“Sumqayıt”ın prezidenti “Neftçi“yə baş məşqçi axtarır İdman

“Sumqayıt”ın prezidenti “Neftçi“yə baş məşqçi axtarır

Başa çatan mövsümü üçüncü pillədə tamamlayan "Neftçi" baş məşqçi axtarışına çıxaraq Marius Şumuditsaya təklif göndərib. Lakin rumıniyalı mütəxəssis bakılıların bu təklifini rədd edib. "Ağ-qaralar"ın son olaraq "Kayserispor"da çalışan Şumuditsaya təklif göndərməsi heç də təsadüfi deyil. Belə ki, rumıniyalı çalışdırıcı "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə tanış simadı. Onu "Neftçi"yə də məhz Rəfiyev məsləhət görüb.
Əslində, bu keçidin baş tutması ikitərəfli problemin həllinə hesablanıbmış. Məsələ burasındadı ki, Kamran Quliyev "Sumqayıt"ın prezidenti olarkən "kimyaçılar"ın baş meneceri Ceyhun Sultanovla birlikdə klubun növbəti mövsüm üçün nəzərdə tutulan büdcəsini xərcləyiblər. Bu isə AFFA-dan "Sumqayıt"a prezident təyinatı alan Riad Rəfiyevi çətin duruma salıb. Belə olan halda isə "Sumqayıt"da vəzifədə olarkən futbolçulardan transferləri üçün şirinlik alan Quliyevlə Sultanov mövcud problemin həlli üçün səfərbər olublar. Nəzərə alaq ki, yeni baş məşqçinin gətirilməsi həm də Kamran Quliyevgilin yaxşı qazanc əldə etməsi deməkdi.
Qeyd edək ki, Kamran Quliyev bir müddət əvvəl gülməli addımı ilə qınanmışdı. "Neftçi" azarkeşlərinin sosial şəbəkədə keçirdiyi "Tərlan Əhmədov getsin, yoxsa qalsın?" sorğusuna qatılan klub prezidenti "getsin"i seçməklə, fərqinə varmadan özünü ifşa etmişdi.