Klublarımız Avropa Liqasında: yeni format, yeni ümidlər İdman

Klublarımız Avropa Liqasında: yeni format, yeni ümidlər

Avropa Liqasının yeni mövsümünün konturları bəllidi. Apasport.az saytı qitənin ikinci dərəcəli klub turnirində çıxış edəcək 3 komandamızın, həmçinin Çempionlar Liqası ilə erkən vidalaşa biləcək təmsilçimizi nələrin gözlədiyinə aydınlıq gətirir. Yeni formatda keçiriləcək bu dəfəki yarış ən zəiflərin qatılacağı ilkin mərhələdən başlayacaq. Azərbaycan kubokunun qalibi, həmçinin Premyer Liqanın gümüş və bürünc mükafatçısı I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Burada 86 komandaya əvvəlki raundun 8 qalibi qoşulacaq. Klublarımızın bu mərhələdə səpələnmişlərdən olması, asan rəqiblə qarşılaşması gözlənilir.
Artıq II təsnifat mərhələsindən nəhəng futbol ölkələrinin iddialıları mübarizəyə start verəcək. Növbəti raundda da Avropa Liqasının imicini qaldıra biləcək güclü komandalar yarışa start verəcək. Çempionlar Liqasının bəzi uğursuzları da bu siyahıya qoşulacaq. Düzdü, IV təsnifat mərhələsi, yəni pley-offa yeni klub olmayacaq. Yalnız əvvəlki raundun qalibləri 13 vəsiqə üçün vuruşacaq.
Daha 8 vəsiqə Çempionlar Liqasının Çempionlar yoluna veriləcək. Yeni mövsümdən qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan bütün çempionlar uduzan kimi Avropa Liqasına yollanacaq. Hətta ilkin mərhələnin də uğursuzları bu yolla transferə məruz qalacaq. Azərbaycan çempionu ÇL-in pley-offuna qədər irəliləməsə, Avropa Liqasında – Çempionlar yolu üzrə irəliləməyə çalışacaq. Burada 3 mərhələdə mübarizə aparacaq çempionlar ikinci dərəcəli klub turnirinə düşməyə cəhd edəcək. Avropa Liqasının qrup mərhələsinin daha 10 komandası Çempionlar Liqasından gələcək. 17 klub isə yeni mövsümə elə qrupdan başlayacaq.