İranda daha üç azərbaycanlı fəal həbs edilib Güney Azərbaycan

İranda daha üç azərbaycanlı fəal həbs edilib

İranda azərbaycanlı fəalların həbsi səngimir.
APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, fevralın 20-də İranın Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) və Binab şəhərlərində daha üç nəfər tutulub.
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Səccad Əfruzan və Kərim Fəyyazini Məlikkəndi, Bəhmən Xaliqini isə Binab şəhərində həbs ediblər. Onların nədə günahlandırıldığı və hazırda harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur. Həbslərin 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə həyata keçirildiyi ehtimal olunur.
Qeyd edək ki, ötən gün İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi həbs həyata keçirilib. İran nizam-intizam qüvvələri (polis) azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evinə basqın ediblər. Buna səbəb azərbaycanlı fəalların 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə tədbir keçirmək üçün toplanması olub. Ona görə də İran nizam-intizam qüvvələri ilə birlikdə əraziyə 15-ə yaxın polis avtomobili gəlib. Nəticədə polislərlə azərbaycanlı fəallar arasında toqquşma baş verib. Polislərin tanınmış azərbaycanlı fəal Abbas Lisaninin üzərinə silah çəkərək təhdid etdiyi, bəzi soydaşlarımıza qarşı zor tətbiq etdiyi bildirilir. Toqquşma yüzə yaxın azərbaycanlı fəalın həbsi ilə nəticələnib. Hazırda onların harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. Saxlanılanlardan yalnız 63 nəfərinin ad və soyadları məlumdur, digərlərinin kimlikləri isə dəqiqləşdirilir. Onların arasında Abbas Lisani, İbrahim Rəşidi Savalan, Vəhid Faizpur, Meysəm Azadi, Ruzbeh Səadəti, Fərdin Muradpur, Əsgər Əkbərzadə, Rəhim Qulami, Səccad Culani, Meysəm Culani, Əkbər Əbulzadə, İbrahim Nuri, Abbas Nəzəri və başqaları var.