Səməd Behrəngi yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi...     - 3-cü yazı Güney Azərbaycan

Səməd Behrəngi yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi...     - 3-cü yazı

Əsər hansı cəhətlərinə görə bu gün də öz aktuallığını saxlayır və sətiraltında gizli böyük mənaları ilə diqqət çəkir? Ədib ilk başlanğıcdan vurğulayır ki, sükunət məğlubiyyətdir, hərəkət etmək, mübarizə aparmaqsa istəyinə nail olmağın ən kəsə yoludur. Dünyanı, coğrafiya elmini, haradan gəlib haraya getdiyimizi, ilkimizi və sonumuzu öyrənmək, bilmək lazımdır, - yazan Səməd uşaqlara Qaraca balığın dili ilə öyrədir ki, "Hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da var. Bütün çaylar və arxlar axıb dənizə tökülür. Ancaq bəziləri də bataqlıqlara hopur...”
Ayın söylədiklərinə əsasən isə diqqəti ay işığının necə yarandığına yönəldir: "Sevgili Qaraca balıq, mənim işığım yoxdur. Mən işığı günəşdən alıb yerə göndərirəm...” Bu sözlərdən sonra əsas mətləbin üzərinə gəlir, əgər insan-sətiraltında isə bir xalq (əsarətdə olan Güney türkləri) əgər istəsə, hər şey əldə edə bilər: - Sən heç bilirsənmi ki, insanlar uçub gəlib mənim üzərimə qonmaq istəyirlər? Çətin işdir, ancaq insanlar istədikləri hər şeyi…” həyata keçirə bilərlər, yetər ki, istəsinlər...
Cəsarət və bilik bütün bağlı qapıları insanın üzünə açır və müşkülləri asanlaşdırır, - kimi mətləbləri Balaca qara balığın dostlarının fikirləri ilə kiçikyaşlı oxucularına çatdırır: "Sən bizi cəhalət yuxusundan oyatdın. Bizim ağlımıza gəlməyən şeyləri sən bizə öyrətdin. Görüşmək üzrə qorxmaz və bilgin dost!”
Vurğuladığı önəmli mətləblərdən digərini isə sətiraltı deyil, açıq şəkildə bəyan edir: - Güc birlikdədir! Səməd Behrəngi "El bir olsa, zərbi kərən sındırar” gerçəyini Balıqudan quşunun: "...dəniz axtarışında olan balıqlar o qədər çoxalmışlar ki, balıqçılar balıq tutmaq üçün dənizə tor atanda toru dartıb balıqçıların əllərindən çıxarır və dənizin dibinə aparırlar”, - sözləri ilə ədəbi müstəviyə gətirir. El-obaya, xalqlara bədbəxtlik, ölüm gətirən qara qüvvələrin, xəbis niyyətli insanların iç üzünü açır, uşaqlara Balaca qara balığın dili ilə anladır ki, azadlıq verilmir, alınır. Bunun üçün çaba göstərmək, planlı şəkildə hərəkət etmək gərəkdir: "Arxadaş, ağlamaq, ananı çağırmaq çarə deyildir. Qalx və öz azadlığının uğrunda fikirləş, bir iş gör!..”
Hakim sinfin əsrlərdən bəri yürütdüyü "Parçala, daxili iğtişaşları alovlandır, təriqət davalarına meydan ver, insanları bir-birinin canına salışdır, rahatca hökm sür” siyasətinin davam etdiyinə Balıqudanın “Azadlığınızı qazanmaq üçün o qara balığı öldürməlisiniz!” sözləri ilə diqqət çəkən Səməd Behrəngi vurğulayır ki, düşmənin məkrli siyasətinə uymaq olmaz: "Mütləq onun təklifini qəbul etməyin. Bu riyakar balıqudan istəyir bizi bir-birimizə öldürtsün. Mənim bir planım var…”
O, uşaq saflığı ilə düşünür ki, həyatda hər şeyin bir əvəzi var, əgər mən (sətiraltında) heç kimlə düşmənçilik etmirəmsə, nə üçün düşmənçilik və pislik görməliyəm, nədən mən “yeyilməliyəm?”: "Balıqudan quşun gücü mənə çatarmı? Ancaq mən ki ona heç pislik etməmişəm, bizim ki aramızda heç bir düşmənçilik yoxdur, nədən məni yemək istəsin?”
Yersiz lovğalıq və təkəbbür, xudbinlik, cahillik, savadsızlıq bütün bəlaların törədicisi kimi onun əsas tənqid hədəfləri idi. Özlərini əsl-nəcabətli, ulu soylu, bütün yaradılmışlardan gözəl sayan çömçəquyruqlara cavabında onun tənqid hədəfi və istəyi bir daha aydınlaşır: “Sizin özünüzü bu qədər bəyənmiş olmanızı heç ağlıma gətirməzdim. Ancaq olsun, mən sizi bağışlayıram. Çünki bütün söylədikləriniz cəhalətiniz və bilgisizliyiniz üzündəndir. Cahil olmasaydınız, bilərdiniz ki, dünyada sizdən fərqli çoxları var ki, görkəmləri özləri üçün çox da sevimlidir”.
Mövcud durumdan ağılla düşünüb çıxış yolu tapmağın da mümkünlüyünü göstərir. “Niyə məni diri-diri udmursunuz? Mən o balıq növlərindənəm ki, öldükdən sonra bədənləri zəhər tuluğuna dönür...” Tədbirli və ağıllı Qaraca balığın qurğusu işə yarayır. O, ağılla düşünərək Balıqudan quşun kisəsindən-ölümün pəncəsindən, xilas olur, ancaq tamamilə qurtula bilmir, çünki Balıqudan quş ildırım sürəti ilə şığıyıb onu yenidən ovlayır və elə diri-diri udur. Yırtıcı quşun kisəsində ovlanmış çoxlu sayda soydaşlarını görən Qaraca balıq “naqqanı öldürmək və bütün balıqları bu qəddar heyvanın təhlükəsindən qurtarmaq istəyi ilə” Qızboğanın bağışladığı qılıncla kisəni yırtaraq soydaşlarını xilas edir, özü isə müəmmalı şəkildə yoxa çıxır...
Qızboğanın: “Mən artıq getməliyəm. Çocuqlarım yuxudan oyanmışlar”, balıqlardan birinin isə "Xanım, övladını lazımınca tərbiyə etməmisən, indi də cəzasını çəkirsən”, - fikirləri ilə valideynlərə övladlarını doğru-düzgün tərbiyə etməyin, hər işdən öncə uşağa məhəbbət və şəfqət göstərməyin gərək olduğunu xatırladırdı...
İnsanlar üçün, bətnindən doğulduğu xalq, el üçün gərəkli olmaq, ömrü mənalı yaşamaq, başqalarına faydalı olmaq gerçəyini anladırdı. Milli hərəkatın manifesti kimi dəyərləndirilən "Balaca qara balıq” hekayəsində də bu tendensiya qabarıqdır: “Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir...” Səməd Behrəngi örnək olası yaşamı və ölümü ilə o təsiri göstərdi.
Çox gənc çağında, 29 yaşında, 1968-ci ilin 31 avqust günündə İranda, Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulan Səmədin İran dövlətinin gizli təşkilatı olan SAVAK tərəfindən öldürüldüyü güman edilir. Bu ölümü müəmmalı, sirli edən, gümana çevirən, həm də səbəblərini bəlirləyən bir məqam üzməyi bacarmayan Səmədin Araz çayına çimmək üçün (özü də avqustun sonunda) baş vurması idi. Digər məqam isə üzməyi bilən bir öyrətmənin bu cür asanlıqla çayda boğulmasıdır. Halbuki insanlar Böyük Azərbaycanın Quzeyindən Güneyinə bu çayın içərisindən keçiblər... Hadisə bir, gümanlar min olur həmişə... Amma Səmədin imperiya güclərinin əli ilə 1828-ci ildə Türkmənçay "sülh” müqaviləsi adı ilə iki yerə bölüşdürülmüş Azərbaycanı məkan olaraq həm ayıran, həm də birləşdirən bir çayda-Arazda boğulması faktının özü əməlli-başlı bir müəmmadı... İnsanlara və uşaqlara bilik-işıq ötürən, özü də onları cəhalət və səfalətdən xilas yolunu göstərən işığa çevrilən sevimli müəllimlərinin ölümünə şagirdləri heç vəchlə inanmadılar, bu hadisəni baharın yerini qışın alması, baharla bərabər bülbülün uçub getməsi və yerinə lənətə gəlmiş qarğanın qonması kimi obrazlaşdırdılar və getdiyi yola çıxıb göz yaşları içərisində günlərlə onun yolunu, gəlişini gözlədilər... O isə gəlmədi...
Səmədin bütün xalqı göz yaşında boğan və 31 avqust 1968-ci il tarixində gerçəkləşən ölüm olayı ilə bağlı hər bir soydaşı kimi böyük bir faciə yaşayan və bu xəbərə inana bilməyən yaxın dostu, ünlü yazar Cəlal Əl-Əhməd yazırdı: “İndi mən necə inanım ki, Səməd ölübdür? Olmaya “Balaca qara balıq” yenidən doğulmaq üçün Araz çayı ilə Xəzərə qovuşub? Bir ənənənin, bir dilin, bir ulusun ortağı olan çayda boğulub Səməd. Mədinə müsəlmanlar üçün necə müqəddəs idisə, Araz da Səməd üçün o qədər müqəddəs idi”.
Və Səməd onun nəzərində "tək başına bir xalqın ana dilinə olan borcunu ödəməyi boynuna götürən” (Varlıq, 1359 (1979), Sayı: 6, s.73) bir yazar idi...
Mahmud Dövlətabadi onunla son görüşünü belə xatırlayır: “O getdi. Dönüb arxasınca baxdım. Çiyinlərini sallayıb, başını aşağı dikmişdi, yavaş-yavaş uzaqlaşır, sol yönə gedirdi. Mən isə donub qalmışdım, haraya getdiyimi bilmirdim…”
Bəlkə o da eynilə Araz çayının kənarında gecələr Ayı, gündüzlərsə Günəşi qarşılayan kəndin "çayda paltar yuyan qadın və qızlarının mahnılarını dinlədikdən, bir sürə də çayda çimən uşaqlara tamaşa etdikdən sonra yolçuluğuna davam edən” qəhrəmanı Balaca Qara balıq kimi yeni, daha böyük dünyanı axtarmağa, şagirdlərinin minlərlə sualının doğru cavabını tapmağa getdi?..
Getdi, amma o, artıq özünün neçə-neçə davamçısını yetirmişdi, balaca qırmızı balıq kimi... Nənə balığın “Balaca qara balıq” nağılını dinlədikdən sonra yatan “on bir min doqquz yüz doxsan doqquz kiçik balığın içində bütün gecəni oyaq qalan və səhərədək yalnız dənizi düşünən, yeni dünyaya çıxmaq eşqi ilə yerində çabalayan balaca qırmızı balıq kimi... Geniş dünyaya – azadlığa çıxış yolunu göstərən işıq kimi...
“Göbələk doğulmamışam ata-anasız, ancaq göbələk kimi göyərdim, amma göbələk kimi tez ayaqdan düşmədim. Hər yerdə bir şeh vardısa özümə çəkdim. Məni suvaran olmadı. Göyərdim. İydə ağacı kimi əyri-üyrü və az suya qane olub, Azərbaycan kəndlərinin öyrətməni oldum”, - deyən Səməd Behrənginin ölümün¬dən az keçmir ki, həm də öyrətməni olduğu əqidədaşları Behruz Dehqani, Ə.Manaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani onun önərdiyi yolu tutaraq "Fədayane Xəlq-Xalq fədailəri” təşkilatını yaradaraq milli mübarizəyə başlayırlar...
O, özündən sonra belə silinməz iz qoydu, əbədi olaraq yaddaşlara, könüllərə köçdü. Qutsal əməlləri və bənzərsiz əsərləri, dərin yaşam fəlsəfəsi Səməd Behrəngi yolunu-məktəbini yaratdı. Bu fəlsəfə neçə-neçə əsərin, tədqiqatların, kitabların möv¬zu¬suna çevrildi. Abdulla Əmir Haşimi (Cavanşir), Qulamhüseyn Səidi, Məhəmmədəli Fərzanə, Ehsan Təbəri, Mahmud Dövlətabadi, Ömər Özkan, Məftun Əmini, İsmayıl Ülkər (Mədədi), Sabir Nəbioğlu (Əmirov), Vaqif Sultanlı, Qulamrza Səbri Təbrizi və b. göz yaşlarınnı içinə axıda-axıda dəyərli yazılar qələmə aldılar, İlqar Əlfioğlu isə povest və hekayələri¬ni topladığı “Məhəbbət nağılı” kitabına dəyərli ön söz (Bakı: "Azərnəşr", 1984) yazdı... Bulud Qaraçorlu Səhənd "Qurbanımı qəbul elə Araz”, Əlirza Nabdil Oxtay "Səməd könlümdədir”, K.M.Sönməz “İki Səməd, iki tale”, M.Q.Qaflantı "Mən Arazam” şeirlərini, Hüseyn Düzgün isə "Səməd Behrəngi” poemasını onun əziz xatirəsinə həsr etdilər...
Düşünürəm ki, böyük Səməd Behrəngiyə həsr edilmiş şeir, elegiya və məqalələrdəki fikirlərin ən bitkin poetik ifadəsi Bulud Qaraçorlu Səhəndin “elin dəyərli balasının” faciəli ölümündən on gün sonra, 6 Sentyabr 1968-ci ildə yana-yana yazdığı “Qurbanını qəbul eylə, Araz!” adlı ağı, həm də üsyan şeirində yansıyır:

Səməd! Kimi çağırım?
Nə qədər bağırım, Səməd!
Nə yazım Səməd?!
Dənli xərmənimin yanmasın yazım?
Sərin su kuzəmin calanmasın yazım?
Dağlı sinəmin alovlanmasın yazım?
Mən sənə nə yazım Səməd?
Həsrətim kimi yaxacaq?
Göz yaşıma kim baxacaq?
Araz yenə də axacaq!
Söylə mənə, söylə Araz!
Nədən bizlə oldun belə Araz?
Kəsdin iki qardaş arasın
Aldın Muğanın Sarasın
Boğdun elimin dəyərli balasın!
Bəsdir! Bəsdir!
Qurbanımı qəbul elə Araz...


Arazın qurbanı sıradan biri deyildi... Bu dəfəki qurban XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri, hekayə və povest yazarı, xalqının, ana dilinin və odlar yurdunun pərvanəsi, azadlıq fədaisi, ədəbiyyatşünas, kamil pedaqoq, publisist, tərcüməçi, uşaqların "ustad” deyib sevdikləri, gedişi ilə onları yetim qoyan mənəvi ata, qeyri-adi istedad və zəka sahibi Səməd Behrəngi idi... Adını və soyadını daşımaqdan bu gün minlərlə davamçısının şərəf duyduğu müəllim-insan idi... Görəsən Araz qurbanına yenə də mi: “Araz üstə, buz üstə, Kabab yanar köz üstə, Səmədi öldürdülər, Danışdığı söz üstə!” - deyib göz yaşlarıyla ona layla deyir?!..

Esmira Fuad
filologiya üzrə elmlər doktoru