərək müxtəlif qrupları bir-birinə qarşı qoyaraq hərəkatı zəiflətməyə çalışır. Lakin buna baxmayaraq xaricdə və daxildə fəaliyyət göstərən müxtəlif səviyyəli təşkilatların Azərbaycan dilindən istifadə hüquqlarının reallaşması, dilin statusunun genişləndirilməsi məsələsində eyni mövqeyə malik olması ana dili məsələsinin yaxın gələcəkdə öz həllini tapacağına ümid etməyə əsas verir.
Araşdırma nəticəsində əldə edilən ən önəmli nəticələr, çıxarılan ən vacib dərslər aşağıdakılardır.
İİR-in milli və etnik azlıqlar üçün demokratik mühiti təmin edə bilməməsi və tam əksinə, fars mədəniyyəti və dilini geniş təbliğ etməsi milli özünüdərk prosesinin dərinləşməsinə səbəb oldu.
İranda güney azərbaycanlıların apardıqları ana dili və milli haqlar uğrunda mübarizəsi Güney Azərbaycanı Quzey Azərbaycana əhəmiyyətli dərəcədə yaxınlaşdırdı. Açıq-gizli dövlət dəstəyi, ictimai himayə, elmi, ədəbi-bədii və mədəni sahələrdəki yardımlar və əlaqələr öz növbəsində parçalanmış xalqın əməli şəkildə də olmasa mənən-ruhən bütövləşməsi, parçalanmış vəziyyətdən doğan əziklik kompleksindən xilas olması, güneylilərə özlərini tənha, arxa-dayaqsız hesab etməməsi kimi əlavə psixoloji dəstək deməkdir.
Ana dili uğrundakı mübarizə milli məsələyə romantik-sentimental baxışları dəyişdirib onu bütün cənublu milli qüvvələrdən ötrü ən aktual ictimai məsələ səviyyəsinə qaldırdı və milli konsolidasiyanı gücləndirdi. Ana dili uğrundakı mübarizə milli maarifçilik ənənələrinin güclənməsinə gətirib çıxardı. Güneylilərdə anadilli nəşrlərə, milli mədəniyyətləri və varlıqları ilə bağlı əsərlərə maraq artdı. Bu da son nəticədə güneylilərin uzun illər əziyyət çəkdiyi dərin milli kültür böhranının qismən də olsa aradan qaldırılmasına səbəb oldu. Güney milli qüvvələrin ana dili uğrundakı çoxillik mübarizəsi onlara vahid milli mənafe ətrafında təşkilatlanma təcrübəsi verdi, beləliklə də gələcək fəaliyyət üçün mükəmməl modellər tapmaq asanlaşdı.
Milli hərəkat hər şeydən əvvəl ona gətirib çıxardı ki, cənublu milli qüvvələrin milli haqlar uğrundakı mübarizəsi bir sosial hərəkat olaraq milli özünüdərki birbaşa və ya dolayı yolla ləngidən hər cür siyasi-ideoloji element və "izm"lərdən azad olub təmizləndi. Bu mübarizə nəzərə çarpacaq köklü dəyişikliklərə səbəb olmasa da, təsirsiz də deyildi. Belə ki, bu mübarizə İran hakimiyyətinin Güney Azərbaycanda dil probleminə həssas yanaşmağın vacibliyinə inandırmaq baxımından təsirlidir. Güney azərbaycanlılar ana dilinin hüquqlarının genişləndirilməsi məsələsini beynəlxalq hüququn prinsipləri kontekstində, müasir dünyanın demokratiya, insan haqları kimi bəşəri dəyərləri fonunda beynəlxalq problem kimi qoyurlar.
Bunula belə, bu mübarizənin gedişində meydana çıxan neqativ cəhətlər də vardır. Tarixi, ideoloji, siyasi və təcrübi aspektlərin fonunda formalaşan etnopsixoloji problemlər və eyni zamanda etnogenetik səbəblər üzündən İranda yaşayan Azərbaycan türklərinin kütləvi şəkildə hərtərəfli yetişməməsi bu sıradandır. Hərəkatı ideoloji cəhətdən tam formalaşdıran, inkişaf etdirən, dərinləşdirən konsepsiyalar hələ də yetərincə deyil. İran daxilindəki azərbaycanlı milli qüvvələrlə digər milli və etnik azlıqların milli hərəkatları arasında əlaqənin zəifliyi, koordinasiyalı fəaliyyətin olmaması, təşkilatlar daxilində liderlik uğrunda bitməyən mübarizə, qarşı tərəfi siyasi damğalarla ittiham etmək, "Quzeyə çox bağlanaq, yoxsa Güneyə" sualının hələ də həllini tapmaması, güneylilər üçün obyektiv olaraq xarakterik olan milli mədəniyyət və dil böhranının hələ də tam aradan qalxmaması, mənfi təcrübələrin təsirindən tam qurtulmamaq və s. bu kimi amillər öz sözünü hələ də deyir. Onların aradan qaldırılması isə gələcək fəaliyyətin aparıcı qüvvələrinin üzərindədir.
Hadisələrin 2005-ci ildən sonrakı inkişafı göstərdi ki, İİR-in hakim paniranist qüvvələrinin İranda türk (Azərbaycan) dilini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdləri əks-nəticələr doğuraraq İran türklərinin milli özünüdərk prosesinin dərinləşməsinə, etno-milli hüquqlar uğrunda mübarizənin daha çox milli-siyasi yöndə davam etməsinə rəvac verdi. Etno-mədəni və etno-dil azadlığı uğrunda mübarizənin dönüş nöqtəsi 2006-cı ilin may və iyun aylarında İranda, əsasən də Güney Azərbaycandakı ostanlarda baş verən genişmiqyaslı, davamlı iğtişaşlar azərbaycanlıların öz milli ləyaqət, məhdud etnomilli hüquq və azadlıqlarını qorumaq, genişləndirmək əzmində olduğunu nümayiş etdirdi. Belə ki, 12 may 2006-cı il tarixində rəsmi "İran" qəzetində türklərin təhqir olunmasından qısa zaman keçəndən sonra Güney Azərbaycanda minlərlə etirazçının qatıldığı nümayişlər zamanı bəzi yerlərdə hökumətin silahlı qüvvələri ilə aksiyaçılar arasında qarşıdurmalar belə baş verdi. "Mən türk olmağımla fəxr edirəm", "Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycandan əlini çək" kimi siyasi şüarlar səsləndirən etirazçılar hətta Urmiya şəhərində televiziya ötürücüsünü, eləcə də Sulduz şəhərində bələdiyyə binasını ələ keçirərək az bir müddət əldə saxladılar. Böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan yerli polis qüvvələrinin öz soydaşlarına qarşı çıxmaqdan imtina etməsi, iş adamlarının (Təbriz, ardından Tehran bazarının azərbaycanlı iş adamları) mübarizəyə dəstək verməsi həmin sosial-peşə və sosial-iqtisadi qruplarda təmsil olunan azərbaycanlıların yüksək milli şüura malik olduğunu göstərirdi.
Artıq kök salmış sosial, siyasi və etno-mədəni problemlərin dərinləşməsi fonunda meydana gəlmiş may hadisələri Güney Azərbaycanda milli hərəkatın yalnız siyasi fəal azərbaycanlıların hərəkatı olmadığını, Azərbaycan xalqının geniş kütlələrinin öz etnomilli maraqlarını müdafiə etməyə hazır olduğunu nümayiş etdirdi. Həmin hadisə milli hərəkatın mədəni fəaliyyət mərhələsinin uğurla keçdiyini sübut etdi. 2006-cı ilin may hadisələri İranda mövcud rejimə Azərbaycan məsələsinin, o cümlədən ana dilinin statusu probleminin gözardı ediləcək bir məsələ olmadığını anlatdı. İran hökuməti sürətlə siyasiləşən milli hərəkatı zəiflətmək üçün fəaliyyətini müxtəlif istiqamətlərdə genişləndirdi. Hakimiyyət milli qüvvələrə qarşı repressiyalardan tutmuş, problemin "həlli" ilə bağlı rəsmi siyasi gedişlərə qədər müxtəlif vasitlərə əl atdı. Aparılan araşdırma və hesabatlarda qeyd edilən hadisələr zamanı yüzlərlə insanın həbsi, onlarla silahsız etirazçının cəza dəstələri tərəfindən öldürülməsi faktları təsdiq olunmuşdur. Hakimiyyətin yalnız siyasi deyil, həm də mədəni sahədəki fəaliyyətə təzyiqləri gücləndi. Güney azərbaycanlı milli ziyalılarından olan H.Raşidi, Ə.Sərrafi, din xadimi höccətülislam Əzimi Qədimi, Təbrizdə fəaliyyət göstərən "Azərbaycan" musiqi məktəbi və ocağının rəhbəri Həsən Dəmirçi həbs olundular. Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində yerləşən universitetlərin azərbaycanlı müəllim və tələbələr tərəfindən nəşr edilən "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttarxan", "Yağış", "Ar- man", "Səhənd", "Bulud", "Sayan", "Aydın Gələcək","Ana Yurd", "Səhər", "Açıq Söz", "Birlik", "Günəş", "Kimlik" və "Yoldaş" və bəzi digər mətbu orqanlar bağlandı. Qumda yaşayan azərbaycanlılar üçün Azərbaycan dili kurslarını təşkil edən yeganə ədəbi dərnək olan "Müqəddəs Ərdəbili"nin fəaliyyətinə qadağa qoyuldu, aşıqlardan ibarət 13 nəfərlik qrup həbs edildi.

Yeganə Hacıyeva